Üzdəki tüklərdən birdəfəlik xilas olmaq saxta reklamdır - DERMATOLOQ
“Lazer epilyasiyasının bir neçə seansından sonra tüklər artır”...
“Günəş vannası və solyariumdan sonra lazer epilyasiyası dəridə yanığa, çətin gedən ləkələrə səbəb ola bilər”...
“Kişilərdə və qadınlarda üz nahiyəsindəki tüklərdən həmişəlik azad olmaq qeyri-mümkündür”...
“Sarı tüklərdən şikayət edən pasiyentlər bilməlidirlər ki, bir müddət sonra tüklər 3 dəfə artacaq”...
“Qadınlarda epilyasiya dövrünün düzgün seçilməsi ağrının daha az hiss olunmasına təsir edir”...
“Lazer xərçəng yaratmır, lakin xərçəngin qidalanmasını sürətləndirir”...
“Hamiləlik zamanı lazer dölün inkişafına təsir etmir, sadəcə, qadınlar bu dövrdə ağrıya həssas olur”...
“Gözəllik salonlarının lazer epilyasiyası etməyə ixtiyarı yoxdur”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, həkim-dermatoloq Günay Mikayılova deyib.
Qonaq lazer epilyasiyasının üstünlüklərindən və növlərindən danışıb: “İlk vaxtlar fotoepilyasiya üsulundan çox istifadə olunurdu. Lakin fotoepilyasiya selektiv epilyasiya hesab olunmur və sırf tükə təsir etmir. Hazırda lazer epilyasiyası daha effektlidir. Çünki lazer epilyasiyası tükə seçici yanaşır, sırf tükə təsir edir. Lazer bizim əsas xromoforumuz olan melaninə, yəni tükə və dəriyə rəng verən piqmentə təsir edir. Lazerin üç növü var - aleksandrit, diod və ND-yag (endiyak) lazeri. Bunların hər birinin dalğa uzunluğu fərqlidir. Melanin üçün ən yaxşı lazer aleksandritdir. Aleksandrit lazerinin şüası daha az dərinliyə təsir edir. Bu zaman qalın və cod tüklər enerjini yaxşı qəbul edir”.
Günay Mikayılova lazer epilyasiyasından sonra tüklərin artmasının səbəbini açıqlayıb: “Epilyasiyanın bir neçə seansından sonra tüklərin sinxron böyümə mərhələsi başlayır. Bu zaman tüklər artır. Bu normaldır. Növbəti prosedur vaxtı lazer daha çox tükə təsir edəcək. Müasir dövrdə tüklər üçün aleksandritdən yaxşısı yoxdur, bu, tüklərin 80-90 faizinə təsir edir”.
Həkim-dermatoloq lazerin dəriyə və damarlara təsirindən də danışıb: “Aleksandrit lazeri damara təsir edə bilmir. Damara təsir edən ND-yag lazeridir. Ağarmış, rəngsiz tüklər üçün ND-yag effektlidir, çünki ND-yag tükü qidalandıran damarları yandırır. ND-yag-la həm də genişlənmiş damarlar müalicə olunur”.
Günəş vannası və ya solyariumdan sonra lazer epilyasiyasının təhlükəli olduğunu deyən mütəxəssis bu zaman yarana bilən problemlərdən də danışıb: “Günəş vannası və yaxud solyariuma ən azı bir həftə qalmış və 2-3 həftə, bəzən isə bir ay sonra epilyasiya etmək olar. Dəri qaralarkən burada melanin səviyyəsi artır. Artıq lazer bu melaninin tükə, yaxud dəriyə aid olduğunu seçə bilmir. Açıq rəngli dərilərdə melanin yalnız tükdədir, dəridə azdır. Günəş vannasından sonra dəridə melanin artır və lazerin təsiri nəticəsində dəridə yanıq, ağ ləkələr əmələ gəlir. Düzgün qulluq edildikdə bu ləkələr keçir, amma müddət fərqlidir”.
Günay Mikayılova həm gənclərdə, həm də yaşlılarda lazer prosedurunun yaş həddi barədə məlumat verib: “Qızlarda 12-14, oğlanlarda 17-18 yaşda hormonlarda dəyişiklik gedir, yalnız bu dövrdən sonra epilyasiya etmək olar. Həmin dövrdə dəri çox həssas olur, ləkələrə, yanmalara bu dövrdə daha çox rast gəlinir. Bəzən yetişkənlik dövründən sonra tüklər artır, çünki orqanizmdə hormonal dəyişiklik baş verir. Lazer epilyasiyasının son yaş həddi müxtəlifdir. Bəzən 60, bəzən isə 40 yaş ola bilər. Əgər tükün kökündə piqment yoxdursa, yəni tük ağarıbsa, aleksandrit lazerinin faydası yoxdur. Əgər 60-65 yaşında xanım ağ tüklərdən şikayət edirsə, ona ND-yag təklif etmək lazımdır. Amma onu da nəzərə almaq lazımdır ki, 30 yaşlı xanımla 60 yaşlı xanıma eyni ND-yag lazer dozası tətbiq etmək olmaz. Dərinin yaşlanması nəzərə alınmalıdır”.
Kişilərdə epilyasiyanın daha uğurlu nəticə verdiyini deyən qonaq bunun səbəblərini də izah edib: “İlk mərhələlərdə effektivlik kişilərdə daha yaxşı olur. Çünki kişilərdə yanaqlarda cod tüklər olur, təbii ki, cod tükü aparmaq rahatdır. Lakin vaxt keçdikcə, tüklər nazildikcə, burda problemlər üzə çıxır, lazerin təsiri azalır. Lakin xüsusilə kişilərin tüklərdən birdəfəlik qurtarması mümkün deyil, çünki kişilərdə tükün inkişafına təsir edən hormon normadadır, bunu aşağı salmaq düzgün deyil. Üz nahiyəsində olan tüklərdən qadınlar da birdəfəlik azad ola bilmirlər. 12-15 seansa üzdə çox gözəl effektlər əldə olunur, lakin yüz faiz nəticə mümkün deyil. Cod tüklər gedir, amma narın və sarı tüklər həmişə qalacaq”.
Günay Mikayılova lazer prosedurlarının daha ağrısız olması üçün məsləhətlər də verib: “Xanımlarda aylıq siklin ortasında ağrı nisbətən az olur, aybaşına bir-iki gün qalmış həm ağrı, həm də yanıq riski çox olur. Qalın tüklər daha çox ağrıdır, çünki tük qalın olduğu üçün enerjini çox götürür. Bir neçə seansdan sonra tüklər nazilir və ağrı azalır. Qarabuğdayı insanlar ağrını daha çox hiss edirlər. Ümumiyyətlə, ağrısız epilyasiya yoxdur və bu baxımdan ən uyğunu aleksandrit lazeridir”.
Qonaq lazer başlığı ilə dəri xəstəliklərinin keçməsinin mümkün olmadığını deyib: “Lazer başlıqlarında mikrob yaşaya bilmir, çünki lazer onu yandırır. Buna görə başlıqla dəri xəstəliklərinin keçməsi qeyri-mümkündür və heç bir canlı mikroorqanizm lazerin enerjisinə dözmür. Heç bir gözəllik salonunun lazer epilyasiyası ilə məşğul olmağa ixtiyarı yoxdur, bu, sırf tibbi prosedurdur və həkim nəzarəti altında həyata keçirilməlidir. Epilyasiya zamanı tüklərin ətrafında şişkinlik normaldır, bu, bəzən 1-2 saata, bəzən isə 1 günə qədər də çəkə bilər. Şişkinlik normaldır və o deməkdir ki, tükün kökünə enerji gedir. Qızartı keçəndən sonra dəriyə su vurmaq olar. Lazerdən sonra sakitləşdirici vasitələrdən istifadə olunur”.
Həkim lazer epilyasiyasına əks göstərişlərin də olduğunu deyib: “Lazer epilyasiyası tibbin fizioterapiya bölümünə aid olduğuna görə, əks göstərişləri də var. Lazerə əks göstərişlər qan xəstəlikləri, bədxassəli şişlərdir. Əksəriyyət lazerin xərçəng əmələ gətirdiyin düşünür, lakin bu doğru deyil. Lakin əgər orqanizmdə əvvəlcədən gizli proses gedirsə, lazerdən sonra şişin qan dövranı və qidalanması yaxşılaşır. Açıq yaralarda, dərinin bütövlüyü pozulduqda, iltihablı nahiyələrə lazer olmaz. Hamiləlik dövründə lazerin dölün inkişafına heç bir əks təsiri yoxdur. Sadəcə, bu dövrdə qadınlarda ağrı sindromu güclü olur, hormonal fon dəyişir, yanıqların sayı artır və hətta ağrıya görə açılış da ola bilər”.