Xəngəl, xaş, balıq, turşu... Soyuq havalarda nə yeməli?

“Xəstələnən zaman xəmir yeməkləri yemək yanlışdır, bu zaman yüksək kalori üzündən daxili temperaturumuz ani olaraq qalxır”.

“Antioksidantlarla ən zəngin qida balıqdır”.

“Keyfiyyətli şokolad kökəltmir”.

“Kartofla çörək yemək olmaz”.

“Mürəbbə və turşu hazırlamaq əvəzinə, quru meyvələrdən istifadə etmək faydalıdır”.

“Soğan o qədər faydalıdır ki, hətta onu soyub evə qoyduqda otaqdakı virusları özünə çəkir”.

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, həkim-diyetoloq Leyla Zülfüqarlı deyib.

Həkim son illər piylənmə şikayətlərinin səbəblərindən danışıb: “Qloballaşmanın nəticələrindən biri də mətbəximizə mənşəyi məlum olmayan qidaların daxil olmasıdır. Biz avtomatlaşdırılmış rejimdən asılıyıq. Qışda bizim hormonal statusumuzda da dəyişiklik baş verir. Yayda metabolizm sisteminin sürətli hərəkət etməsinə səbəb olan hormonlar daha aktivdir, qışda isə bu hormonlar ləngiyir. Qış vaxtı yuxu hormonu melatonin artır, bununla əlaqədar serotonin - xoşbəxtlik hormonu azalır. Bu zaman orqanizmdə dad reseptorları aktivləşir və orqanizm xoşbəxtliyi yeməkdə axtarır. Qışda kalorili yeməklərə meylin artmasının səbəbi budur. Kalorili xəmir yeməkləri ani olaraq bizdə daxili temperaturu artırır, bu da soyuqda bizi isti və tox tutur. Bu isə çox aldadıcıdır”.

Leyla Zülfüqarlı soyuqdəymə zamanı xəmir yeməklərinin orqanizmin müqavimətini daha da azaltdığını deyib: “Xəmir yeməyinin tərkibində antioksidantlar minimum səviyyədədir, karbohidrat daha çoxdur. Karbohidrat qəbul edən zaman ani olaraq qanımızda şəkərin qalxması baş verir. Bu da təbii ki, ilk müddətdə bizi məmnun edir. Antioksidantlarla ən zəngin qida balıqdır. Vitaminləri isə daha çox tərəvəzlərdən, meyvələrdən, təzə sıxılmış meyvə şirələrindən, çərəzlərdən  ala bilirik. Ət yağda qızardılanda onun tərkibindəki toksik maddələr aktivləşə bilər. Ona görə də balığı elə bişirmək lazımdır ki, tərkibindəki yağ məhv olmasın, doymamış yağ turşuları məhv olmadan orqanizmə daxil olsun”.

Həkim-diyetoloq qışda maye qəbulu barədə də məsləhətlərini verib: “Mövsümündən asılı olaraq suya tələbatımız da dəyişir. Bu baxımdan da qışda qəbul edəcəyimiz mayenin dozası azala bilər. Qışda insanlar çay içməyi daha çox sevir. Bu zaman bitki çaylarına üstünlük vermək lazımdır.  Çökə çayı payız-qış mövsümündə bizi xəstəliklərdən müdafiə edir. Yaşıl çayın da tərkibində qara çaydan 4 dəfə çox vitamin C var. Buna görə də onu 90 dərəcə istiliyi olan su ilə odun üstünə qoymadan dəmləmək və soyuq halda və şirniyyatsız içmək lazımdır. Mürəbbələrə gəldikdə isə, gündəlik istifadə etmək ciddi səhvimizdir. Əgər belə alışqanlıq varsa, çay içərkən quru meyvələrdən də istifadə etmək olar. Meyvədən aldığımız vitamini quru meyvədən kifayət qədər dolğun şəkildə ala bilirik. Şirniyyata alternativ olaraq istifadə edəcəyimiz ən gözəl vasitə bal və bəkməzdir. Bizim ən böyük səhvimiz dozadan artıq qəbul etməkdir. Belə qidalanma isə çox ciddi xəstəliklərə - piylənmə, şəkərli diabet, qan xəstəlikləri, törəmələr şəklində xəstəliklərin cavanlaşmasına səbəb olur”.

Qonaq qışda duza qoyulmuş tərəvəzlərdən istifadənin düzgün olmadığını deyib: “Bizim “stop” deyəcəyimiz qidalardan biri də məhz bizim turşularımızdır. Kartofla çörəyi eyni vaxtda yemək böyük səhvdir. Bu cür bəslənən orqanizmə turşu mütləqdir, qələvi mühitin yanında turş bir mühit olmalıdır, o üzdən də turşu yeməyə ehtiyac yaranır. Ən doğrusu isə mürəbbə və ya turşu əvəzinə quru meyvədən çox istifadə etməkdir. Ən güclü təbii antibiotiklərdən olan sarımsaq və soğanı da yalnız qışda yox, bütün fəsillərdə istifadə edə bilərik. Yeməklərin içərisində istifadə etdikdə iy problemi də yaranmaz”.

Leyla Zülfüqarlı milli mətbəxin kalorili yeməklərini tez-tez yeməyin zərərli olduğunu bildirib: “Yayda xəmir yeməyinin az, yəni iki ayda bir dəfə yeyilməsi məqsədəuyğundur. Lakin payız və qış mövsümündə maksimum 15 gündən bir,  hər bir xəmir yeməyin sadəcə bir növünü seçərək yemək olar.  Amma onlar qəbul olunan gün digər çörək məmulatı qəbul olunmamalıdır”. 

Müəllif | Apa.Tv
Apa.tv