Tahir Əmiraslanov: “16-cı əsrdən bəri ermənilərin heç bir mənbələrində lavaş və dolma sözünə rast gəlinmir”
“Dünyanın ən qədim samovarı Şəkidə tapılıb, onun 3700 il yaşı var”.
“Artıq 25 ildir ki, Ermənistan dünyada kulinariya üzrə keçirilən heç bir konqresə, konfransa dəvət almır”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov deyib.
Azərbaycan mətbəxinin təkcə Qafqazda yox, bütün dünyada fərqləndiyini deyən qonaq milli kulinariyamızın tarixi ilə bağlı məlumat verib: “Azərbaycanın fərqli fauna və floraya malik olması fərqli mətbəx üçün bazadır. Elə bir xalq yoxdur ki, bizim mətbəxdə onun xoşuna gələn yeməklər olmasın, bu, təbiətin bizə verdiyi bir üstünlükdür. Azərbaycan kulinariyasının tarixi 14-15 min əvvələ gedib çıxır. Qobustan qayalarında heyvanın ət bölgüsünün rəsmi var. Tovuzdan tapılan heyvan sümükləri göstərir ki, 6 min il qabaq bizdə heyvanlar, quşlar əhliləşdirilib, 5-6 min yaşı olan nehrə bizdə həmin dövrdə qatıqdan yağ alındığını sübut edir. Dünyanın ən qədim samovarı Şəkidə tapılıb, onun 3700 il yaşı var. Müxtəlif dinlərin təsiri, ticarət və müharibə yollarının üstündə yerləşməsi bizim mətbəxə təsir edib, çayın, qəhvənin Azərbaycana gəlməsinə səbəb olub. Qafqaz xalqlarının mətbəxi Azərbaycan mətbəxinə çox yaxındır. Kaşqarinin, Məhəmməd əl Həsəninin, Bağdadinin əsərlərində dolma, sarma haqqında məlumat var”.
Tahir Əmiraslanov milli yeməklərimizin tanıdılması üçün görülən işlərdən də danışıb: “Biz Ermənistanın Kulinariya Assosiasiyasına məktubla müraciət edərək, istənilən 3-cü dövlətin iştirakı ilə yeməklərin milli mənsubluğunu araşdırmağı təklif etmişik. Araşdırmalara görə, XVI əsrdən bəri erməni dilinin izahlı lüğətlərinin heç birində nəinki “dolma”, “lavaş” sözü, hətta ona oxşar ifadələr də yoxdur. 25 ildir ki, Ermənistan dünyada kulinariya üzrə keçirilən heç bir konqresə, konfransa dəvət almır. Bu il «Azərbaycan Mətbəxi» kitabı 50 min kitab arasında Avropada birinci yerə çıxıb, hər qitədən bir kitab seçilib. Gələn il Dünya Kulinariya Təşkilatları
Birliyinin Avropa Konfransı Bakıda keçiriləcək”.
Milli Kulinariya Mərkəzinin baş direktoru marka kimi tanıdılması nəzərdə tutulan “Azerbaijan breakfast” brendindən də danışıb: “Artıq keçən ildən Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə yerləşən dünya şöhrətli otel şəbəkələrində səhər yeməyi kimi Azərbaycan səhər yeməyinin təqdimatına başlandı. Bura müxtəlif süd yeməkləri, firni, quymaq, xəşil, keçi pendiri, motal pendiri və s. daxildir. Bu yeməklər əvvəllər heç vaxt restoran menyusunda olmayıb. Burada istifadə olunan məhsullar təbii olaraq kəndlərimizdə yetişdirilir. Əgər bu layihə bütün dünyanın otel şəbəkələrində uğur qazansa, Azərbaycanda kənd təsərrüfatı üçün də səmərəli olacaq”.
Tahir Əmiraslanov Avropa Oyunları dövründə qonaqlara təqdim tarixi yeməklərimizin təqdim olunacağını deyib: “Azərbaycanın 9 xanlığının, o cümlədən, Qarabağ, Təbriz, İrəvan xanlıqlarının yeməklərinin hazırlandığı restoran açmışıq, burada yeməklərdən əlavə, hər bir xanlığın bayrağı, xalçaları, emblemi, hər bir xanın özünün və xanımının geyimi nümayiş olunan guşələr yaradılıb. Buradakı yeməklərin də tarixi qədimdir. Məsələn, dolma kababı yeməyi 500 ildir ki, bişirilmir, indi yenidən bişirməyə başlamışıq”.
Qonaq kulinariya sahəsində araşdırmalar və patentləşmə üçün maneələrin də olduğunu deyib: “Təəssüf ki, Azərbaycanda kulinariya sahəsi üzrə elmi tədqiqat institutu yoxdur. Bu sahədə elmi tədqiqatlara ehtiyac var, təcrübə aparmaq üçün kulinar studiyamızın olmaması, kadr hazırlığının çox aşağı səviyyədə olması da bizə çətinlik yaradır. Biz 1500 yemək növünü milli irs siyahısına təqdim etmişik. Elmi-tədqiqat institutlarında hər yeməyin araşdırılmasına 3 aydan 3 ilə qədər vaxt sərf olunur”.