Bakının hansı küçələrində hərəkət istiqaməti dəyişdiriləcək? - SOSİUM
“Körpülərin və asfalt örtüyünün tez sıradan çıxmasının səbəbi ağır tonnajlı yük maşınlarının normadan artıq yüklənməsidir. Yay fəslində qollarda görülən işlər qrafiklə həyata keçirilir. Nəqliyyatın sıx olduğu hissələrdə isə işlər gecə görülür. Sürücülərin minik maşınlarını piyada səkilərinə qaldırmasının qarşısını almaq üçün səkilərin hündürlüyü 35 sm-ə çatdırırlır”.
Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.
Anar Nəcəfli 2015-ci ilin birinci yarısında görülən işlər barədə ümumi məlumat verib: “Regionların İqtisadi İnkişafı üzrə Dövlət Proqramı və Avtomobil Yollarının Yenilənməsinə və İnkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı çərçivəsində xeyli iş görülüb. I Avropa Oyunları ərəfəsində Bakıda yol-nəqliyyat strukturunun yaxşılaşdırılması istiqamətində yeni yol şəbəkəsi yaradıldı. Bakı Olimpiya Stadionu ətrafında ümumi uzunluğu 15 kilometrə çatan yeni yollar inşa olundu. Bu ərazidə iki körpü, iki yeraltı tunel, bir piyada yolu, bir piyada tuneli, bir piyada körpüsü inşa edildi. Heydər Əliyev prospekti tam şəkildə yenidən təmir edildi və avtomobillərin hərəkət istiqamətində müəyyən dəyişikliklər olundu. O cümlədən, Qələbə dairəsi, 20 Yanvar dairəsi, Statistika Komitəsinin qarşısındakı dairə, Sulutəpə dairəsində görülən işlər müsbət nəticəsini verdi. Hal-hazırda Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişdiyi istiqamətdə genişləndirmə işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra Xətai prospekti ilə Heydər Əliyev prospektinin kəsişdiyi yol hissəsinin ötürücüsündə də analoji işlər həyata keçiriləcək. Bu isə Yusif Səfərov küçəsinin sonunda yaranan tıxacların qarşısını alacaq”.
“Azəryolservis”in mətbuat katibi dərs ilinin başlanması ilə əlaqədar görülən işlərdən də danışıb: “Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən yeni tədris ilinin başlanması ilə əlaqədar əsasən təhsil müəssisələrinin ətrafında piyada zolaqlarının yenidən rənglənməsi, zəruri hissələrdə yeni piyada zolaqlarının çəkilməsi istiqamətində işlər davam etdirilir. Yaxın günlərdə bu işlər tamamilə yekunlaşacaq”.
Təmir və yenidənqurma işlərinin Bakının təkcə mərkəzi küçələrində aparılmadığını deyən qonaq ətraf yollarda və ara küçələrdə də iş görüldüyünü deyib: “Bir çoxları düşünür ki, Bakının yalnız mərkəzi küçələrində işlər görülür. Məlumat üçün deyim ki, bu ilin əvvəlindən 181,1 km. yol yenidən qurulub və təmir edilib. O cümlədən, kənar küçələrdə də 40-a yaxın küçədə bu işlər həyata keçirilib, bu isə 20 km. yol deməkdir. Ümumilikdə, birinci yarımildə 250 min kvadrat sahəyə yeni asfalt örtüyü döşənib. Təkcə Bakı şəhəri üzrə 70 km. yeni yol salınıb. Hazırda Bakı şəhəri üzrə Ağ şəhər layihəsi çərçivəsində uzunluğu 1050 metr olan Xaqani Səfərov küçəsində işlər görülür. Həmçinin Qala-Pirallı, Qala-Mərdəkan avtomobil yolunun yenidənqurma işləri davam etdirilir. Bilgəh, Hövsan, Sumqayıt istiqamətində yeni yol çəkilir. Regionlarda da bu işlər eyni sürətlə davam etdirilir”.
Anar Nəcəfli yolların təmirinin uzun çəkməsi ilə bağlı narazılıqlara da münasibət bildirib: “Asfalt-beton örtüyünün təmiri və ya yenidən çəkilməsi uzun sürən bir prosesdir. Bu işdə kanalizasiya sistemi yenidən işlənir, yeraltı kommunikasiya xətləri çəkilir və əlaqədar qurumlarla birlikdə kompleks şəkildə iş görülür”.
Qonaq piyada səkilərinin təmirinin “Azəryolservis” ASC-nin fəaliyyətinə daxil olmadığını deyib: “Yol təmir olunarkən piyada səkilərinin təmir olunması bizim qurumun gördüyü işlər sırasına aid deyil. Amma yeni tikilən yollarda piyadaların rahat hərəkəti üçün geniş səkilər tikilib. Körpülərin inşası zamanı da bizim idarə tərəfindən piyada səkiləri nəzərdə tutulur. Məsələn, sonuncu dəfə Kür çayı üzərində istifadəyə verilən körpülərdə piyadalar üçün 5 metr enində səki nəzərdə tutulub. Son illərdə piyada səkilərinin hündürlüyü də 35 sm-ə çatdırılır. Çünki alçaq səkilərə çox vaxt minik maşınlarını qaldırırlar ki, bu da piyadaların hərəkətinə mane olur”.
Anar Nəcəfli Bakı-Quba istiqamətində yol təmiri barədə də məlumat verib: “Qəzaların tez-tez baş verdiyi ərazilərdən biri də Bakı-Quba-Rusiya Federasiyası sərhədi istiqamətində avtomobil yoludur, hazırda biz orada bərpa işləri həyata keçiririk. Ağır tonnajlı maşınların hərəkəti nəticəsində yolun hərəkət hissəsi sıradan çıxmışdı. Həmin yolda dəmir tirlər beton maneələrlə əvəz olunur. Bu maneələrdə qəza zamanı təkər qaytaran hissələrin olması təhlükəsizlik baxımından daha məqsədəuyğundur”.
Nazirlik rəsmisi sağlamlıq imkanları məhdud şəxslərin küçələrdə rahat hərəkət etməsi üçün şəraitin yaradıldığını deyib: “Yenidən qurulan yollarda fiziki cəhətdən qüsurlu olan insanların hərəkəti üçün piyada səkilərində xüsusi yerlər nəzərdə tutulur. Bundan əlavə, yeraltı və yerüstü piyada keçidlərində də bu işlər həyata keçirilir. Bəzi keçidlərdə sağlamlıq imkanları məhdud insanların əl arabası ilə birlikdə rahat hərəkət etməsi üçün xüsusi mexanizmlər də qurulur”.
Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsində təmir işlərinin yekunlaşdığını deyən Anar Nəcəfli yolun nə vaxt istifadəyə veriləcəyini açıqlayıb: “ Hal-hazırda Hacıqabul-Kürdəmir-Ucar-Yevlax-Tərtər istiqamətində yolun genişləndirilməsi aparılır, işlərin çoxu yekunlaşdırılıb. Gələn il bu yolun istifadəyə verilməsi gözlənilir”.
Qonaq idarənin payız-qış mövsümünə hazırlığı ilə bağlı da məlumat verib: ““Azəryolservis” sürüşmə zonasına düşən yollarda yol yatağının bərkidilməsi işlərini həyata keçirilir. Bu ərazilərdə yolun hərəkət olan hissəsinin təhlükəsizliyi üçün beton hasarlar tikilir. Bu yollarda növbəli rejimlə iş davam edir, hər hansı hadisə baş verərkən tez bir zamanda aradan qaldırılır. Eyni zamanda, payız-qış mövsümü ilə əlaqədar tədbirlər planı hazırlanıb, həmin yollarda qərargah yaradılacaq. Bizim tabeliyimizdə olan bütün yollara buzlaşma ilə bağlı tapşırıqlar verilib, xüsusi texnika və materiallarla təchiz olunub”.
Anar Nəcəfli yolların tez-tez sıradan çıxmasının səbəblərindən də danışıb: “Yolun asfalt hissəsinin tez-tez sıradan çıxmasının əsas səbəbi ağır tonnajlı yük maşınlarının normadan artıq yüklənməsidir. “Azəryolservis” DYP ilə birlikdə yollarda reyd keçirir. Belə hallar aşkarlanarsa, həmin yük maşınları saxlanılır, normadan artıq yüklənmiş materiallar boşaldılır və cərimə yazılır. Sürücülər özləri başa düşməlidirlər ki, bu, həm maşın, həm yol, həm də digər sürücülərə təhlükə yaradır. Çox yüklənmiş yük maşınları həm də körpüləri sıradan çıxarır, qəzalı vəziyyətə düşməsinə səbəb olur. Belə maşınlar üçün çəkilən alternativ yollardan istifadə etmək lazımdır”.