Birincilərin məktəb xofunu necə aradan qaldırmaq olar? - PSİXOLOQ MƏSLƏHƏTİ

 

... “Gənc müəllimlər dərsə daha fərqli yanaşırlar”

... “Nənə-baba yanında böyüyən uşaqlar ikili tərbiyə sistemində formalaşırlar”

... “Bəzən məktəb qorxusu 10-12 yaşa qədər davam edə bilər”

... “Birinci sinfə qəbul zamanı uşaqlar mütləq loqoped müayinəsindən keçməlidirlər”

 

Bu fikirlər APA TV-də yayımlanan “Sosium” proqramında səslənib.

 

Verilişin qonağı, psixoloq Gülnar Orucova birincilərin məktəb qorxusunun səbəbləri barədə geniş danışıb: “Birincilər sosial adaptasiya problemi yaşayırlar, çünki dünya təhsil sistemində əsasən 3-4 yaşdan məktəbə hazırlıq başlanılır. Bağça mərhələsini keçməyən hər bir uşaq məktəbdə o qorxunu yaşayacaq. Uşaq anadan gördüyü qayğını pedaqoqdan görmək istəyir. Pedaqoq diqqətini 25 yerə paylamalıdır, eyni zamanda tədrislə də məşğul olmalıdır. Digər problem yuxu rejiminin dəyişməsi ilə bağlıdır. Məktəbə gedən uşaq artıq səhər tezdən oyanmalıdır. Bütün gününü oyunla keçirmək əvəzinə artıq 45 dəqiqə tabe olmalı, oturmalı və qulaq asmalıdır. Bütün bunlar uşaq üçün dözülməz olduğuna görə uşaq ağlayır və məktəbə gəlmək istəmir. Bəzi ölkələrdə ilkin bir iki ayı dərsi uşaqları öyrəşdirmək üçün xüsusi rəsmlərlə, oyunlarla keçirlər. Bizim tədris sistemində isə ilk gündən kitab, dəftər və yazı başlayır. Hazırlığa getməyən uşaqlar üçün bu çətin olur. Bəzən valideyn evdə uşağına şeiri öyrədir və uşaq həmin şeiri yaxşı deyir. Amma sosial mühitdə, başqalarının qarşısında deyə bilmir”.

 

Pedaqoq Vüsalə Bayramova uşağın bütün davranışlarının əslində valideyndən qaynaqlandığını deyib: “Valideyn, xüsusilə də ana elə etməlidir ki, uşaq insanlardan çəkinməsin. Bəzən analar uşağı sakitləşdirmək üçün telefonu ona verir və bununla da uşaq onu narahat etmir. Bu belə olmamalıdır. Uşağa diqqət ayırmaq onunla maraqlı vaxt keçirmək lazımdır. Uşağı hər şeydən çəkindirmək də düzgün deyil. Ailədən asılı olaraq hər uşaq fərqlidir. Uşaqların pedaqoqdan birinci tələbi sevgidir. Müəllim şagirdin birini digərindən üstün tutmamalıdır. Onların müəllimə qarşı hərəkəti, özlərinə olan münasibətin cavabıdır, uşaqları acılamaq, kobudlamaq olmaz. Onlar sizi çox istəsələr, incitməyə də qıymayacaqlar”.

 

Gülnar Orucova uşaqların öz hisslərini ifadə edə bilməməsini valideynlərin münasibəti ilə əlaqələndirib: “Valideynlər evdə emosiyaları paylaşmırlar. Mən seni sevirəm sözünü uşaqlıqdan ifadə etmək lazımdır ki, uşaq bu sözü eşitsin və bu sözə reaksiya versin. Uşaqlar daha çox itirmək qorxusundan məktəbə uyğunlaşmaqda çətinlik çəkirlər. Bağçaya və yaxud da çoxlu inkişaf etdirici kurslara gedən uşaqlar artıq anadan ayrı qalmağa öyrəşirlər”.

 

Birincilərin məktəbə bir həftəyə uyğunlaşdığını deyən Vüsalə Bayramova valideynlərlə işləməyin də asan olmadığını etiraf edib: “Təxminən bir həftəyə məktəbdə uşaqlarla bir-birimizi sevməyə başlayaq. Əlbəttə,  ilk günlər çox çətindir. Uşaqlardan çox valideynlər narahat olur, tez-tez zəng vururlar. Valideynlər öz uşaqlarına başqalarını sevməyi öyrətməlidir. Bəzi uşaqlar əşyalarını başqaları ilə paylaşmaq istəmirlər. Belə uşaqlarla işləmək güc, səbir tələb edir. Ağlayan, məktəbdə qalmayan uşaqlar bağçaya getməyən uşaqlardır”.

 

Gülnar Orucova nənə-baba yanında tərbiyə alan uşaqlarla işləməyin daha çətin olduğunu deyib: “Belə ailələrdə ikili tərbiyə sistemi var, ata-ana bir söz deyir, amma nənə ilə baba başqa söz deyir. Nənə-baba tərəfindən xüsusi əzizlənən uşaqlar istəyir ki, məktəbdə daha çox onlara diqqət yetirilsin. Həmin uşaqlar sanki həmişə mübarizə içərisində olurlar və həmişə tələsdikləri üçün gördükləri işdə ləngimə olur”.

 

Psixoloq məktəb qorxusuna yuxarı sinif şagirdlərində də rast gəlindiyini deyib: “Bu problemə nəinki birinci siniflərdə, eləcə də məktəbini dəyişən digər şagirdlərdə də rast gəlinir. Bəzən məktəb mühitinə uyğunlaşma 10-12 yaşa qədər çəkə bilər. Məktəbini dəyişən uşaqlarda da başqaları tərəfindən qəbul olunmamaq qorxusu olur. Ümumiyyətlə, risk etməyi sevən insanlar hər yaşda dəyişikliyə hazır olur, iş yerini dəyişsə belə, uğur əldə edəcəyinə inanır. Özünə inamı olan şagirdlər də yeni sinfə tez uyğunlaşır, tezliklə yeni dostlar tapırlar”.

 

Gülnar Orucova uşaqlarda dil qüsurlarının vaxtında aradan qaldırılmasının vacibliyini vurğulayıb: “Birinci sinfə gedən uşaqlarda ön dişlər tökülür, bu zaman bəzi səslər itir və uşağın fərqli danışığı diqqət cəlb edir. Bunu hiss edən uşaq danışmaqdan, fikrini ifadə etməkdən çəkinir və özünə inamı azalır. Birinci sinif şagirdlərinin çoxu "r" səsini tələffüz edə bilmir. Müəyyən dövrə, yəni 4-5 yaşa qədər bu normaldır. Amma bir müddət sonra artıq bütün səslər yerinə oturmalıdır”.

 

Vüsalə Bayramova bəzi məktəblərdə tez-tez ibtidai sinif müəllimini dəyişməyin doğru olmadığını bildirib: “Xaricdə bir müəllim 4 il eyni sinifdə dərs demir, çünki bu, uşaqlarda müəllimə bağlılıq yaradır və iz qalır. Məncə, pedaqoqu tez-tez dəyişmək həm müəllim, həm də uşaq üçün çətindir”. 

Müəllif | Apa.Tv
Apa.tv