Azad Cəfərli: “Azərbaycan ərazisində qeydiyyatdan asılı olmayaraq istənilən “ASAN Xidmət” mərkəzinə müraciət etmək mümkün olacaq”

““ASAN Xidmət”in istifadə etdiyi bütün məlumatlar şəxsi məlumatlar olduğundan, elektron təhlükəsizliyin təmin olunması bizim əsas prinsipimizdir. Bizim mərkəzlərin ölkə üzrə xəritəsi optimal saya çatdıqdan sonra qeydiyyatdan asılı olmayaraq, bütün Azərbaycan vətəndaşların istənilən mərkəzə müraciət etməsi mümkün olacaq”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Azad Cəfərli deyib.

 

Azad Cəfərli “ASAN Xidmət”in həm əhali, həm dövlət qurumları və özəl sektor, həm də beynəlxalq səviyyədə uğurlu model kimi rəğbət qazanmasını fəaliyyətin vətəndaş rəyi əsasında təkmilləşdirilməsi və daim keyfiyyətin ölçülməsi ilə izah edib: “ “ASAN Xidmət” dövlət xidmətlərinin vahid məkandan göstərilməsi üzrə mexanizminin Azərbaycan modeli olmaqla həm bu prinsiplərə tam şəkildə cavab verir, həm də digər vahid məkan prinsipləri üzrə fəaliyyət göstərən başqa ölkələrdə olan modellərdən tamamilə fərqlənir və onlardan üstündür. Üstünlük ondan ibarətdir ki, bir tərəfdən dövlət orqanları, bir tərəfdən nazirlik, digər tərəfdən özəl sektorda çalışan şirkətlər vətəndaşlar üçün ən çox tələb olunan xidmətləri bir məkanda göstərməklə, bir-birlərini tamamlayırlar. Bunun nəticəsidir ki, “ASAN Xidmət” bir çox beynəlxalq sertifikatlarla yanaşı, 2002-ci ildə təsis edilmiş və 2003-cü ildən təqdim olunan BMT-nin dövlət xidmətlərinin göstərilməsi üzrə ən yaxşı modeli kateqoriyasında təltif olundu”.

 

Qonağın sözlərinə görə, “ASAN Xidmət”in fəaliyyəti yüksək keyfiyyətli texnologiyaların tətbiqi ilə məlumat bazalarının elektronlaşdırılmasına və qarşılıqlı əlaqənin təmin olunması prinsipinə əsaslanır: “Digər mühüm istiqamət isə kadr potensialının formalaşdırılması və daim təkmilləşdirilməsi istiqamətində uğurlu işin aparılmasıdır. Son iki il ərzində keçirilən yüzlərlə təlim nəticəsində həm “ASAN Xidmət”in öz personalı, eləcə də, “ASAN Xidmət”də çalışan digər orqanların nümayəndələri, o cümlədən, könüllülər üçün müvafiq təlimlər paketi hazırlanmışdır. Bunlara stressin idarə edilməsi, vaxt əsasında işin qurulması, konfliktli halların idarə edilməsi və daha çox vətəndaş xidmətinin göstərilməsi ilə bağlı təlimlər aiddir. Məhz bu təlim strategiyasının olması və kadr potensialının təkmilləşdirilməsi nəticəsində bizdə 250-dən çox xidmət növünün olmasına və hər gün hər mərkəzə 5 yüzdən 3 minə qədər vətəndaşın müraciət etməsinə baxmayaraq, nə növbə yaranır, nə də vətəndaşın bu və ya digər məsələ ilə bağlı fikri diqqətdən kənarda qalır. Bu gün 98 faiz vətəndaş məmnunluğuna nail olmağın səbəbi də məhz budur”.

 

Azad Cəfərli hazırda ən çətin və vaxt tələb edən sahə olan kadrların təkmilləşdirilməsini bu qədər qısa müddətdə həyata keçirə bilməyin səbəbindən də danışıb: “Bizim kollektiv əsasən gənclərdən ibarətdir, orta yaş həddi 25-26 yaşdır. Kadrların fəaliyyətinin qiymətləndirilməsi əsasında onların faydalılığı əmsalının formalaşdırılması da çox maraqlı məqamlardan biridir. Ay ərzində hər bir işçimiz nə qədər faydalı olduğunu, öz nöqsanlarını və onların aradan qaldırılması üçün tövsiyələri əldə edir”.

 

“ASAN Xidmət”in  keçmiş SSRİ məkanında BMT-nin mükafatına layiq görülmüş yeganə təşəbbüs olduğunu deyən qonaq bu modelin sərhədlərimizdən kənarda təqdim olunmasının Azərbaycan üçün əhəmiyyətini vurğulayıb: “Azərbaycan artıq dövlət idarəçiliyi və vətəndaşlara xidmət sahəsində öz beyninin məhsulunu dünyaya təqdim edə bilir. Bizim tərəfdaşlarımız qismində çıxış edən hökumətlərarası beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər öz ölkəsində bundan örnək kimi istifadə etmək istəyirlər. Biz Türkmənistanda və Dağıstanda intensiv kurslar və təlimlər təşkil etmişik. Bu da bir tərəfdən bizim tərəfdaşlarımızın sayını artırır, həm də ölkənin imicini yüksəldir”.

 

Azad Cəfərli öz işini elektron baza məlumatları üzərində quran mərkəzin elektron təhlükəsizliyinin necə təmin olunması barədə məlumat verib: “Elektron təhlükəsizlik bizim bütün fəaliyyətimizin əsasını təşkil edir. İstifadə etdiyimiz məlumatlar hamısı şəxsi məlumatlardır. Hazırda biz IT təhlükəsizliyi üzrə sertifikatın alınması istiqamətində çalışırıq, bu bizim üçün əhəmiyyətlidir. Ayrı-ayrı nazirliklərə məxsus olan məlumat bazaları  tam müvafiq qoruma prinsiplərinə uyğundur, eləcə də onların mübadilə etməsi üçün nəzərdə tutulan proseslər də daim qorunur. ASAN xidmət çərçivəsində şəxsi məlumatların qorunması və məlumat bazasının istifadəsi prinsiplərə tam cavab verir. Bu daima nəzarətdə saxlanılır və müşahidə altındadır”.

 

ASAN Könüllülərinin kadr potensialından Avropa Oyunları zamanı istifadə olunmasından danışaq qonaq yüzlərlə könüllünün tədbirin texniki və təşkilati məsələlərinin həllinə töhfə verəcəyini deyib: “ASAN Könüllülərin təşəbbüsü ilə “Avropa Oyunları qədim Bakı torpağında” adlı bir klip çəkildi ki, bu bizim könüllərin çağırışı,  eləcə də, bu tədbirin bir hissəsi olmaqla yanaşı, daim çağırışlara, müraciətlərə cavab kimi nəzərdə tutulur. Könüllülər həm dil bilgilərinə, həm də xarici vətəndaşlarla iş təcrübəsinə malikdirlər. Bizim könüllülərin ən üstün cəhəti odur ki, onlar  insanlarla çox rahat bir şəkildə rabitəyə girir, rahat ünsiyyət qurular, qarşı tərəfin həyəcanlanmasına imkan vermirlər”.

 

Azad Cəfərli bütün Azərbaycan ərazisində qeydiyyat tələb olunmadan istənilən “ASAN Xidmət” mərkəzinə müraciət etməyin mümkün olacağını deyib: “Hazırda Bakıda 4 mərkəzimiz var, bu isə Bakı üzrə qeydiyyatdan asılı olmayaraq ən yaxın “ASAN Xidmət” Mərkəzinə müraciəti mümkün edir. Hazırda regionlar üzrə 4 mərkəzimiz fəaliyyət göstərir. Bizim əsas məqsədimiz bu xəritə optimal saya çatdıqdan sonra qeydiyyatdan asılı olmayaraq, bütün Azərbaycan vətəndaşların istənilən mərkəzə müraciətinə imkan yaratmaqdır”. 

Müəllif | Apa.Tv
Apa.tv