Sumqayıt qeydiyyatında olan maşınlar da iyunda Bakıya buraxılmayacaq
“Yaxın gələcəkdə Bakıda ictimai nəqliyyat üçün ayrıca hərəkət zolaqlarının çəkilməsi müzakirə olunur”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.
Fövqəladə hallar baş verərkən NİİM-in işıqforların işini tənzimləməklə yollarda hərəkəti idarə etdiyini deyə Şəfa Mehmanqızı bütün hallarda vəziyyətə qısa müddət ərzində müdaxilənin mümkün olduğunu deyib: “Azadlıq prospektində baş verən yanğını ilk olaraq NİİM-in müşahidə kameraları ilə gördük və dərhal radio və internet vasitəsilə bütün sürücülərə mümkün qədər bu istiqamətdə hərəkət etməməyə, digər alternativ yollardan istifadə etməyə çağırdıq. Belə hallarda həmin istiqamətdə işıqforların işinə dəyişiklik edilir və ardıcıl olaraq yaşıl işıq komandası verilir ki, təcili tibbi yardım, qəza, bərpa, yanğından mühafizə xidmətləri rahat şəkildə həmin ünvana çata bilsinlər. Eyni zamanda həmin istiqamətə çıxan digər küçələrdə qırmızı işığın intervalı artırılır ki, tıxacın qarşısı alınsın”.
Qonaq dayanacaqlarda qoyulmuş monitorlardakı göstəricilərin avtobusların gəlmə vaxtı ilə üst-üstə düşməməsinin səbəbini açıqlayıb: “Dayanacaqlardakı monitorlara əllə müdaxilə olunmur. Avtomatik olaraq avtobusdakı avadanlıqdan məlumat mərkəzə, oradan isə monitorlara ötürülür. Monitorların işində uyğunsuzluqların səbəbi odur ki, sürücü avtobusda quraşdırılmış bort avadanlığına müdaxilə edir, ya onları sındırır, ya kameranın önünü bağlayır. Bu daha çox sərnişin götürmək və tıxac zamanı istiqaməti dəyişmək məqsədi ilə edilir. Sürücü istiqaməti dəyişdikdə xətdə məlumat da itir. Bu da əhalidə çaşqınlıq yaradır. Əgər avtobus sürücüləri əmək haqqı alsa və sərnişinlər ödənişi kart sistemi həyata keçirsə, o zaman bu sistem saniyə fərqi olmadan dəqiqliklə işləyəcək. NİİM yaranandan indiyə qədər bu kimi hallara görə həddindən artıq cəza tədbiri görülüb”.
NİİM nümayəndəsi Avropa Oyunları zamanı yolların nişanlanmış hissəsi ilə məhdudlaşmış hərəkət qaydaları barədə məlumat verib: “Sarı xətlə işarələnmiş yollardan yalnız təcili tibbi yardım, qəza, yanğından mühafizə və DYP-nin avtomobilləri və təbii ki, sırf oyunlarla bağlı şəxslər istifadə edə biləcəklər. Digər avtomobil sürücüləri bu yoldan istifadə edərsə, DYP tərəfindən cərimələnəcək. Oyunlardan sonra bu zolağın saxlanacağı barədə məlumatı DYP verə bilər. Lakin hələlik həmin istiqamətlər üzrə may ayının 29-dan iyul ayının 1-nə qədər hərəkət məhdudlaşdırılacaq”.
Şəfa Mehmanqızı Bakıda ictimai nəqliyyatın maneəsiz hərəkəti üçün ayrıca yol xətlərinin yaradılması istiqamətində işlərin getdiyin deyib: “Paytaxt yollarının darısqal, ensiz olması haqda məlumatımız var, artıq neçə ildir ki, yolların genişləndirilməsi işləri aparılır. Bu məqsədlə bizim mərkəzdə də seminarlar, müzakirələr aparılıb. Lakin qısa müddətdə avtobuslar üçün xüsusi zolaqlar çəkiləcəyi birdən-birə mümkün deyil. Yollar genişləndirildikdən sonra təbii ki bu zolaqların da çəkilməsinə imkan yaranacaq”.
Qonağın fikrincə, Bakıda tıxacların qarşısının alınması və nəqliyyatın idarə olunması digər qurumlarla koordinasiya olunmuş şəkildə həyata keçirilməlidir: “Avropa Oyunları ilə əlaqədar bütün qurumlar inteqrasiya şəraitində işlədiyindən şəhərdə nəqliyyat axını azaldı. NİİM-in bu problemi təkbaşına idarə etməsi çətindir, digər qurumlar da kömək etməlidir. Avropa Oyunlarına hazırlıq məqsədilə avtobusların marşrut istiqaməti dəyişdirildi, xüsusi yol zolaqları çəkildi, yol ayrıcları dəyişdirildi, işıqforlarda dəyişiklik edildi. Deməli, hər kəs öz üzərinə düşən işi məsuliyyətlə yerinə yetirsə, bu işləri həll etmək mümkündür. Sürücülərə də bu işlərə anlayışla yanaşmalarını xahiş edirəm. Yolun bağlanacağı barədə əvvəlcədən məlumat veririk”.
NİİM nümayəndəsi Bakının 8 nöqtəsində əlavə məlumat informasiya tabloları quraşdırıldığını deyib: “İdmançılar, qonaqların, mətbuat nümayəndələrinin yarış keçiriləcək obyektlərə maneəsiz şəkildə nəqliyyat axının təmin edilməsi üçün, həmçinin hansısa fövqəladə hal yaranarsa, problemin həmin anda həll edilməsi və müvafiq qərarların verilməsi məqsədilə yolların bağlanması barədə dərhal ictimaiyyətə NİİM-in radiosu, Twitter və Facebook səhifələri, eyni zamanda canlı efir vasitəsilə məlumat veriləcək. Məlumatlar KİV-ə və Avropa Oyunlarının Təşkilatı Komitəsinə e-mail və məktublar vasitəsilə çatdırılacaq”.
Şəfa Mehmanqızı mayın 29-dan iyulun 1-ə qədər müddət ərzində rayon qeydiyyat nişanı olan nəqliyyat vasitələrinin Bakıya girişinin məhdudlaşdırılacağını deyib: “Dərslərin yekunlaşması, tələbələrin ictimai nəqliyyatdan istifadə etməməsi də şəhərdə sıxlığın azalmasına təsir edəcək. Mayın 29-dan iyulun 1-ə qədər rayon qeydiyyat nişanı olan avtomobillər paytaxt ərazisinə buraxılmayacaq, bu, eləcə də Sumqayıt şəhər qeydiyyatında olan avtomobillərə aiddir. Rayondan gələn avtomobillər üçün müvəqqəti avtomobil dayanacaq yerləri nəzərdə tutulub. Amma Sumqayıtdan gələn avtomobil sayı həddindən artıq çox olduğundan, Bakı ətrafında bu qədər avtomobili park etmək də qeyri-mümkündür”.
Qonaq piyada keçidlərinin bəzi hissələrdə avtomobillərin hərəkətini ləngitməsinə də münasibət bildirib: “İşıqforlarla tənzimlənən piyada keçidlərinin olması çox vacib məsələdir. Bizdə piyadalarda bir az arxayınlıq var ki, sürücülərin işinə bilərəkdən maneçilik törədən piyadalarımız da var. Piyada zolaqlarının çəkilməsi Bakı Şəhər İcra hakimiyyətinin və Azəryolservis ASC-nin səlahiyyətlərinə daxildir. Bu problemlə bağlı biz hər iki quruma dəfələrlə müraciət etmişik”.