Zibildən alınan elektrik enerjisi, zibillikdən tapılan əntiq əşyalar
“Balaxanıda yaradılmış xüsusi sanitar poliqonda çürüntü suları təmizlənərək texniki su kimi istifadə olunur”...
“Tullantıların tərkibində kifayət qədər xammal, təkrar emala yararlı materiallar var”...
“Hər tərəfdən dənizlə əhatə olunan Bakıda tullantıların səmərəli emalı və həcminin azaldılması çox vacibdir”...
“Tullantıların yandırılması nəticəsində alınan enerji ilə il ərzində 100 min evi işıqla təmin etmək olar”...
“Cəmiyyətdə sosial rifah artdıqca, tullantıların da həcmi artır”...
“İsrafdan qaçmaq lazımdır, insan ehtiyacı olduğu qədər istehlak etməlidir, hər bir tullantını atmazdan əvvəl düşünmək lazımdır”...
Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin idarə heyəti sədrinin müşaviri Oqtay Məmmədov deyib.
Qonaq 1963-cü ildən mövcud olan Balaxanı poliqonunda görülən işlərdən danışıb: “Hazırda bu ərazidə tüstülənmənin qarşısı alınıb və tullantıların qəbulu müasir standartlara uyğun həyata keçirilir. Balaxanı poliqonunun sanitar poliqon kimi yenidən qurulması işləri həyata keçirilir və artıq 3 hücrədə tullantıları qəbul edə bilirik. Sanitar poliqonun adi tullantıxanalardan fərqi ondan ibarətdir ki, burada həm üst, həm də alt qatlar təcrid edilir və əmələ gələn çürüntü sularının, qazların ətraf mühitə mənfi təsirinin qarşısı alınır. Çürüntü suları xüsusi sistemlə təmizlənir və texniki su kimi istifadə olunur. Qazlardan isə elektrik enerjisi kimi istifadə olunur”.
Oqtay Məmmədov toplanan tullantıların basdırılmasının yox, səmərəli istismarının vacib olduğunu deyib: “Balaxanıda həm də tullantıların emalı, çeşidlənməsi üçün bərk maddələrin çeşidlənməsi üçün ümumi istehsal gücü 200 min ton olan zavod fəaliyyət göstərir. Bakının ətraf rayonlarında da bu cür zavodların yaradılması planlaşdırılır. Daha sonra başqa zavodda qalıq tullantıların həcmi 10 dəfədən çox azaldılır. Tullantıların yandırılması nəticəsində əldə olunan istilik enerjisi elektrik enerjisinə çevrilir. İl ərzində 230 milyon kilovat saat elektrik enerjisi istehsal olunur ki, bu da 100 minə yaxın evi elektrik enerjisi ilə təmin etmək deməkdir”.
Oqtay Məmmədov tullantıların artmasının insanların sosial vəziyyəti ilə birbaşa əlaqəsi olduğunu bildirib: “İl ərzində adambaşına düşən tullantının miqdarı Afrika ölkələrində 150-200 kiloqramdırsa, bu göstərici ABŞ və Kanada kimi ölkələrdə 700-800 kiloqram arasında dəyişir. Avropa ölkələrində isə maarifləndirmə tədbirləri sayəsində bu rəqəm 300-400 kiloqram arasında dəyişir. İnsanlar ehtiyacı olan qədər istehlak etməlidirlər, hər şeyi düzgün şəkildə, uzunmüddətli istifadə etmək, istifadə müddəti bitdiyi zaman digərləri üçün yararlı ola biləcəyini nəzərə almaq lazımdır. Təəssüf ki, biz bəzən klassiklərin kitablarının, hətta əntiq əşyaların atıldığını görürük. Həmçinin lazımsız əşya kimi tullanan xırda qəpiklərlə əşya, dərs ləvazimatları alıb onları uşaq evlərinə göndəririk”.
Qonaq tullantıların şüurlu şəkildə atılmasında cəmiyyətin maarifləndirilməsinin rolunu xüsusi vurğulayıb: “İstənilən cəmiyyət daha sağlam və təmiz mühitdə yaşamaq istəyir. İnsanlar şüurlu şəkildə tullantıları tullantı qabına atsalar, həmin tullantılar gəlib bizə çatacaq. Bu gün plastikdən, müxtəlif şüşə və metal qablarda məhsullar istehsal olunur, məhsullar cəmiyyətə qayıdır, bu, daha ucuz xammal bazarı və daha ucuz məhsul deməkdir. Biz çalışırıq ki, tullantıların hamısı toplansın və daşınsın. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə işçi komissiya yaradılmışdır. Minlərlə qeyri-qanunu tullantı sahələri aşkar edilərək aktlaşdırılmış və hüquq mühafizə orqanları tərəfindən cərimələr tətbiq olunub”.