Mansur Piriyev: Heç bir istirahət obyekti sahil zolağına giriş üçün ödəniş tələb edə bilməz

“Artıq 4 ildir ki, suda batma və boğulma hadisələri ancaq qadağan olunmuş su hövzələrində baş verir”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətinin təbliğat-təşkilat şöbəsinin müdiri Mansur Piriyev deyib.

 

Qonaq sularda bədbəxt hadisələrin qarşısını almaq üçün əhalini məlumatlandırmağın zəruri olduğunu deyib: “Çimərlik mövsümü başlayandan bütün çimərlik ərazilərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətinin məntəqələri fəaliyyət göstərir, bu ərazilərdə hadisə baş verməyib. Qeyd olunan suda batma halları 4 ildir ki qadağan olunmuş su hövzələrində baş verir ki, bu da çaylar, kanallar, göllər, Xəzər dənizinin çimmək üçün qadağan olunmuş əraziləridir. Biz dəfələrlə  yay mövsümündə vətəndaşlara müraciət edirik ki, bu cür çimərliklərdə çimmək olmaz. Bu yerlər çimərlik üçün ayrılmayıb və orada lazım olan şərait yoxdur. Vətəndaşlar diqqətə almalıdırlar ki, istənilən su hövzəsində istirahət etmək düzgün deyil, bu qanunvericiliklə də qadağan olunub. Hər bir icra orqanı  öz ərazisində çimərlik üçün su hövzələri ayırmalıdır və həmin ərazidə təhlükəsiz qaydaları ilə bağlı tədbir görülməlidir. Bu məsələyə diqqət son zamanda artırılıb, nazirliyin regional mərkəzləri də artıq bu ildən prosesdə yaxından iştirak edirlər. Biz Bakı və Sumqayıt ərazisindən başqa, Xaçmaz,  Mingəçevir, Qəbələ, Şamaxı, Lənkəran, Şəmkirdə bütün su hövzələrində monitorinqlər keçirdik. Monitorinqlərdə əsasən su hövzələrində bədbəxt hadisələrin baş verməməsi üçün hansı tədbirlər görülməlidir, yerli icra orqanları hansı addımlar atmalıdırlar məsələləri müzakirə olundu”.

 

Mansur Piriyevin sözlərinə görə, qanunvericilikdə yay çimərlik mövsümündə hər bir müvafiq icra orqanının qanunverici sənədində, təlimatında, əsasnaməsində bununla bağlı müəyyən müddəaların olması öz əksini tapıb: “Baş vermiş hadisələrin şəkilləri ilə slaydşou hazırlanaraq icra orqanlarına çatdırılır ki, hansı hadisələr real şəkildə davam edə bilər. İlk növbədə ölkə ərazisində su hövzələrinin kənarları ürək açan deyil, məişət tullantılarının atılması, yaxınlıqda olan kəndlərin, qəsəbələrin çirkab sularının, istirahət obyektlərinin, kafe-restoranların bütün tullantılarının axıdılması, sahil zolağında çirklənməyə gətirib çıxardır. Bu da zamanla suyun səthindəki hamar səddi bərbad vəziyyətə salır. Bu suda istirahət edən insanlar üçün də fəsadlar törədir, bədbəxt hadisə zamanı onun nəticəsini araşdıranda ortaya çıxır ki ötən ildən qalan hansısa qurğu suya atılıb və təhlükə yaranıb”.

 

Qonaq bildirib ki, qanunvericiliyə əsasən, istirahət obyekti təhlükəsizliklə bağlı qaydaları həyata keçirməli, sonra çimərlik kimi qeydiyyatdan keçib fəaliyyət göstərməlidir: “Bəzən özləri üçün su hovuzu yaradırlar, bu hövzələrin ölçüsünə, təhlükəsizliyinə baxılmır. Biz bu istirahət obyektlərində də monitorinq keçiririk. Gələcəkdə olmasın deyə hadisələrin baş vermə səbəbini araşdırır, yerli mütəxəssislərlə müzakirə edirik. Demək olar ki belə istirahət obyektlərinin əksəriyyəti qanunsuz fəaliyyət göstərir, bu ərazidə onlar çimərlik kimi yox, iaşə obyekti kimi qeydiyyatdan keçiblər. Bunlar həmin ərazidə spirtli içki satırlar və insanların dənizə daxil olması üçün şərait yaradırlar ki, bu yolverilməzdir. O vətəndaşlara ki, onun ərazi ilə bağlı məlumatı yoxdur və yaxud təsadüfi yoldan keçən insandır, turistdir. Təhlükəsiz qaydaları əlbəttə ki, müəyyən lövhələrdə əks olunmalı, əməkdaşlara qonaqlara çatdırmalıdırlar”.

 

Mansur Piriyev bildirib ki, vətəndaşlar FHN-nin  DSXX məntəqələri olmayan yerlərdə çimməsinlər: “Xəzər dənizinin 825 km sahil zolağı var, həmin ərazinin yaxınlığında yerləşən kənd, qəsəbə əhalisi gedib ərazidə istirahət edirlər, ancaq bu təhlükə yaradır. Qanunvericiliyə görə, heç bir istirahət obyekti, özəl müəssisə dəniz sahilini çəpərləyə bilməz, bu çəpərləmə eyni zamanda xilasetmə fəaliyyətinə mane yaradır. Çünki hər hansı hadisə baş verəndə DSXX-nın operativ fəaliyyət göstərən əməkdaşları xilasetmə avadanlıqları ilə əraziyə gəlirlər, bu hasarlamalara görə vaxt itkisinə yol verilir.

 

Biz Dövlət Sularda Xilasetmə Xidməti olaraq il ərzində respublika ərazisində, təhsil müəssisələrində, icra orqanlarında tədbirlər həyata keçiririk, müxtəlif KİV-lərlə maarifləndirmə işləri aparırıq. Amma il ərzində yerlərdə də işlər görülməlidir. Məsələn iti axınlı Qarabağ kanalında, Kür çayında bədbəxt hadisələr baş verir. Hər hansı kənd, qəsəbə ərazisindən keçən çay, kanal varsa, o ərazidə maarifləndirmə işinə daha çox ehtiyac var. Burada uşaqlara xüsusi nəzarət olunmalıdır. Yay vaxtı məktəblilər tətildə olurlar, onların da ən çox üz tutduğu yer su hövzəsidir. Yaşayış massivində su hövzəsi varsa, həmin kəndin, qəsəbənin bələdiyyəsi, yerli icra nümayəndəsi, həmin ərazidəki polis orqanı nümayəndəsi, sahə müvəkkili su hövzəsinə nəzarəti artırmalıdır. Mütəmadi olaraq istirahət yeri kimi istifadə olunursa, həmin ərazilərdə lövhələr quraşdırılmalıdır. Dövlət Sularda Xilasetmə Xidməti minə yaxın dəmir lövhələr hazırlayıb. O lövhələrdə su hövzələrinin təhlükəsizliyi ilə bağlı qaydalar Azərbaycan və ingilis dilində əks olunub. Lövhələri respublika ərazisində yerləşən 42 struktur bölməsinə paylamışıq. Burada eyni zamanda beynəlxalq işarədən istifadə olunub. Bundan başqa 10 minə yaxın plakatlar, bukletlər, məktəblilər üçün braşürlər hazırladıq. Xilasetmə tədbirləri  sadəcə boğulan insanı sudan çıxartmaq deyil, eyni zamanda bunun qarşısını almaq üçün görülən tədbirlərdir. Burada maarifçilik, təbliğat işi o rolu oynamalıdır ki, çimərliyə gələn şəxs əvvəlcədən müəyyən məlumatlara malik olsun. Çimərlik mövsümü başlayanda rayonlarda struktur bölmələrinin rəhbərləri də tədbirlər keçirirlər”.

 

Mansur Piriyev bildirib ki, uşaqların valideyn nəzarətindən kənar çimərlik və ya qeyri-çimərlik ərazilərinə getməsi, artıq təhlükədir. Çünki uşaqlar heç bir qaydaya bəzən məhəl qoymurlar və təhlükəsizliklə bağlı müəyyən qaydaları bilmirlər. Dövlət Sularda Xilasetmə Xidməti məntəqələrinin fəaliyyət göstərdiyi ərazilərdə lövhələri çimərlik boyu quraşdırmışıq. Burada həm təhlükəsizlik qaydaları, həm də ərazi ilə bağlı müəyyən məlumatlar öz əksini tapıb. Eyni zamanda ərazinin relyefini də nəzərə alırıq”.

 

Qonaq Dövlət Sularda Xilasetmə Xidmətinin 400-dən artıq şəxsi heyətinin respublika ərazisində çalışdığını bildirib: “Onlar eyni zamanda iyunun 1-dən, çimərlik mövsümü açılandan gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Müşahidə məntəqələrində uzaq məsafədəki vətəndaşları müşahidə edirlər. Yaxşı olardı ki, vətəndaşlar suya girməmişdən əvvəl xilasedicilərə yaxınlaşaraq məlumatlar əldə etsinlər. Qaydalarda ən böyük şərtlərdən bir odur ki, insanlar çimərlik üçün ayrılmış yerlərdə istirahət etməlidir. Daha sonra çimərliyə gələrkən spirtli içki qəbul etməsinlər, eyni zamanda çimərlik ərazisini zibilləmək olmaz. Az yaşlı uşaqlar ancaq valideynlərinin və böyüklərin nəzarətində çimərliklərə daxil ola bilər. Eyni zamanda çimərlik ərazisində quraşdırılmış işarələrə, qaydalara əməl olunmalıdır. Müəyyən məişət tullantılarını atmaq olmaz. Ən əsas məsələ odur ki, çimərlikdə xilasedicilərin tələblərinə əməl olunmalıdır. Dövlət Sularda Xilasetmə Xidməti əməkdaşlarının gərgin əməyi nəticəsində artıq 4 ildir ki, çimərlikdə suda boğulma vaxtı qeydə alınmır. Problemlər isə isə qaydalara əməl etməyən, spirtli içki qəbul edən, qoyulan şarları ötüb keçən olan zaman baş verir. Əməkdaşlarımız yay çimərlik mövsümündə gücləndirmiş iş rejimində  səhər saat 9-dan axşam 9-a qədər qeyd etdiyimiz sahil zolağında növbətçilik rejimində işləyirlər. Həmin xilasetmə məntəqəsində doqquzdan sonra ərazini müşahidə edirlər. Təbii ki biz müşahidə edirik ki, saat 11-12 də əraziyə spirtli içki qəbul etmiş insanlar gəlir. Növbətçi xilasedicilər bunu dərhal görürlər, bununla bağlı məlumat verirlər və müəyyən tədbirlər görülür. Gecə vaxtı xilasetmə də çətin olur, eyni zamanda gecə saatlarında suya girən şəxs bədbəxt hadisə üçün real şərait yaradır”.

 

Mansur Priyev Dövlət Sularda Xilasetmə Xidmətində işəgötürmə qaydalarına da aydınlıq gətirib: “Bu gün bizdə yüksək peşəkarlıq nümayiş etdirən gənc mütəxəssislər var. Onlar işə qəbul olunarkən müəyyən normativlər nəzərə alınır, kurslar təşkil olunur. İlk növbədə onlarda bu peşəyə maraq olmalıdır. Xilasetmə peşəsi elə bir peşədir ki, bura şəxslər müvəqqəti işləmək üçün gəlməməlidir. Bu işə psixoloji hazır olmaq və eyni zamanda fiziki göstəricilərə malik olmaq lazımdır. Xilasedicidə belə bir psixologiya olmalıdır ki, o hər hansı bir insanı xilas edəndə, lazım olarsa öz həyatını da təhlükəyə ata bilsin. Dövlət Sularda Xilasetmə Xidməti ötən il motorçu, sükançı və dalğıc ixtisasları üzrə FHN Akademiyası ilə birlikdə kurslar təşkil edirdi. Bu il eyni zamanda matros xilasedicilər üçün də kurslar keçirdik. İl boyu rüblərdə əməkdaşlardan normativ imtahanlar götürülür. Onlar hər gün su hovuzlarında vərdişləri itirməmək üçün məşqlər keçirilər. Eyni zamanda biz beynəlxalq yarışlarda iştirak edirik, beynəlxalq kurslara qatılırıq. Mən yaxşı üzməyi bacaran, özünü psixoloji olaraq bu işə hazır hiss edən, xilasetmə işinə marağı, həvəsi olan gənclərə üzümü tutub deyirəm ki, bu gün işə girmək istəyirlərsə, FHN-nin rəsmi internet səhifəsinə müraciət etsinlər. Biz hər bir müraciətə baxırıq”. 

Müəllif | Apa.Tv
Apa.tv