Enerji içkiləri orqanizmdə ciddi fəsadlar yaradır - XƏBƏRDARLIQ

“Enerji içkiləri uşaq və yeniyetmələr üçün xüsusilə təhlükəlidir”...

“Gündə bir banka enerji içkisi qəbul edən şəxs bir müddət sonra həmin effekti ala bilmir və dozanı artırır”...

“İdmançıların enerji içkilərindən istifadəsi ağır fəsadlara səbəb ola bilər”...

“Azərbaycanda enerjili içkilərin istifadəsinə məhdudiyyət qoyulmalıdır”...

“Spirtli içki ilə yanaşı enerji içkilərinin qəbulu ürək-damar xəstəliklərinə, insulta səbəb ola bilər”...

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin eksperti Nabil Seyidov deyib.

 

Ekspert enerji içkilərinin tərkibində insan orqanizminə təsir edən maddələr barədə məlumat verib: “Bu maddələrdən insan orqanizminə ən çox təsir edən kofeindir, ikincisi şəkərdir, daha sonra isə bitki mənşəli müxtəlif maddələrdir. Müxtəlif içkilərdə onların həm tərkibi, həm də dozaları tamamilə fərqli olur. Bəzi içkilər nisbətən təhlükəsiz olsa da, böyük əksəriyyəti doğrudan da təhlükəlidir. Qərb ölkələrində və ABŞ-ın bəzi ştatlarında bu cür içkilərin üzərində hamilə qadınların və azyaşlı uşaqların istifadəsi ilə bağlı xəbərdarlıq var. Bu ölkələrdə həkimlər tərəfindən geniş maarifləndirmə proqramları aparılır. Son bir neçə il ərzində ABŞ-da enerjili içkilərindən zəhərlənmə səbəbli iki min uşaq hospitalizasiya olunub. Bu içkilər adi sərinləşdirici içkilərlə eyni deyil. Hesablamalara görə, 10 yaşına qədər olan uşaq gün ərzində 80 milliqramdan artıq kofein qəbul etməməlidir. Amma bu içkilərin tərkibində ən minimal doza təxminən 150 milliqramdan artıqdır”.

 

Qonaq enerjili içkilərin aludəçilik yaratması ilə bağlı fikirlərə də münasibət bildirib: “Enerjili içkilərin aludəçiliyə səbəb olması qeyri-mümkündür. Aludəçiliklə qəhvə, çay və enerji içkilərin yaratdığı tolerantlıq fərqlidir. Yəni kofein tərkibli içkidən istifadə edən insan hər gün bir banka enerjili içki qəbul edirsə, bir müddətdən sonra həmin kofeinin miqdarı onun beyin hüceyrələrinə təsir etmir və içkidən əvvəlki effekti ala bilmir. Gündə 1 fincandan artıq qəhvə də problem yaradır, tolerantlığa səbəb olur”.

 

Ekspert bu içkilərin idman edərkən qəbulunun ciddi fəsadlara səbəb ola biləcəyini deyib: “Gənclər və yeniyetmələr enerjili içkilərdən gümrahlanmaq məqsədilə və idmandan əvvəl istifadə edirlər. Kofein sidikqovucudur və insanın bədənindən suyu xaric edir və idmandan əvvəl bunu qəbul etmək ağır fəsadlara gətirib çıxardır. Mütəxəssislər idmançılara belə içkilərdən yox, adi sudan istifadə etməyi məsləhət görürlər. Həkim və mütəxəssislərin tövsiyələrinə görə hamilə qadınların enerjili içkilərdən istifadəsi məsləhət görülmür, uşaqların, yəni 18 yaşa qədər şəxslərin ümumiyyətlə istifadəsi məsləhət deyil. Bu içkilər uşaqların sağlamlığına və gələcəyinə çox mənfi təsir göstərir. Birinci, içkilər tolerantlıq yaradır, sinir sisteminin oyanmasına, nevroloji halların yaranmasına səbəb olur. Digər tərəfdən uşaqlarda yuxusuzluq yaranır, bu isə çox böyük fəsadlara gətirib çıxardır, dərsə davamiyyəti, enerji aktivliyi,  zehni inkişafı ləngidir. Digər tərəfdən isə sidikqovucu effektə malik olduğu üçün uşaqların bədənindən suyun çox xaric edilməsi böyrəklərin, qaraciyərin, ürəyin funksiyasını çox kəskin şəkildə pisləşdirir. Bu uzun müddət davam edərsə, ağır xəstəliklərə gətirib çıxarda bilər. Enerjili içkilərin tərkibində olan şəkərin gündəlik qəbulu da artıq kaloridir. Bu, bir müddət sonra artıq çəki və piylənməyə səbəb olur. Növbəti mərhələdə şəkərli diabet, ürək-damar xəstəliklərinə gətirib çıxardır. 50 yaşında insanların bu içkidən istifadəsi insult, infarkt, qan-damar, ürək xəstəliklərinə səbəb olur. Enerji içkilərinin tərkibindəki bitki mənşəli maddələr müxtəlif qan yaradıcı orqanlara təsir göstərə bilir”.

 

Nabil Seyidov enerji içkilərinin spirtli vasitələrlə eyni vaxtda qəbulunun sağlamlıq üçün ciddi problem yarada biləcəyini deyib: “Spirt özü dozasından asılı olaraq insanın beyninə təsir göstərir, qanda qəbul edilən etanolun miqdarı artdıqca beynin tam tormozlanmasına, hətta komaya qədər gətirib çıxarda bilir. Bəzi insanlar alkoqolun təsirini azaltmaq üçün, enerjili içki ilə gümrahlığı yenidən bərpa edəcəklərini düşünürlər. Böyük miqdarda spirtli içki qəbul edildikdə,  orqanizmdə azalan kofeinin enerjili içkinin tərkibindəki kofeininlə geri qaytarmaq effektli deyil, çünki spirtin beyinə təsiri kofeindən daha güclüdür.  Ümumiyyətlə, kofein və spirtli içkilər ürək-damar problemlərinin əsas səbəbkarlarındandır”.

 

Qonaq bu içkilərin qəbulunu dayandırmağın heç də çətin olmadığını bildirib: “Kofein tərkibli içkilərin qəbulunu dayandırmaq asandır, bunu siqaret və spirtli içkilərin qəbulu ilə müqayisə etmək düzgün deyil. Amma bir-iki ay hər gün kofein tərkibli içkilər, o cümlədən, qəhvə içən şəxslər onu bir gün qəbul etmədikdə özlərini pis hiss etməyə başlayırlar. Bu, bir çox hallarda psixoloji olur, bəzən isə fiziki simptomlarla - baş ağrısı, halsızlıq, yorğunluqla müşayiət olunur. Amma bu qısa müddətdə keçib gedir, beynin reseptorları, hüceyrələri artıq normallaşır. Bu içkilərin tərkibində olan melatonin beynin fəaliyyətinə təsir edən və gecələr insanın beyni tərəfindən ifraz olunan yuxu hormonudur”.

 

Ekspertin sözlərinə görə, yuxarı sinif şagirdlərinin əksəriyyəti enerji içkilərindən istifadə edir: “İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçən ilin noyabr-dekabr aylarında Bakının 50 məktəbində 1000 şagird arasında aparılan araşdırma nəticəsində məlum oldu ki, yuxarı sinif şagirdlərinin böyük əksəriyyəti ayda bir neçə dəfə və ya bir neçə aydan bir enerjili içkilərdən istifadə edir. Xaricdə bu içkilərin satışına qadağalar olmasa da, xəbərdarlıqlar edilir. Zehni işlə məşğul olan insanlar bunun təsirini gün ərzində 60-75 dəqiqə fiziki aktivliklə əvəz edə bilərlər. Təəssüf ki, enerjili içkilər heç bir iş görmədən zehni qısa müddətə stimullaşdırır və bu insanlarda idmana marağı da azaldır. Sübuta yetirilib ki, idmanla məşğul olmaq, normal sağlam pəhriz xərçəng xəstəliklərinin profilaktikasına da imkan verir”.  

Müəllif | Apa.Tv
Apa.tv