Mağazalarda satılan hansı məhsullar halaldır? - SOSİUM
“Halal sertifikatı alan quşçuluq müəssisəsində əl kəsimi aparılır”.
“Halal standartına görə, heyvan və quşların GMO qida ilə yemləmək olmaz”.
“Əhalinin daha çox halal sertifikatlı məhsullara üstünlük verəsi halal kolbasanın qeyri-mümkünlüyü barədə dedi-qoduya səbəb olur”.
“Tərkibində donuz əti və piyi olmayan kolbasa məhsullarının saxlanma müddəti az olur”.
“Kolbasa istehsalı sahəsində Hindistandan idxal olunan ətlərdən və ədviyyələrdən istifadə olunur”.
“Halal kəsilmiş, otla qidalanan kenqurunun əti halaldır”.
“Dişləri olan dəniz heyvanlarının əti haramdır, dişləri olmayanların əti isə haram deyildir”.
“Halal məhsul donuz əti qatılmış kolbasa ilə eyni soyuducuda, eyni piştaxtada saxlanılmamalı, eyni bıçaqla kəsilməməlidir”.
Bu fikirlər APA TV-də yayımlanan “Sosium” proqramında səslənib. Proqramın qonağı, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən akkreditasiya olunan “AzeSert Halal” Sertifikatlaşma üzrə orqanın direktoru Elşad Əliyev Azərbaycan Respublikasında qəbul olunmuş halal standartının beynəlxalq standarta uyğun olduğunu deyib: “İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutuna (SMİİC) 32 müsəlman dövləti daxildir. Azərbaycanın da üzv olduğu bu qurum həmin müsəlman dövlətlərinin rəy və təklifləri almaqla beynəlxalq halal standartını müəyyənləşdirmişdir”.
Verilişdə iştirak edən ilahiyyatçı Elvüsal Məmmədov islam dini görə halal hesab olunan məhsula qoyulan şərtlərə aydınlıq gətirib: “Halal dedikdə təkcə yemək-içmək nəzərdə tutulmur, davranış, müəyyən hərəkətlər, hadisə və əşyalar da başa düşülür. Şəriət nəyin halal olub-olmaması ilə bağlı konkret çərçivələr qoyub. İslamda halal qida dedikdə, ilk növbədə mahiyyətindən emalına, çatdırılmasına, hətta qablaşdırılmasına qədər şəriətin qoyduğu qaydaların gözlənildiyi qidalar başa düşülür. Halal qida ilk növbədə qeyri-donuz məhsullarından hazırlanmış qidalardır. Halal qidanın tərkibində Allahın istədiyi qaydada kəsilmiş heyvanın əti və digər maddələri mövcuddur. İslamda cütdırnaqlı məməlilər halaldır, lakin düzgün kəsilmədiyi təqdirdə onun əti haram sayılır. Halal qaydada kəsimdə, heyvan üzü qibləyə uzadılmalıdır, onu kəsən şəxs Allaha inanan, yəni müsəlman olmalıdır, kəsim zamanı ilk olaraq heyvanın qida borusu, sonra iki şah damarlarının kəsilməli, qan axandan sonra isə onurğa beyni kəsilməlidir. Qan heyvanın bədənindən tamamilə axıb tökülməlidir ki, kəsilən heyvan leş olmasın. İslamda leş haramdır. Leş ya öz əcəli ilə ölən, ya başqa heyvanlar tərəfindən öldürülən, dağlıq ərazilərdə qəza nəticəsində ölən, yəni bədənindən qanın axıb tökülmədiyi heyvana deyilir. Bundan əlavə, halal qidanın tərkibində insanların sağlamlığına zərər gətirən, orqanizmi məhv edən maddə və qatqılar olmamalıdır. Qida gigiyenik və ekoloji cəhətdən təhlükəsiz olmalıdır”.
“AzeSert Halal” şirkətinin direktoru Elşad Əliyev halal sertifikatının şərtləri barədə məlumat verib: “Sertifikat üçün müraciət olarkən ilk növbədə, mütəxəssislər tərəfindən müəssisənin islam qaydalarına uyğunluğu araşdırılır. Halal sertifikatı verilmiş quşçuluq firmasında əl kəsimi aparılır, prosesə veb-kameralar tərəfindən nəzarət olunur və qəssablar treninqdən keçirilir. Əgər sertifikat üçün müraciət edən müəssisədə əl kəsimi ilə yanaşı, qeyri-avtomatik, yəni mexaniki kəsim olarsa, həmin müəssisənin sertifikatlaşdırması dərhal dayandırılır. Qəssablar yetkin müsəlman olmalıdır. Bir qəssab 20 dəqiqədən artıq kəsim apara bilməz. Hər kəsim zamanı Allahın adını çəkməlidir. İstifadə olunan yemlərdən nümunə olaraq götürülür və beynəlxalq sınaq laboratoriyasında sınaqlar aparılır. Ən çox qarğıdalı və soya məhsullarında GMO-ya rast gəlinir. Halal məhsul standartının AZS 731 2012 standartın birbaşa tələbinə görə, GMO məhsullardan həm yem, həm də xammal kimi istifadə qadağandır”.
İlahiyyatçı Elvüsal Məmmədov donuz əti olmadan kolbasa məhsulu istehsalının mümkünsüzlüyünü iddia edənlərin halal markasına qarşı antireklam apardığını deyib: “Toyuğu və digər heyvanları kəsən şəxsin dini ayinləri icra etməsi şərt deyil, amma bu şəxsin dini ayinləri və yaxud ilahi anlayışları inkar etmədiyinə də diqqət yetirmək lazımdır. Əhalinin daha çox halal standartlara uyğun məhsullara üstünlük verməsi halal kolbasanın qeyri-mümkünlüyü barədə şayiələrə səbəb olur. Amma keçmişdə babalarımız inəyin bağırsaqlarına içalat və ət döyüb yerləşdirirdilər. İçərisində yağlılığı az olan, donuz piyinin vurulmadığı kolbasaların istifadə müddəti az olur”.
Elşad Əliyev üzərində “halal” sözü yazılmış hər məhsula etibar etməməyi məsləhət görüb: “Əhali yaxşını pisdən ayıra bilməlidir. Ən böyük nəzarət ictimai nəzarətdir. Bizim sertifikat verdiyimiz məhsulların üzərində yaşıl rəngli xüsusi halal nişanı var. Alıcılarımız sertifikatın sürətini tələb etmək hüququna malikdirlər”.
Qonaq Hindistandan gətirilən ət məhsullarının da halal şəraitdə emal olunduğunu deyib: “Kolbasa istehsalı sahəsində Hindistandan idxal olunan ətlərdən və ədviyyələrdən istifadə olunur. Biz həmin ətlərin islam qaydalarına uyğunluğunu yerində izləmişik. Daimi olaraq daşınma, qablaşdırma prosesini nəzarətdə saxlayırıq. İslam qaydalarına uyğun məhsullara insan orqanizmi və gələcək nəsil üçün zərərli maddələr digər qatqılar vurularsa, bu, haram sayılır. Halal məhsullar gigiyenik cəhətdən təmiz olmalıdır. Hətta müsəlman olmayanlar da halal qidaya üstünlük verirlər”.
İlahiyyatçı Elvüsal Məmmədov son vaxtlar Avstraliyadan gətirilən kenquru ətinin müsəlman üçün halal olmasına da münasibət bildirib: “Şəriətə görə, camış əti, kenquri əti islam qaydalarına uyğun kəsildikdə yemək mümkündür. Çünki bu canlılar otla qidalanır, ona görə də onları haram sayılmır. Hindistan qeyri-müsəlman dövləti sayılsa da, əhalisinin müsəlmandır və müsəlman dövlətlərinə ixrac olunan ətin istehsalına da müsəlmanlar nəzarət edirlər. Hindistanda inək əti yeyilmədiyindən, orada ət ucuzdur və buna görə də, Hindistandan gələn ətlərə üstünlük verilir. Ətlə qidalanan vəhşi heyvanların əti də müsəlmana haram hesab olunur. Buraya şir, pələng, ayı və s. daxildir. Balığa gəldikdə isə, peyğəmbərimizin - “Dəniz suyu təmizdir, dənizdən çıxan hər şey də təmizdir” - hədisi olsa da, burada da müəyyən məqamlara diqqət yetirilməlidir. Sünni məzhəbinə aid müsəlmanlar pulcuğu olmayan balığın ətini yedikləri halda, şiələr isə pulcuğu olmayan balığın ətini yemirlər. Lakin bu fərqlərə baxmayaraq, bütün müsəlmanların heyvanlara halal-haram baxışı birdir. Öz şikarlarını parçalayaraq yeyən yırtıcı balıqların əti haramdır. Canlılarla qidalanan balaca balıqların dişləri olmadığına görə, islam onları halal sayır”.
“AzeSert Halal” şirkətinin direktoru alıcıların da diqqət yetirməli olduqları məqamları vurğulayıb: “Məhsulu alarkən ilk növbədə, onun markalanmasına diqqət etsinlər, halal loqosu olan məhsulları alsınlar. Əgər bu məhsullar haram olan kolbasalarla eyni yerdə, eyni piştaxtada, eyni soyuducuda saxlanarsa, bu haram sayılır. Bu məhsulları eyni taxtada, eyni bıçaqla kəsmək olmaz”.