Kredit kartı alarkən bunlara mütləq diqqət edin - MƏSLƏHƏT

“Vətəndaşa krediti məhz kart formasında vermək banklara sərf edir”.

“Əmək haqqı kartları, pensiya kartları banklar üçün əlverişli biznesdir”.

“Azərbaycanda banklar həm kredit kartları üzrə, həm kredit verərkən qanunları pozurlar”.

“İstehlak kreditləri ilə bağlı qanuna ehtiyac var”.

“Vətəndaşlar kredit müqavilələrini oxumadan imzalayırlar”.

“Vətəndaş kredit kartının istifadəsinə demək olar ki, nəzarət etmir, banklar da bundan istifadə edir”.

“Kredit etibar deməkdir, bunun üçün banklar öz fəaliyyətini şəffaf şəkildə əhaliyə açıqlamalıdırlar”.

“Dövlət əmanətlərin sığortalanmasına görə cavabdeh deyil”.

“Ödənməyən kreditlərə görə bank vətəndaşın evinə gələ bilməz, bu halda bankın yalnız məhkəməyə müraciət etmək hüququ var”.

 

Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı hüquqşünas Əkrəm Həsənov deyib.

 

Kredit kartının əsas üstünlüyünün təhlükəsizlik olduğunu deyən Əkrəm Həsənov bankların bu sahəyə daha çox maraqlı olmasının səbəblərindən də danışıb: “Kredit kartları həm iqtisadi tərəfdən banklara sərf edir, həm də burda müəyyən psixoloji cəhətlər də var. Kart daim vətəndaşın cibində olanda onun kartdan istifadə etmə ehtimalı çoxalır. Digər tərəfdən isə bankın öz inzibati xərcləri də azalır. Kartdan pulu nağd şəkildə çıxaranda banka ən azı 1 faiz pul ödənilir. Kredit kartlarından başqa əmək haqqı kartları, pensiya kartları var, banklar üçün elə kartları da buraxmaq yaxşı biznesdir”.

 

Qonaq bank krediti faizi ilə kredit kartı faizi arasında böyük fərqin olmadığını deyib: “Bizdə banklar kartı azı 20 faizlə verirlər, 24-26 faiz olan da var, komisyon haqını gələndə lap çox edir. Burda demək olmaz ki, adi kreditlə kart arasında hər hansı faiz fərqi olsun. Bəzi hallarda kredit kartları üzrə faizlərin nisbətən çox olduğu müşahidə olunur. Bank daim özündə pul saxlamalıdır ki, istənilən zaman vətəndaş  pulu çıxara bilsin. Digər tərəfdən, bizdə əhalinin böyük hissəsi öz gəlir və xərcini düzgün hesablaya bilmir. Banklar vətəndaşla kredit müqaviləsini bağlayarkən öz xeyrinə istədiyi şərti daxil edir, vətəndaş isə müqaviləni oxumur. Banklar istehlak krediti sahəsində vətəndaşı qorumur. Mülkü Məcəllənin 741-ci maddəsinin tələbinə görə, kredit üzrə faizlər ildə bir dəfə tutulmalıdır, bunu banklar müqavilədə dəyişə bilməz. Amma praktikada görürük ki, banklarımızın demək olar ki, hamısı bağladıqları müqavilədə  ayda bir dəfə faiz hesablandığını qeyd edirlər. Vətəndaşın hər ay banka ödədiyi pul əslində əsas məbləğdən çıxılmalıdır, faiz ilin sonunda qalan məbləğdən tutulmalıdır. Bu zaman vətəndaşın banka olan əsas borcu azalacaq, faiz də təbii olaraq az tutulmalıdır. Mülki Məcəlləyə görə Azərbaycan vətəndaşı bağladığı  istənilən əqd üzrə ödənişi vaxtından əvvəl edə bilər və bu nəzərə alınmalıdır. Amma bəzi banklar vətəndaş vaxtından əvvəl kreditin hər hansı məbləğini ödəyəndə onu carı hesabın məbləğində saxlayırlar, istifadə edirlər, amma onu kredit ödənişi kimi yox, gələn ay üçün aid edirlər. Bu da qanunun pozuntusudur. Bizdə ilk baxışdan elə gəlir ki, bankların üzərində güclü nəzarət var, amma əslində yoxdur. Mərkəzi Bankın banklarda korporativ  idarəetmə standartlarının tətbiqi qaydaları var. Həmin qaydalara görə hər bir bank ən azı rübdə bir dəfə öz maliyyə hesabatını internet saytında qoymalıdır. Azərbaycanda fəaliyyət göstərən təxminən 42 bankdan heç 10-u həmin maliyyə hesabatını açıqlamır”.

 

Ekspert əhalinin banklara etibar etməməsinin səbəblərindən də danışıb: “Avropa ölkələrində banklar qanunla qoyulan tələbdən əlavə də internet saytında öz vəziyyəti haqqında informasiya yerləşdirir. Çünki kredit sözü etibar deməkdir. Bizdə isə banka gedəndə girov üçün nəsə istəyir, zamin qoyulur, yəni bank sizə etibar etmir. Amma vətəndaş banka əmanət  qoyanda banka etibar etməlidir. Bu ilin əvvəlindən əmanətlərin qoyuluşu çox sürətlə azalır. Hətta o həddə çatıb ki, Mərkəzi Bank artıq öz internet saytında bu ilin iyunun birindən sonra bank sektoru üzrə maliyyə göstəricilərini daha yerləşdirmir. Mart, aprel, may aylarında əmanətlər aybaay azalırdı, lakin artıq iyunun 1-dən bu barədə informasiya verilmir. Əgər belə proses Avropada olsaydı, heç bir vətəndaş bankda pul saxlamazdı, çünki bank haqqında məlumatı yoxdur”.

 

Əkrəm Həsənov əmanətlərin sığortalanması məsələsinə toxunub: “Bizdə əhalidə belə fikir var ki, onların banklarda olan əmanəti dövlət tərəfindən sığortalanıb. Əslində, bu da düzgün fikir deyil, çünki Əmanətlərin Sığortalanması Fondu dövlətə aid deyil, qeyri-dövlət qurumudur və dövlət onun öhdəliklərinə görə cavabdeh deyil. Əgər bir neçə bank iflas olsa, ƏSF borcların bir qismini bir ödədikdən sonra özü də iflas vəziyyətinə düşə bilər”.

 

Ekspert vətəndaşların ödəniş imkanları ilə bağlı iflas vəziyyətinin qanuniləşdirilməsini də məqsədəuyğun sayır: “Avropa ölkələrində, Rusiyada da hər bir vətəndaş öz borclarını ödəyə bilmirsə, özünü iflas vəziyyətə düşmüş olduğunu elan edə bilər və bu halda heç kəs ondan bu borcu tələb edə bilməz. Amma təbii ki, onun adı qara siyahıda olacaq. Bunun həm ona, həm də cəmiyyətə xeyri var. Çünki, əgər hər hansı vətəndaşın adı qara siyahıdadırsa, bunu hamı biləcək, ona heç kəs borc verməyəcək. Valyuta kursunun dəyişilməsindən əziyyət çəkən əhalidir, çünki banklar vətəndaşlara digər valyutada kredit verəndə, başa düşməli idilər ki, vətəndaşların gəliri milli valyuta ilə hesablanır. Vətəndaş borunu qaytara bilməyəndə banklar hər hansı şirkətlə müqavilə bağlayır ki, həmin şirkətlər vətəndaşdan borcu tələb etsinlər. Onlar da vətəndaşı qorxudurlar, evlərinə gəlirlər, bunlar hamısı qanunsuzdur. Vətəndaş bu hallarda sadəcə polisə zəng vurmalıdır. Əgər bank məhkəməyə müraciət edərsə, istənilən halda borc qaytarılmalıdır, lakin bunun üçün gərək vətəndaşın əmlakı olsun. Əgər vətəndaşın bir evi varsa,  həmin ev ondan alına bilməz. Bu zaman yalnız vətəndaşın əmək haqqından yaşayış minimumu nəzərə alınaraq tutula bilər. Hər bir vətəndaşın minimum aylığı 140 manat, təqaüdçülərlə, uşaqlarda isə 108 manat olmalıdır. Məsələn bir ailədir, iki uşaqları var,  atanın gəliri 500 manatdırsa, ana işləmirsə bu 496 manat edəcək və buna məhkəmə dəyə bilməz. Demək banka ayda 4 manat çatacaq”.

 

Əkrəm Həsənov vətəndaşların kredit kartından düzgün istifadə etməsi barədə məsləhətlərini verib: “Kreditə həqiqətən ehtiyac olmasını bir neçə dəfə ölçüb-biçsinlər. Kredit kartından istifadə edərkən özləri üçün gündəlik qeyd etsinlər. Kredit kartından istifadə edərkən pulu bankomatdan çıxartmasınlar. Harasa ödəniş etmək istəyirlərsə, post terminal vasitəsilə etsinlər. Bu zaman sadəcə kreditdən istifadə dövrü üçün faizlər gələcək. Və ən əsası öz hüquqlarını bilsinlər və pozularsa,  onları qorusunlar, dövlət orqanlarına müraciət etsinlər”. 

Müəllif | Apa.Tv
Apa.tv