Səhiyyə Nazirliyinin rəsmisi: “Qiymətlərin tənzimlənməsi dərman qıtlığı yaratmayacaq”

“Dərman vasitələrinin qiyməti dəfələrlə aşağı salınıb”...

“Artıq dərman vasitələri reseptə ticarət adı ilə deyil, beynəlxalq patentləşdirilmiş adla qeyd olunacaq”...

“Dərman vasitəsi həkimin təyin etdiyi dozada, vaxtda və orqanizmə görə tətbiq olunmalıdır”...

“Qiymətlərin tənzimlənməsi dərman qıtlığı yaratmayacaq”...

“Eyni tərkibdə əvəzedici dərmanın qiymətinin aşağı olması keyfiyyətin aşağı olması demək deyil”...

“Dərmanın keyfiyyətinin əsas təminatı dövlət qeydiyyatı və nəzarət markasıdır”...

 

Bu fikirləri APA Tv-də yayımlanan “Sosium” proqramının qonağı, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.

 

Onun sözlərinə görə, dərmanların qiyməti Tarif Şurası tərəfindən tənzimlənəcək: “Bu günə kimi dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 2183 adda növü Tarif Şurası tərəfindən təsdiqlənib, 2015-ci il sentyabr ayının 15-dən 1104 adda dərman vasitəsi təsdiqlənmiş qiymətlərlə bütün ölkə ərazisində satışdadır. Qalan 1079 dərman vasitəsi təsdiqlənmiş qiymətlərlə dekabr 1-dən bütün ölkə ərazisində satışa çıxarılacaq. Dərman vasitələrinin qiyməti dəfələrlə aşağı salınıb. İlkin olaraq həyati vacib və təcili yardım hallarında istifadə olunan dərman vasitələrinin qiymətləri tənzimlənib. Hal-hazırda dövlət qeydiyyatında 4600-ə yaxın dərman maddəsi var ki, bunların da müxtəlif doza və qablaşma şəklinə görə 15 minə yaxın dərman şəkli var. Tarif Şurası tərəfindən təsdiqlənən qiymətlər bütün ölkə ərazində və bütün apteklərdə eyni olacaq. Azərbaycanda dərmanların 98 faizi xaricdən idxal olunur. Qaydalara görə dərman vasitələrinin qiyməti tənzimlənən zaman istinad ölkələri götürülür və o ölkələrlə qiymət müqayisə olunur, bazis qiymət götürülür və bundan sonra Nazirlər Kabinetinin qərarı ilə həm topdansatış müəssisələri, həm də pərakəndə satış qiyməti tənzimlənir”.

 

Həkimlərin dərman firmaları ilə əməkdaşlığına məhdudiyyət olmadığını deyən qonaq qanundankənar fəaliyyətlərə də toxunub: “Dərman firmalarının idxal etdikləri dərman haqqında həkimlərə məlumat verməsi normal haldır. Məhdudiyyət həkimlərlə firmalar arasında neqativ sövdələşməyə, xəstənin müəyyən apteklərə yönəldilməsinə qoyulur. Çünki dövlət qeydiyyatına alınmış dərman vasitələrinin arasında eyni təsiredici maddəyə  malik müxtəlif sayda, müxtəlif ölkə və istehsalçıların dərman vasitələri var və hamısının təhlükəsizliyi, keyfiyyəti və təsirlilik parametrləri yoxlanılıb. Həkimlərlə firmalar arasında neqativ sövdələşmələrin qarşısını almaq üçün iş vaxtı şirkətin nümayəndəliklərinin xəstəxanalara girişinə və həkimlərlə münasibətlərin qurulmasına Səhiyyə Nazirliyi tərəfindən qadağa qoyulub. Hazırda Səhiyyə Nazirliyi tərəfindən dərman vasitələrinin aptekdən buraxılması ilə bağlı yeni qaydalar işlənib hazırlanıb və təsdiqlənmə mərhələsindədir. Bundan sonra dərman vasitələri reseptə ticarət adı ilə deyil, beynəlxalq patentləşdirilmiş adla, dərmanın ticarət adı ilə yox, təsiredici adı ilə qeyd olunacaq və aptekdə eyni tərkibdə bir neçə dərman təklif olunacaq, alıcı isə öz büdcəsinə və həkiminin məsləhətinə görə dərmanı seçib ala biləcək”.

 

Nazirlik rəsmisi apteklərdə dərmanların hazırlanmasına və reseptsiz dərman satışına da aydınlıq gətirib: “Hal-hazırda demək olar ki, dərman vasitələrinin hamısının hazır forması var və çox az sayda, əsasən  dəri-zöhrəvi xəstəliklərində həkimlər tərəfindən bir neçə tərkib yazılır.  Reseptsiz satışı qəbul olunan dərman vasitələrindən başqa, bütün dərman vasitələri həkimin təyin etdiyi resept əsasında buraxılmalıdır. Çox vaxt insanlar özünümüalicə məqsədi ilə dərman alırlar və istifadəsi zamanı neqativ hallar baş verir. Dərman vasitəsi həkimin təyin etdiyi dozada, vaxtda və orqanizmə görə tətbiq olunmalıdır. Bu il aparılan reydlər zamanı 23-ə yaxın aptek buna görə cərimələnib”.

 

Pərviz Əzizbəyov qiymətlərin tənzimlənməsinin dərman qıtlığı yaradacağı barədə fikirlərin əsassız olduğunu deyib: “Dərman vasitəsinin adı  təsiredici maddə ilə yazıldıqdan sonra bu problemlər aradan qalxacaq. Demək olar ki, bütün təsiredici maddələr apteklərdə var. Elə təsiredici maddə var ki, 5, 10, 15 adda mövcuddur. Hər hansı ticarət adında dərmanın olmaması dərman qıtlığı demək deyil, aptekdə həmin dərmanın eyni keyfiyyətdə alternativi var”.

 

Qonaq dərman seçərkən nələrə diqqət etmək barədə məsləhət verib: “Dərman seçərkən ilk növbədə dövlət qeydiyyatının olması önəmlidir. Qiymətin ucuz və ya baha olması keyfiyyətin aşağı olması demək deyil. Artıq dövlət qeydiyyatına alınmış dərmanlara xüsusi nəzarət markası yapışdırılacaq. Əgər dərmanlarla bağlı aptekdə sual yaranarsa, bütün apteklərdə bizim qaynar xəttimiz qeyd olunub - 596 07 12. Bu nömrəyə zəng etməklə dərmanla bağlı problemi həll edə bilərlər. Dərman alarkən dövlət qeydiyyatının olmasına, qablaşdırma şəklinin tamlığına fikir vermək lazımdır, yazılar pozulmamalıdır, istifadə müddəti dəqiq göstərilməlidir. Bundan əlavə, dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin Azərbaycana dilində istifadə təlimatı olmalıdır”.

Müəllif | Apa.Tv
Apa.tv