Məktəb bazarlığı: Valideynlərə tövsiyələr
“Bizdə əhalinin qəribə marketoloji yanaşma tərzi var, hamı hesab edir ki, məhsul nə qədər bahadırsa, o daha yaxşıdır. Kiçik ticarət obyektləri müxtəlif sexlərdə, zirzəmilərdə istehsal olunan məhsulları bazara çıxarır”.
Bu fikirləri Apa TV-də yayımlanana “Sosium” proqramının qonağı, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.
Qonaq məktəb bazarlığı zamanı çəkilən xərclərin aşağı və orta gəlirli ailə üçün ciddi məbləğ olduğunu deyib: “Məktəbli xərcləri əsasən tədris ləvazimatları, geyim, çanta və s. üçün nəzərdə tutulur. Məktəbliləri dərsliklə məktəb təmin etsə də, valideynlər iş dəftərlərini almalı olurlar. Bütün bu xərcləri ümumiləşdirsək, bir məktəbliyə çəkilən xərc orta hesabla təxminən 100-150 manat arasında olur. Bir ailədə iki-üç uşağın məktəb xərci olduqca ciddi məbləğdir. Bazarda müxtəlif ölkələrin istehsalı olan müxtəlif ləvazimatlara, məktəb əşyalarına rast gəlirik. Bunları da alarkən keyfiyyət əsas götürülməlidir. Əlbəttə də, qiymət də vacib amillərdəndir. Bizdə adətən deyilir ki, qiymət bahadırsa, deməli, keyfiyyətlidir, amma iqtisadi aləmdə, rəqabət şəraitində əsas şərt məhsulun ucuz və keyfiyyətli olmasıdır”.
Ruslan Atakişiyev əhalidə ictimai nəzarətin də olmasını vacib hesab edir: “Əgər məhsulun qiyməti süni şəkildə bahalaşdırılırsa, və bu keyfiyyətə əsaslanmırsa, təbii ki, həmin məhsuldan uzaq durmaq lazımdır. Digər tərəfdən isə, qiymət ucuzdursa, alınan məhsul tədris ilini tam əhatə etməyəcəksə, bir az baha ləvazimatı almaq daha məsləhətlidir. Alıcılar məhsul alarkən xüsusən də regionlarda malın üzərindəki yazılara diqqət etməlidirlər. Öz imicini qoruyan satış mərkəzlərində satılan məhsulların keyfiyyətli olmasına diqqət edirlər. Bəzən kiçik ticarət nöqtələrində satılan adi dəftərlərin xətləri görünmür. Plastilinlər, yapışqanlar, pozanların da istehsalı zamanı müvafiq norma və standartlar gözlənilmədikdə, uşaqların sağlamlığına mənfi təsir göstərə bilər. İstehlakçılar belə problemlərlə qarşılaşanda müvafiq qurumların qaynar xətt nömrələrinə məlumat verməlidirlər. Qurumlar hər yerdə nəzarətçi qoya bilməzlər, burada ictimai nəzarət də olmalıdır. Digər məsələ isə dövlət tərəfindən pulsuz verilən dərs vəsaitlərinin satılmasıdır. Bu da ciddi qayda pozuntusudur”.
İqtisadçı ekspert məktəb bazarlığının dərs ilinin başlanğıcında yox, əvvəldən edilməsini daha məqsədəuyğun sayır: “Valideynlər məktəblilərin istifadə etdikləri dəftərlərin üstündəki şəkillərə də fikir verməlidirlər, yaxşı olar ki, milli ornamentli, sırf bizim cizgi filmlərinə aid, öyrədici funksiyası olan ləvazimatların alınması vacib olmalıdır, valideynlər buna üstünlük verilməlidir. Bundan başqa, sentyabrın əvvəli məktəb ləvazimatlarının satışı üçün ən yaxşı mövsümdür və imkandır. Ona görə də belə vəziyyətdən möhtəkirlər mümkün qədər qazancla çıxmağa çalışırlar. Bir məhsulun qiyməti 4-5 dəfə artırılaraq “brend” adı ilə satılır. Alıcı hesab edir ki, aldığı məhsul həqiqətən də “brend”dir”.
Ruslan Atakişiyev məktəbli formalarının qiyməti ilə bağlı da fikrini bildirib: “Məktəbli formasının qiyməti səmərəlilik baxımından onun maya dəyəri, istehsalına çəkilən bütün xərclər və ən sonda gəliri də üzərinə gəlməklə formalaşan qiymətdir. Məhsulun tam satılması ilə yanaşı, müəssisənin gəliri və ödənilən vergi, işçilərin əmək haqqı və s. də nəzərə alınmalıdır. Müstəqil iqtisadi ekspertlərin həmin məhsulların maya dəyərlərinin hesablamaq imkanı yoxdur. Bu sahə həm də ölkədə geyim istehsalı sənayesinin inkişafına təsir edir. Orta hesabla Azərbaycanda geyim istehsalı sənayesinin ümumi həcmi 32 milyon manat təşkil edir, bu isə ümumsənaye istehsalının təxminən 0,1 faizidir”.
Qonağın fikrincə, məktəbli formalarının istehsalında rəqabət mühiti yaradılmalı, alıcıların tələb və təklifləri nəzərə alınmalıdır: “İqtisadi sistemdə alıcılar yalnız bir istiqamətdə məhsul almağa məcbur olduqda, istər-istəməz alıcı tələbləri formalaşır və buna uyğun olan məhsullara qara bazarda meyl yaranır. Biz bazar iqtisadiyyatı dövründə yaşayırıq, artıq bazar istehlakçının tələbinə uyğunlaşır, ona görə də rəqabət olmalıdır. Dövlətimizin də apardığı siyasət ondan ibarətdir ki yerli istehsalçılar, sahibkarlar daxildə istehsala vəsait qoysunlar, istehsal inkişaf eləsin. Bu baxımdan tələbatı nəzərə alaraq, xüsusilə yüngül sənayeni inkişaf etdirmək lazımdır. Hazırda daxili istehsal üçün rəqabəti formalaşdırmaq, müxtəlif müəssisələrin bazara girməsinə şərait yaratmaq mümkündür. Bu zaman artıq istehlakçı Çin mallarına, qara bazara yox, öz istehsalçılarımız tərəfindən istehsal olunan məhsullara üstünlük verəcək. Bazar mühitində istehlakçının tələbi birinci yerdə durmalıdır, yəni istehsal istehlakçının tələbi üzərində qurulmalıdır”.
Ruslan Atakişiyev məktəb bazarlığı edən valideynlərə öz məsləhətlərini verib: “Yaxşı olar ki məktəbli ləvazimatları alan zaman müxtəlif yerlərdə müqayisə aparılsın, məhsul çeşidləri arasında fərq müəyyənləşdirilsin. Həm də keyfiyyətli məhsulu ilə etibar qazanan ticarət mərkəzlərinə müraciət etmək lazımdır. Qiyməti ucuz olsa belə, standartların gözlənilməməsi baxımından müəyyən məhsullar uşaqların səhhətinə mənfi təsir edə bilər”.