Yaxşı əti və yaxşı dönəri necə ayırd etmək olar? – RAMİZ SALMANOV

“Türkiyədə quş qripinin insan üçün təhlükəli növü yayıldığına oradan ölkəmizə quş əti və yumurta məhsulllarının idxalı müvəqqəti olaraq dayandırılıb. Lakin bu, bazarda qıtlığa və ya qiymət artımına səbəb olmayacaq”.

 

Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlığa Nəzarət Xidmətinin sektor müdiri Ramiz Salmanov deyib.

 

Ramiz Salmanov son günlərdə Türkiyədən quş əti və damazlıq yumurta məhsullarının idxalının dayandırılmasına aydınlıq gətirib: “May ayının 5-dən Azərbaycanda quş qripi ilə bağlı monitorinqlərin ikinci mərhələsi başlayıb, quş qripi baxımından hal-hazırda ölkəmizin epizootik durumu sabitdir. Beynəlxalq epizootik büronun məlumatlarına görə, Türkiyənin Balıkkəsir bölgəsində toyuqlar arasında quş qripi insan üçün təhlükəli olan H5N1 tipi  aşkar olunub. Buna görə də ölkəmizə Türkiyədən diri quşun, quş məhsullarının, damazlıq yumurtaların idxalı müvəqqəti olaraq dayandırılmışdır. Azərbaycanın yerli quşçuluq sənayesinin hazırda istehsal etdiyi məhsul miqdarı ölkə əhalisinin tam təmin edəcək qədərdir. Bizim sexlərdə dünya standartlarına uyğun texnologiyalarla istehsal prosesi gedir, quşların insan əli dəymədən kəsilməsi, təmizlənməsi yüksək səviyyədə təşkil olunmuşdur”.

 

Qonaq küçələrdə fəaliyyət göstərən dönərxanalarda sanitar-gigiyenik qaydaların ciddi şəkildə pozulmasına da münasibət bildirib: “Bu cür ayaqüstü qəlyanaltı məhsullarından istifadə edənlərin 85-90 faizə qədər bizim gənclərimiz, tələbələrimiz, şagirdlərimizdir. Bakıda dünya standartlarına uyğun şəkildə dönər istehsal edən müəssisələr fəaliyyət göstərir. Onların hazırladığı məhsul şəhərdəki dönərxanaların 25-30 faizini verilir. Digər obyektlərdə gün ərzində bazarlardan, marketlərdən alınmış quş əti, və ya heyvan ətindən istifadə olunur.  Onların əksəriyyətində soyuducular yoxdur, buna görə də ət soyudulmadan birbaşa şişə taxılır müəyyən temperaturda bütün gün ərzində bişirilir. Bu zaman bakterioloji çirklənməyə münbit şərait yaranır. 10-12 radiuslu dönərdə ət bişdikcə, onun 2 sm-lik bişirsə, qalan 8 sm qalınlığında olan hissəsində 25-30 dərəcə temperatur yaranır və bu temperaturda bakteriyaların əmələ gəlməsi və artması asandır”.

 

Dövlət Baytarlığa Nəzarət İdarəsinin rəsmisi təhlükəsiz və standartlara uyğun hazırlanan dönəri necə ayırd etmək barədə də məlumat verib: “Standartlara uyğun olan dönər təzə kəsilmiş quş və ya mal ətindən hazırlanır, xüsusi avadanlıqlar vasitəsilə sümükdən ayrılır, sonra xüsusi dönər şişinə yığılaraq mənfi 40 dərəcəyə qədər soyudulur. Bu qaydada hazırlanmış dönər ocağın üstünə qoyulduqda temperatur maksimim 5 sm dərinlikdə 2-3 dərəcə aşağı düşür, bu isə şişdəki ət qurtarana qədər orda maksimum müsbət 10 dərəcəyə qədər temperaturun yaranması deməkdir. Belə şəraitdə heç bir bakteriyanın inkişaf etməsi mümkün deyil”.

 

Dönərxanaların fəaliyyətinə vətəndaşların da tələbkar yanaşmasının əhəmiyyətindən danışan qonaq bu sahədə hamını məsuliyyətli olmağa çağırıb: “Biz mütəxəssis kimi KİV-dən istifadə edərək sözümüzü deyirik, amma əslində, vətəndaşlar özləri standartlara uyğun olmayan dönərxanaları tərk etməli və onların xidmətindən istifadə etməməlidirlər. Belə olarsa, primitiv qaydada dönər hazırlayan sahibkar nəticə çıxarar və işini standartlara uyğun qurar”.

 

Ramiz Salmanov son vaxtlar at ətinin satışı ilə bağlı qanun pozuntularına da aydınlıq gətirib: “Əslində baytarlıq sanitariya qaydalarına uyğun at əti heç də insan qidası üçün qorxulu və təhlükəli bir ərzaq məhsulu sayılmır. Bizim Respublikanın bazarlarında fəaliyyət göstərən baytarlıq ekspertiza sanitariya laboratoriyasının əsasnaməsində qeyd olunur ki, bazarlara ayı əti, dovşan əti, at əti gətirmək olar. Lakin mentalitetimizdə at və uzunqulaq ətinin yeyilməsi qəbul edilmir. Məsələnin qanun pozuntusu ondan ibarətdir ki, at əti öz adı ilə yox, qaramal əti adı ilə satılır. Qeyri-qanunu yolla, mənşəyi məlum olmayan ətlərin əhaliyə satılması artıq cinayət məsuliyyəti hesab olunur”.

 

Mütəxəssis keçə il iribuynuzlu mal-qara arasında yayılan xəstəliyin bu il təhlükəli olmayacağını bildirib: “İribuynuzlu mal-qarada nodulyar dermatit xəstəliyi ekzotik xəstəlik sayılır ki, əsasən Kür-Araz ovalığı ətrafında olan rayonların əksəriyyətində yayılmışdı. Bu xəstəliyin törədicisi  qansoran həşəratlardır. Əsasən yüksək hərarətlə müşayiət olunan bu dəri xəstəliyi əslində müvafiq müalicə ilə 3-4 gün ərzində tam sağalır. Keçən il bununla bağlı fermerlər arasında təbliğat apardıq, monitorinqlər keçirtdik”.

 

Mərkəzləşmiş ət kəsimi məntəqələrinin təşkili ilə bağlı məlumat verən qonaq tezliklə bu layihənin gerçəkləşəcəyini deyib: “Bakı şəhərinin 3 istiqamətdən giriş yolları var, paytaxta isə diri və yaxud kəsilmiş heyvanlar rayonlardan gəlir. Hazırda paytaxtda 8-ə yaxın müəyyən baytarlıq tələblərinə uyğun kəsim sexləri var, bu da tələbatın 30 faizini ödəmir. Bundan başqa, ayrı-ayrı yerlərdə yüzlərlə kəsim məntəqələri var. Bunların hamısını birləşdirib Bakı şəhərinin ətrafında 3 yerdə cəmləşdirilməsi fiziki cəhətdən vaxt tələb edən məsələdir, bu işin qanunvericilik bazasının hazırlanması da vaxt tələb edir. Bu iş hal-hazırda aktualdır və tezliklə öz həllini tapacaq və Azərbaycanda Avropa standartlarına uyğun kəsim məntəqələrinin yaradılması reallaşacaq”.

Müəllif | Apa.Tv
Apa.tv