Hepatit A xəstəliyi keçirmiş insanlar da qan donoru ola bilər - EMİL VƏLİYEV

“Talassemiyalı xəstələrin daim təzə qana ehtiyacı var, ona görə də mütəmadi donorluq təbliğ olunmalıdır. Hətta hepatit A keçirənlər də donor ola bilərlər, lakin onların qanını talassemiyalı xəstələrə istifadə etmək olmaz. Təəssüf ki, insanların qan ehtiyacını gəlir mənbəyinə çevirən bəzi qeyri-dövlət təşkilatları var ”.

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, LAYF İctimai Birliyinin icraçı direktoru Emil Vəliyev deyib.

 

Azərbaycanda toplanan qanın ehtiyacı ödəmədiyini deyən qonaq problemin səbəblərindən danışıb: “Problem mütəmadi könüllü donorluğun aşağı səviyyədə olmasıdır. Aksiyalar zamanı toplanan qan qısa müddətdə bitir. Azərbaycanda ümumi əhalinin 9 faizi talassemiya xəstəliyi daşıyıcısıdır və bundan başqa daim qana ehtiyacı olan digər irsi qan xəstələri də var. Leykozdan əziyyət çəkən xəstələrə həftədə bir paket qan lazımdır. Bu böyük rəqəmdir, çünki ölkədə yüzlərlə, minlərlə belə xəstə var”.

 

Emil Vəliyev cəmiyyətdə donorluq barədə məlumatın az olduğunu deyib: “Qan verməyin, könüllü və mütəmadi  donorluğun sağlamlıq baxımından ilk növbədə insana faydalı olduğunu təbliğ etmək lazımdır. Hər 6 aydan bir qan verməklə donor öz orqanizmində ehtiyacı olmayan qandan azad olur, qan dövranı yenilənir, donorluğun ürək və digər damar xəstəliklərində çox böyük əhəmiyyəti var. LAYF İctimai Birliyinin əsas məqsədi kütləvi aksiya keçirmək yox, mütəmadi könüllü qan donorluğunu təbliğ etməkdir. Birdən-birə 100-200 donor qanını Mərkəzi Qan Bankına verməkdənsə, talassemiya və digər xəstələrin gündəlik ehtiyacına uyğun işləmək yaxşıdır”.

 

Qonaq mütəmadi donorluq vasitəsilə toplanan qanın daha faydalı olduğunu bildirib: “Biz leykoz və talassemiyalı xəstələrlə işlədiyimizə görə, çalışırıq ki, qan verildikdən iki sonra xəstəyə köçürülsün. Bunun üçün valideyn bir həftə əvvəldən bizə xəbər verir. İndiyə qədər LAYF İctimai Birliyində daim qan köçürülən 133 uşaq qeydiyyatdan keçib, biz onları mütəmadi qanla təmin edirik. Bəzi talassemiyalı xəstələrə ayda 3 paket qan, bəzilərinə iki və ya bir paket qan lazım olur. Burada yaş həddinin də böyük önəmi var, orqanizm böyüdükcə tələbat artır”.

 

Qana ehtiyacın artmasının səbəblərindən danışan Emil Vəliyev nikahdan öncə tibbi müayinənin əhəmiyyətini qeyd edib: “Əvvəllər bir çox bölgələrimizdə uşaqların kiçik yaşda ölməsinin səbəbini bilmirdilər. Lakin son dövrlərdə bu işə dövlət səviyyəsində diqqət yetirilir. Statistikaya görə, Azərbaycanda hər 9 nəfərdən biri talassemiya daşıyıcısıdır. Əslində sağlam olan bu daşıyıcılar özü kimi daşıyıcı ilə ailə qurarsa, dünyaya gələn övladlarından birinin xəstə olma ehtimalı böyükdür. Belə cütlüklərə əvvəlcədən məlumat verilir ki, diqqətli olsunlar. Müayinə və nəzarət nəticəsində onların da sağlam uşaq dünyaya gətirmək imkanları var”.

 

Qonaq donor olmağın şərtləri barədə də məlumat verib: “Bəzi donorların qanını talassemiyalı xəstələrə istifadə etmək olmaz. Əvvəllər Hepatit A keçirmiş insanın qanından istifadə etmirdilər, amma uşaqlıqda yüngül formada keçirmiş insanların qanı çox təmiz olur və biz onları da donor kimi dəvət edirik. Dəri-zöhrəvi xəstəlik keçirənlər, əməliyyat keçirənlər qan verə bilməzlər. Ağır əməliyyatlardan bir il sonra, bəzi yüngül əməliyyatlardan 6 ay sonra qan vermək olar. Maarifləndirmə ona görə vacib lazımdır ki, donorluğun şərtlərinə uyğun olmayanlar öncədən qan verməsinlər, çünki qanın işlənməsinə də vəsait sərf olunur. Qanvermə aksiyaları keçirmək vacibdir, bu zaman toplanan qan digər xəstəliklərə işlənir. Amma talassemiyalılar üçün daim təzə qan lazımdır, ona görə də biz şirkətlərlə işləyirik. Onların əməkdaşlarının məlumat bazasından istifadə edərək həmin şirkətlərə anketlər göndəririk”.

 

Donorluğa marağı artırmaq üçün onlara diqqətin artmasının əhəmiyyətini xüsusi qeyd edən Emil Vəliyev xarici təcrübədən də misal gətirib: “Xarici ölkələrdə donorlara maddi və digər hədiyyələr olur. Biz həmçinin talassemiyalı uşaqların sosial həyatını zənginləşdirməyə çalışırıq. Azərbaycanda ən ciddi məsələ ictimai kənarlaşdırma problemidir. Biz eyni zamanda, talassemiyalı vətəndaşlarımızın da psixoloji vəziyyətini bilməliyik. Ən çox Şəki və Qəbələdə tədbirlər keçiririk, çünki ən çox talassemiyalı xəstələrə burda rast gəlinir”.

 

Qonaq maarifləndirmənin əhəmiyyətini qeyd edib: “Maarifləndirmə işində ən böyük güc mətbuatdır. İnsanlara çağırışlara biganə qalmırlar, sadəcə, əvvəlcə insanlar hara və necə müraciət edəcəklərini bilmirdilər, çünki bu cür xəstəliklər üzərindən gəlir əldə edən qeyri-dövlət təşkilatları var. Məsələn, bəzi saytlar var ki, donorluğu təbliğ edir, müraciət edəndə isə donoru özəl klinikaya yönəldirlər. Bu isə müəyyən qiymətlərlə əməliyyat olunan xəstənin hesabına yazılır. Azərbaycanda düzgün təbliğatla insanları donorluğa cəlb etmək o qədər də çətin deyil. Lakin bizdə donorların əksəriyyəti qohumluq əlaqələri ilə üzə çıxır”.

 

Müəllif | Apa.Tv
Apa.tv