Azərbaycanda müəllimlik niyə qadın peşəsi kimi qəbul olunur? - SOSİUM

“Azərbaycanlılar asanlıqla kütlə mədəniyyətinin təsiri altına düşür və bundan istifadə edərək, təhsili dəbə çevirmək lazımdır. Çünki təhsildəki problemlər müasir Azərbaycan gənclərinin ən böyük problemidir. Nəzərə alsaq ki, ali məktəblərdə tədrislə məşğul olan professorların yaşı 60-dan çoxdur, 20 il sonra onları kimin əvəz edəcəyi düşündürücü məsələdir”.

 

Bunu APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, “Addım” Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə deyib.

 

Hüseyn Cavadzadən ictimai fəaliyyətin əsas yox, ikinci, üçüncü fəaliyyət sahəsi olmasının vacibliyini qeyd edib: “Əslində,  “Addım” Gənclər Təşkilatını yaradana qədər heç bir ictimai qurumda təcrübəm yox idi, lakin buna qədər bir neçə il dövlət universitetlərimizdən birində pedaqoji fəaliyyətlə məşğul olmağım sayəsində gənclərlə sıx təmasda idim və onların yaradıcılığı, inkişafı və təhsili istiqamətində dəstək göstərirdim. Təşkilatın yaranması ilə bu fəaliyyətimiz leqallaşdı. Məqsədimiz gənclərin təşkilatı olmaq idi, müasir gənclərin istəkləri fərqlidir. Ümumiyyətlə, QHT fəaliyyəti, ictimai təşkilat insanın ikinci, üçüncü fəaliyyət sahəsi olmalıdır. Bu fəaliyyət əsas iş olduğu halda, artıq kommersiya maraqlarına xidmət edir”.

 

Qonaq xarici gənclərlə Azərbaycan gəncləri arasında olan fərqlərin səbəbindən danışıb: “Əcnəbi gənclərlə bizim gənclər arasında fərqlər var, lakin bu, heç də həmişə əcnəbilərin xeyrinə deyil. Bizim gənclərin üstünlükləri daha çoxdur. Sadəcə, bizim gənclərlə onların problemləri fərqlidir”.

 

Bütün uğurların açarının və səmərəli gələcəyin təməlinin təhsil olduğunu deyən təşkilat rəhbəri bu sahədə problemlərdən danışıb: “Əgər diqqət yetirsəniz, 90-cı illərə qədər Azərbaycan gəncləri dövlət proqramlarında istehsalçı yox, istehlakçı idilər. Xaricdə gənclərin əsas problemi narkomaniya, alkoqolizm, əyləncəyə çox meyl etməkdir, müasir Azərbaycan gənclərinin isə ən böyük problemi təhsildir. Bunu pedaqoji fəaliyyətim zamanı da yaxından görürəm. Lakin nəzərə alaq ki, Azərbaycan özü də gəncdir və artıq bu sahədə də inkişaf var. Bəzi islahatlar zaman tələb edir və peşəkar kadrların yetişdirilməsi istədiyimiz nəticəni əldə etməyə imkan verəcək”.

 

Qonaq Azərbaycanda maarifləndirmə işinin istiqamətləri ilə bağlı fikirlərini bildirib: “Biz azərbaycanlılar asanlıqla kütlə mədəniyyətinin təsiri altına düşürük. Bu amildən istifadə etmək və təbliğatla, təhsilin gücləndirilməsi ilə təhsili dəbə çevirmək lazımdır. Bu gün Azərbaycanda dünya standartlarını diktə edən özəl məktəblərimiz var. Əlbəttə, bu, hər hansı gənclər təşkilatının həll edəcəyi bir iş deyil. Burada Təhsil Nazirliyi də axından iştirak etməlidir”. 

 

Sosial reklamların hazırlanması və geniş ictimaiyyətə təqdim olunması istiqamətində görülən işlərin zəif olduğunu deyən Hüseyn Cavadzadə bu problem barədə danışıb: “Biz öz fəaliyyətimiz ərzində hazırladığımız sosial təbliğat vasitələrinin nümayişi ilə bağlı telekanallar tərəfindən problemlə üzləşməmişik. Qanunvericiliyə görə, telekanallar onlara təqdim olunan hazır çarxı nümayiş etdirməlidirlər, lakin onu hazırlamaq ictimai təşkilatların vəzifəsidir. Azərbaycanda gənclərin problemlərinin həlli ilə məşğul olan 200-dən çox ictimai təşkilat var. Bu, sevindiricidir, lakin bu təşkilatların hamısı cəmiyyətdə öz maraqları üçün yox, vicdanla çalışsalar, keyfiyyətli reklam videosu hazırlasalar, bunun nümayişi ilə bağlı problem olmaz. Bu işin görülməsi üçün təşkilatlara vəsait ayrılır”.

 

Hüseyn Cavadzadə müasir gənclərlə yaşlı nəsil arasında ziddiyyətlərin təbii olduğunu deyib: “Azərbaycan dövləti gənclər siyasətini həyata keçirir və dünyada bu istiqamətdə fərdi konseptual dövlət siyasəti ilə çıxış edən 22 dövlətdən biridir. Bu gün yaşlı nəsillə gənc nəsil arasında narazılığa gəldikdə isə, unutmaq olmaz ki, müasir gəncləri bu gün onlara irad tutan yaşlı nəsil yetişdirib. Gənclər daha çox emosional olduğundan, hətta onlara tutulan irad belə geri qayıda bilər. Tarixi təcrübə göstərir ki, bu gün yaşlı nəsil gənclərdən narazı olduğu kimi, gələcəkdə də indiki gənclər özlərindən sonra gələn nəslə irad bildirəcək. İnsanlar arasında yaş fərqi artdıqca, psixoloji məsafə də böyüyür və bunun məqbul ziddiyyət olması təbiidir. Lakin burada ortaq məxrəcə gəlmək, yaşlı nəslin müdrikliyi, təcrübəsi ilə gənclərin innovativliyi, enerjisini birləşdirmək hər kəs üçün səmərəlidir”.

 

Azərbaycan gənclərinin perspektivinə inandığını deyən təşkilat sədri təhsildə gənclərin üzləşdiyi problemlərə də toxunub: “Bu sahədə nə böyük problem kadr çatışmazlığıdır. Təəssüf ki, bu gün müəllimliyi sırf qadın işi kimi görürlər. Ali təhsildə ixtisaslı kadrların ya olmaması, ya da yaşlı nəslin çox olması ciddi problemdir. Bizdə gənc alimlərin az olması Azərbaycan elmi üçün qlobal problemdir. Təsəvvür edin, bu gün ali məktəblərdə tədrislə məşğul olan professorların yaşı 60-ı keçir. 20 il sonra onları kimin əvəz edəcəyi ciddi problemdir”. 

Müəllif | Apa.Tv
Apa.tv