Pulunuzu 3 günə geri ala bilərsiniz – ELEKTRON TİCARƏTİN ÜSTÜNLÜKLƏRİ
“Elektron ticarəti insanların gözündə populyarlaşdıran əsas səbəblərdən birincisi vaxtdır. Çünki, insanların ən dəyər verdiyi məfhum zaman anlayışıdır. İkinci isə təhlükəsizlik amilidir. Kiməsə bir hədiyyə almaqdan ötrü işinizdən ayrıla bilmirsiniz, zamanınızı itirmək istəmirsiniz, həmin vaxt daxil olursunuz elektron saytlardan birinə və məhsulu alırsınız. Məhsul 1-2 saata ünvana çatdırılır”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, elektron ticarət üzrə mütəxəssis Rəşad Camal deyib.
Onun sözlərinə görə, təhlükəsizlik amilində önəmli nüanslardan biri insanların üzərlərində külli miqdarda pul gəzdirməyə ehtiyac olmamasıdır: “Bir var, üzərinizdə küllü miqdarda pulla gəzirsiniz, bir də var ki pul kartdadır. Kart itsə belə, özünüz və pulunuz təhlükə altında olmur. Şirkətlər üçün isə elektron ticarət şəffaflıq məsələsidir. Xidmətlər elektronlaşdıqda hər şey asanlaşır. Məsələn, “ASAN xidmət”i misal göstərmək olar, burada problemlər sürətlə həll olunur. Elektron ticarət həm dövlət üçün, həm şirkətlər üçün bir şəffaflıq məsələsidir. Burada hər bir proses qeydə alınır. Buna görə də bütün dünyada elektron ticarətin həcmi hər gün böyüyür. Dünyada elə bir brend yoxdur ki öz məhsullarını elektron ticarət saytlarına verməsin və yaxud özü online satışla məşğul olmasın”.
Elektron ticarət vasitəsilə əldə olunan məhsulların 14 gün müddətində geri qaytarılmasının mümkün olduğunu deyən Rəşad Camal bəzi istisnaların olduğunu vurğulayıb: “Bura kosmetik məhsulları, alt paltarları və bir neçə başqa məhsul daxildir. Onları açıb istifadə etdikdə gigiyenik qaydalar pozulur və buna görə də belə məhsulları geri qaytarmaq mümkün deyil. Bu proses Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir, hər hansı elektron şirkəti, online şirkət sizin məhsullarınızı geri qaytarmasa, 195 nömrəsinə zəng edib öz şikayətinizi bildirə bilərsiniz. Digər tərəfdən insanlar orijinal olmayan məhsullardan səpə bilər, dəri zöhrəvi xəstəlikləri yarana bilər. Bu zaman nəinki məhsulun geri qaytarılması mümkündür, hətta şikayətçi tərəf məhkəməyə müraciət edə bilər. Bu zaman artıq bir neçə dövlət orqanı prosesə daxil olur. Əgər mal orijinal, lisenziyalı məhsul deyilsə, təbii ki bu mal geri qaytarılır. Məhkəməyə vermək artıq alıcının şəxsi qərarıdır”.
Mütəxəssis cəmiyyətin yenilikləri asanlıqla qəbul etmədiyini deyib: “Amma Azərbaycanda elektron ticarətin həcmi sürətlə artır. 3 il bundan qabaq barmaqla sayıla biləcək elektron ticarət saytları vardı və bu saytlarda plastik kartla ödəniş edilmirdi. Bu gün 150-200 arası elektron ticarət saytı var. Bu eyni zamanda yeni iş yeridir. İnsanlar güvəndiyi təqdirdə elektron ticarətin həcmi çox sürətlə böyüyür. Amma təbii ki, istədiyimiz hədəflərdə deyilik”.
Rəşad Camalın sözlərinə görə, müştəri məmnun qalmadığı təqdirdə məhsulu qaytarırsa, onun pulu geri ödənilir: “Azərbaycan pulun geri qaytarılması prosesinə görə, ABŞ və Avropa İttifaqı ölkələrindən də irəlidədir. Azərbaycanda pulun geri qaytarılması 1-3, bəziləri şirkətlərdə isə 1-7 gün çəkir. Xaricdə isə bu proses 30 iş günü müddətində reallaşır. Seçimdə səhv olanda, diqqətsizlik ucbatından yanlışlıq olanda heç bir problem olmadan məhsulu geri qaytarmaq mümkündür. Bir saytın qurulması bir dükanın açılması qədər investisiya tələb edir, bu proses heç də asan deyil”.