Dünənin kasıb sənətkarları, yoxsa, bu günün varlı şou əhli? - MÜZAKİRƏ
“Seriallara ayrılan vəsait təcrübəli və peşəkar aktyorları qane etmir”...
“Teatrda yetişməyən aktyor serialda uğur qazana bilməz”...
“Əvvəllər sənətkarlar həyatda və sənətdə bayağılıq, primitivlik etməz, bir-birinin dalınca danışmazdılar”...
“Əsl sənəti olan kəs heç vaxt evini, villasını, yataq otağını, soyuducusunu reklam etməz”...
“Xalqa onun pulu ilə qazanılan ev-eşik yox, sənət reklam olunmalıdır”...
“Toya ehtiyac üzündən gedirəm, maaşla dolana bilsəm, getmərəm”...
Bu fikirlər APA TV-də efirə gedən “Sosium” proqramında səsləndirilib. Verilişin qonağı, xalq artisti Ağaxan Salmanlı yeni serialların çəkilişinə təcrübəli aktyorların cəlb olunmadığını deyib: “Aktyorların unudulmaması üçün gərək onlara rol verən olsun. Telekanalların əksəriyyətində teatra aid heç nə yoxdur. Aktyor teatrda yetişir, əgər teatrda yetişməyibsə, heç vaxt serialda, kinoda uğur qazana bilməz”.
Əməkdar artist Nübar Novruzova isə əvvəllər qocaman sənətkarların tamaşaçı diqqətindən kənar qalmadığını deyib: “Əvvəllər sənətkarlarımız hər zaman tamaşaçı alqışı görürdü, gənc aktyorlar onlara heyranlıqla baxırdı. Bu günkü gənclərdə bunu az görürəm. O vaxt biz həmin sənətkarlara qarşı çox hörmətlə yanaşırdıq, əlçatmaz bir zirvə kimi baxırdıq. Onların sənətlərində də, real həyatlarında da primitivlikləri yox idi. Mən bir dəfə görmədim ki, bu insanlar bir-birinə pislik eləsin, əksinə, gənclərin əllərindən tutub onları irəli aparırdılar”.
Müğənni, xalq artisti Gülyanaq Məmmədova son vaxtlar qocaman sənətkarlara qarşı biganəliyə münasibət bildirib: “Vaxtilə biz onlara həsəd apara-apara sənətə gəlmişik, amma bu gün onları itirəndə və hətta acınacaqlı vəziyyətdə olduğunu görəndə düşünürəm ki, bir gün mənim də səsim, sənətim olmaya bilər. İnsan həmişə sevilmək istəyir. Onlara baxanda bizi gələcəkdə nə gözlədiyi gözümüzün önünə gəlir. Sənətçilər mina axtaranlar kimidir, həmişə gərək o qədər diqqətli olasan, öz üzərində çalışasan ki, minaya düşməyəsən, məğlub olmamalısan. İndi bəzi sənətçilər evini, villasını, hətta yataq otağını reklam edir, bu ayıbdır. Əsl sənətkarı heç bunlar düşündürmür. Düzdür, yaşamaq üçün, diqqət mərkəzində olmaq üçün pul lazımdır”.
Ağaxan Salmanlı istedadı olmayanların sənətkardan yaxşı qazandığını deyib: “Seriallara yaxşı sənətkarı dəvət edə bilmirlər, çünki imkan yoxdur. Ona görə də istedadı olmayanlar bizdən yaxşı qazanır. Serialdan gələn qazanc bizim üçün qaneedici olmadığı üçün bizi dəvət etmirlər, kimi gəldi çəkib, az pulu da verirlər, ona görə də serial da bir-iki günlük olur. Tələbələrdə də oxumaq həvəsi yoxdur, çox asan yolla şöhrət qazanmağa çalışırlar”.
Nübar Novruzova isə əvvəllər onların müəllimləri olan sənətkarların təhsili başa vurmamış şöhrət qazanmağa icazə vermədiklərini dilə gətirib: “Mən Adil İsgəndərovun, Rza Təhmasibin, Zəminə Hacıyevanın tələbəsi olmuşam, onlar deyirdilər ki, ilk növbədə, pul, qazanmaq, şöhrət haqqında düşündünsə, səndən sənətkar olmayacaq. Onlar bizə kinolara çəkilməyə, telekanallara çıxmağa icazə vermirdilər”.
Gülyanaq Məmmədova öz gəlirini reklam edən sənətçilərə iradını da bildirib: “Sənətçilər həmişə seçilirlər, amma biz seçilirik, metroya minmirik, avtobusa minmirik deyə, çıxıb maşınımızı reklam etməməliyik. Xalqın hesabına qazanılan pulu yox, xalqın sevgisini, sənətimizi reklam etməliyik. Vaxt olub ki, mən kirayələrdə yaşamışam, kənd yerindən gələn tələbə idim, çox ehtiyacım var idi. Amma biz pul dalınca qaçmadıq, nəfsimiz, tamahımız iti olmadı, sənət üçün çalışdıq. Toya ehtiyac üzündən gedirik, amma toylarımız elə vəziyyətdədir ki, səsimiz korlanır. Mən maaşla dolana bilsəm, toya üz tutmaq istəməzdim”.
Aktrisa Nübar Novruzova yeni film və tamaşaların vacib olduğunu deyib: “Mən bu gün yenə öz sənətimdəyəm, bu yaşda da tamaşaçı alqışlayır. Mənim işim odur ki, film çəkilsin, ordan qazanım. Amma mən dövlətimdən də, rəhbərliyimdən də bizə olan qayğıya görə razıyam”.