Əjdər Ağayev: “Sınaq imtahanları ləğv olunmalıdır”
“2 və 3, 4 və 5 qiymətini eyniləşdirərək ümumi nəticə elan etmək pedaqoji naşılıqdır. Təhsil verən müəssisə, müəllim özü buraxılış imtahanını keçirməlidir. İmtahanların çox keçirilməsi tədrisə ayrılan vaxta azaldır. Testlə imtahan şagirdin biliyinə tam qiymət vermir. Buraxılış və qəbul imtahanları birləşdirilməlidir. Qəbul imtahanlarına məktəb proqramından əlavə suallar olur”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyib.
Əjdər Ağayevin fikrincə, 9 və ya 11 illik təhsilə test imtahanı ilə qiymət vermək doğru deyil: “9 və ya 11 il ümumtəhsil məktəbi şagirdə təlim, tərbiyə, təhsil verir, lakin həmin şagirddən tamamilə başqa bir təşkilat bir insanlar imtahan götürürlər. Burda psixoloji yanaşma var. Əvvəllər mən də imtahan nəticələrinə baxaraq tədrisin keyfiyyətsiz olduğunu düşünürdüm, lakin xarici pedaqoji xadimlər belə nəticələrdən heç də bədbin deyillər. İmtahan sualları şagirdlərin proqram göstəricilərinə və müəyyən standartlara uyğun olmalıdır. Nəzərə alanda ki, yekunda adı da bir az güc nazirliyi kimi qorxulu səslənən bir təşkilat imtahan edir, imtahan qorxusu, gənclik təcrübəsizliyi burda əsasdır. İmtahan barədə ictimai fikir belədir. Test özü yaddaş deməkdir, ancaq biz yalnız testlə nəticə çıxara bilmərik”.
Professor nəticələrin elan olunmasında da pedaqoji qüsurların olduğunu deyib: “Qiymətləndirmənin beş dərəcəsi var. 5 - qüsursuz ən yüksək nəticədir, 4 - yaxşı nəticədir, 3 – kafidir, 2 isə artıq bilmir deməkdir. Bu cür qiymətləndirmə pedaqoji tələbdir. 2 və 3 qiymətini eyni tutmaq ən böyük pedaqoji naşılıqdır. 3 alan şagirdin biliyini ikiyə uyğun tutmaq olmaz. Mən bu nəticələrə şübhə ilə yanaşıram, camaatı narahat etmək və həyəcan qaldırmaq üçün 3- ü 2- yə bərabər tutublar”.
Təhsil Şurasının sədri belə hesab edir ki, testlə imtahan şagirdlərdə nitq qabiliyyətinin zəif olmasına gətirib çıxarır: “XX əsrin əvvəllərində testlər psixoloji yoxlama kimi meydana çıxdı və bu baxımdan test özünü doğruldur. Amma imtahanı yalnız testlə götürməyin özü pedaqoji cəhətdən doğru deyil. İnsan yazılı və şifahi nitqə malik olmalıdır. Əgər şagird hər hansı yazıçının anadan olduğu ili bilir, amma onun əsərinin mahiyyətini bilmirsə, belə bilik nəyə lazımdır? Estoniya təcrübəsində həm yazılı, həm də şifahi imtahan aparılır və nəticələr toplanaraq yekun nəticə çıxarılır. Tapmaca tapmaqla məntiqi ortaya çıxarmaq olmaz, məntiq bilikdə üzə çıxmalıdır”.
Əjdər Ağayev buraxılış imtahanlarında dəyişiklik olunmasını məsləhət görür: “İmtahan fənlərinin seçilməsi də doğru deyil. Buraxılış imtahanına mütləq Azərbaycan tarixi fənni salınmalıdır. Azərbaycan tarixi insanın vətəndaş mövqeyini formalaşdırır, insan, vətəndaş olmaq üçün ölkənin tarixini bilmək vacibdir. 11 il təhsil alıb iki fəndən imtahan vermək düzgün deyil. Azərbaycanın çox zəngin təlim təcrübəsi olub. Texnologiyanın yeniliklərindən, kompüterlərdən, istifadə elmin inkişafı ilə bağlıdır. Lakin bu gün vətəndaş mövqeyinə malik insan kimi bünövrə yoxdur, buna görə də gənclərimizin bir qismi hara yönələcəyini bilmir. Bu, məktəbdə tətbiq olunan, bu cür formal testə əsaslanan və pedaqoji olmayan imtahanların nəticəsidir”.
Qonaq imtahanların çox keçirilməsinin təhsilə faydası olmadığını deyib: “Mən imtahanların çox keçirilməsinin tərəfdarı deyiləm. Sınaq imtahanları keçirilir, məktəb imtahan keçirir. İmtahanlar uşaqları zəiflədir, uşaqların öyrənməyə sərf olunan vaxtını alır. Ona görə də mən "imtahan oyunu"ndan əl çəkməsinin tərəfdarıyam. Həm öyrətməyi, həm də yoxlamanı müəllimə, məktəbə tapşırmaq lazımdır. Hətta qəbul və buraxılış imtahanlarını birləşdirmək lazımdır. Çünki hər iki imtahanda şagird oxuduğu məktəb proqramından cavab verməlidir, əlavə proqramdan yox. Amma qəbul imtahanlarında, orta məktəb proqramlarında olmayan nə qədər suallar var. İmtahanda alınan qiymətlər nisbidir, o qədər “3” qiymət alan, lakin sonradan alim olan insanlar var ki, biliyin qiymətləndirilməsi nisbi xarakter daşıyır”.
Əjdər Ağayev şagirdlərin xüsusilə ana dilindən aşağı nəticə göstərməsinin səbəbindən də danışıb: “Ana dilinin zəif olması məktəbin yox, sosial şəraitin günahıdır. Uşağa müəllimin dediyindən çox, mühit təsir edir. Pedaqoji işdə güzəştlilik, ədalətlilik, humanizm, perspektiv inkişafı görə bilmək lazımdır. Həyatın içinə şagirdi inamlı buraxmaq lazımdı, bədbin yox”.