Samir Əliyev: “Bu ildən kupçası olmasa belə, yeni tikililər bələdiyyə vergisinə cəlb olunacaq”
“Azərbaycanda bələdiyyə institutu 1999-cu ildə yaranıb. Bələdiyyələrin fəlsəfəsi ondan ibarətdir ki, onlar yerli hakimiyyət hesab olunur. İstər Azərbaycanın qoşulduğu Avropa Xartiyasının tələblərinə görə, istərsə də dünya fəlsəfəsinə görə, bələdiyyələr ona görə yaradılır ki, bu qurumlar əhaliyə ən yaxın olan qurumlardır. Xartiyada da göstərilir ki, səlahiyyətlər əhaliyə daha yaxın olana qurumlara verilməlidir. Əhaliyə daha yaxın qurum isə bələdiyyədir”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, iqtisadçı ekspert Samir Əliyev deyib.
Ekspertin sözlərinə görə, bələdiyyə strukturları seçkili institut olduğundan insanların bu strukturun formalaşması prosesinə təsir etmək imkanı var: “Bələdiyyələrlə bağlı əsas problem status məsələsidir. Bu, çox vacib məsələdir, bu, bələdiyyə institutunun pasportudur. Bələdiyyəyə düzgün qiymət vermək istəyiriksə, ilk öncə onun pasportuna baxmalıyıq görək bu qurum nə qurumdur. Bu gün bizdə qanunvericilikdə müəyyən dəyişiklik edilir, inkişaf var, amma hələ də bələdiyyələrə tam şəkildə yerli hakimiyyət kimi baxa bilmirik. Çünki bələdiyyələrin səlahiyyətləri məhduddur. Düzdür, qanunvericilikdə səlahiyyətlər siyahısı var, amma görək bələdiyyələr bu səlahiyyətdən nə dərəcədə istifadə edə bilir. Burada əsas problem paralellik məsələsidir. Eyni səlahiyyət həm icra hakimiyyətlərində var, həm də bələdiyyələrdə, təbii ki burada səlahiyyətləri icra hakimiyyəti yerinə yetirir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinq komitəsi Azərbaycanda iki dəfə bununla bağlı qiymətləndirmə aparıb. Hər iki qiymətləndirmə əsasında həm qətnamə, həm hesabat və tövsiyələr hazırlanıb. Həmin tövsiyələrdə xüsusi ilə vurğulayır ki, müstəsnalığın olmağı çox vacibdir. Bizdə də bələdiyyənin bir-iki səlahiyyəti var ki, bu, müstəsnadır. Amma əsas səlahiyyətlərdə təəssüf ki bələdiyyələr öz səlahiyyətlərdən istifadə edə bilmirlər”.
Ekspert bələdiyyələrin maliyyə müstəqilliyinin məhdud olduğuna diqqət çəkib: “Azərbaycanda ötən il təxminən 1715 bələdiyyə vardı, onların sayı 1606 bələdiyyəyə qədər azaldıldı. Bütün bələdiyyələrin toplu büdcəsi təxminən 49 milyon manatdır, orta hesabla hər bələdiyyənin illik büdcəsi təxminən 29 min manata yaxındır. Ümumən götürəndə bu 49 milyonluq büdcənin təxminən 50 faizi 82 bələdiyyənin payına düşür. Söhbət Bakı şəhəri və Abşeron rayonundakı bələdiyyələrdən gedir. Təxminən 400-ə yaxın bələdiyyə 70 faizdən çox büdcəyə malikdir. Əgər Bakı şəhərində orta illik büdcə təxminən 140 min manat təşkil edirsə, Abşeronda bu 510 mindən də çox təşkil edir. Amma Gəncədə bu rəqəm 15 min manatdır Regionlara doğru getdikcə biz bələdiyyələrin büdcəsinin azaldığını görürük. Azərbaycan bələdiyyələrinin 85 faizini təşkil edən kənd bələdiyyələrin illik büdcəsi 5-7 mindən çox deyil”.
Samir Əliyev bələdiyyələrin büdcəsinin formalaşmasında vergilərin rolunun böyük olduğunu deyib: “Dörd vergi növü var: əmlak, torpaq, mədən və mənfəət vergisi. Tutaq ki bələdiyyə mənfəət vergisi götürür, bu vergi bələdiyyə müəssisəsindən tutulur. Amma Azərbaycanda bələdiyyə müəssisəsi çox azdır. Mədən vergisi isə tikinti materialları mövcud olan bələdiyyə ərazisindən tutulur. Deməli heç də bütün bələdiyyələr nə mənfəət vergisindən, nə də mədən vergisindən yaralana bilmir. Torpaq vergilərindən daha çox kənd bələdiyyələri yaralanır, əmlak vergilərindən isə daha çox şəhər bələdiyyələri. Əmlak vergisi ilə bağlı qanunvericilikdə problem vardı, ötən il dəyişiklik oldu və bu il dəyişiklik qüvvəyə mindi. Ötən il bələdiyyələr 4.5 milyon manat əmlak vergisi yığıb. Bunun 70 faizi Bakı şəhərinin payına düşür. Elə bələdiyyə var ki, orada heç bu növ vergi də yığılmır. Amma qanunvericiliyə ediləcək yeni dəyişiklik imkan verəcək ki , yeni vergi bazasının təkmilləşdirilməsi nəticəsində bələdiyyələrin əmlak vergisi üzrə daxil olmaları 8-10 dəfə artsın. Ümumilikdə isə dəyişikliklər nəticəsində bələdiyyələrin büdcəsi iki dəfə arta bilər”.
Samir Əliyev qeyd edib ki, ev vergiyə cəlb olunursa, onun inventar dəyəri olmalıdır: “İnventar dəyəri o mənzildə olurdu ki o həmin mənzilin kupçası var və həmin mənzilə Əmlak Komitəsi tərəfindən çıxarış verilib. Amma indi sahə əsasında vergi tətbiq olunur. Artıq evin kupçası oldu- olmadı, bələdiyyənin vergi tətbiq etmək imkanı var. Bu ildən bələdiyyələr yeni tikililərdən, hətta kənd evlərindən də vergi tuta biləcək. Artıq gələn aydan vergilər yığılmağa başlayacaq. Mənzil Məcəlləsinə görə bina tikildikdən sonra 6 ay müddətində mənzil-tikinti kooperativinə çevrilməlidir. Bu, bizim qanunvericilikdə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti adlanır. Yəni binada yaşayan vətəndaşların özləri yığılır cəmiyyət yaradır və idarə edir. Bələdiyyələrin yığdığı vergi fiziki şəxslərin əmlak vergisi adlanır. Necə ki biz haradasa işləyib qazandığımız pula görə gəlir vergisi ödəyiriksə, o cümlədən aldığımız evə, torpağa görə də bələdiyyəyə vergi verməliyik. Bu, mənzil xidməti üzrə ödənişdən fərqlənir. Yəni mənzil haqqı deyək, bir kvadrat metri 1.5 qəpikdir və insanlara bu məbləği mənzil-istismar sahələrinə ödəyirlər. Vətəndaşlar bu iki vergi növünü qarışdırılmamalıdır, hər ikisini verilməlidir. Bələdiyyənin hüquqi var ki, müəyyən güzəştlər tətbiq etsin və yaxud ümumiyyətlə vergi yığmasın. Amma vergi dərəcəsini azaldıb çoxalda bilməz. Mənzil haqqını isə orda yaşayan insanlar müəyyən edir. Əgər kimsə bələdiyyə vergisini verməyibsə, əvvəl-axır ödəməli olacaq. Çünki, bu, öhdəlikdir”.
Ekspert məktəblərin, xəstəxanaların bələdiyyələrin mülkiyyətinə verilməsi təcrübəsi barədə danışıb: “Niyə məktəblərin, xəstəxanaların saxlanması bələdiyyələrə tapşırılmasın? Bunun üçün bələdiyyəyə dövlət büdcəsindən maliyyə ayrıla bilər. Avropa Xartiyasının tələblərində də göstərilir ki dövlət öz funksiyasının hər hansı hissəsini bələdiyyəyə tapşırırsa, ona uyğun olaraq maliyyə verməlidir. Bu gün bələdiyyələrin öz səlahiyyətlərindən istifadə edə bilməməsinin bir səbəbi də əlində maliyyə rıçaqlarının olmamasıdır”.