Tanrıverdi Mustafayev: ““Azərişıq”da heç bir ixtisar yoxdur”

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılıb. Naxçıvan Muxtar Respublikasından başqa bütün rayonlarda səlahiyyət “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə verildi. İlk gündən çox gözəl inkişaf və investisiya proqramı hazırlandı, bir ay ərzində bütün rayonlarda vəziyyəti araşdırıldı, analiz edildi və 4 bənddən ibarət inkişaf proqramı hazırlandı”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

 

Onun sözlərinə görə, proqramın ilk bəndi reabilitasiya xarakteri daşıyan tədbirlərin görülməsini nəzərdə tutur: “Yəni ən pis vəziyyətdə olan, xüsusilə də istismar müddətini başa vurmuş, 60-70 il bundan əvvəl qurulmuş şəbəkələrin durumunu araşdırmaq, transformatorların dəyişdirilməsi, kompleks transformator məntəqələrinin quraşdırılması, dayaqların, xətlərin dəyişdirilməsi və yeni yarımstansiyaların qurulması nəzərdə tutulur. Artıq yeddi regionda enerji təchizatı və satışı idarəsi yaradılıb. Bunlar Şimal, Şimal-Qərb, Cənub, Aran, Mərkəzi Aran və Bakı  regional şəhər enerji təchizatı və satışı idarələridir . Calışdıq ki, abonentlərimiz yaz-yay fəsillərində elektrik enerjisi ilə necə təchiz olunursa, payız-qış mövsümündə də o qaydada təchiz olunsun. İyul-avqust aylarında elektrik enerjisi ilə təminatda problem yaranmadığı kimi, qış aylarında da belə problem yaşanmayacaq. 57 rayonda, o cümlədən Bakı şəhərində 7-8 ay ərzində apardığımız yenidənqurma işləri zamanı minə yaxın kompleks transformator məntəqələri quraşdırdıq. Gəncə, Qəbələ, Lənkəran, Xaçmazda, Gədəbəydə 110 kv-luq, Daşkəsəndə 35 kv-luq yarımstansiyalar inşa eləmişik, bu yarımstansiyalar yaxın vaxtlarda istismara veriləcək. 100 minə yaxın çürümüş ağac dayaqlar dəmir dayaqlarla əvəz olunub. “Azərişıq” bu gün payız-qış mövsümünə yüksək səviyyədə hazırdır”.

 

Tanrıverdi Mustafayev üç rayonda inzibatı binaların inşa edilərək “Azərişıq” əməkdaşlarının ixtiyarına verildiyini deyib: “Daha 15 rayonda isə ilin sonuna qədər bu şəkildə inzibatı binalarımız istifadəyə veriləcək. Dağ yolları üçün 150-dən yeni maşın mexanizmləri alınıb. Bəzi dağ kəndləri vardı ki, qış olan kimi elektrik enerjisi ilə bağlı problem yaranırdı. Bu problemləri nəzərə alaraq o dağ yollarında maşınlarımızla yeni xətlər çəkdik. Bu işlərin hamısını “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti öz daxili vəsaitləri hesabına aparır. Bu işlərin icra olunması, abonentlərin də istifadə etdikləri enerji haqlarını vaxtı vaxtında ödəməsinə gətirib çıxardıb. Biz onlara inandığımız kimi, onlar da bizə inanır. Yaxın bir ildə qarşıya məqsəd qoymuşuq ki, reabilitasiya proqramını başa vuraq. Abonentlər istər şəhər mərkəzində, istərsə də hər hansı kənddə internet vasitəsilə online ödəmə həyata keçirə bilir”.

 

Tanrıverdi Mustafayevin sözlərinə görə, bütün sahələr üzrə sayğac quraşdırılması laboratoriya, texniki və satış departamentində işləyən əməkdaşlar tərəfindən həyata keçirilir: “İlk növbədə sayğacı olmayan abonentin sayğacı quraşdırılır, çünki sayğac ölçü vahididir. Bakı şəhərində quraşdırdığımız ən son sayğaclar sms tipli sayğaclardır. Burada məqsəd prosesdə insan faktorunun aradan qaldırılmasıdır. Belə sayğaclarda ödəmə vaxtı, enerji sərfiyyatı və sair məlumatlar mobil telefona ötürülə bilir. Bakı şəhərində 100 minə yaxın bu cür sayğac quraşdırmışıq. Rayonlarda “Smart” sayğaclar var ki, onlar da istismar müddətini başa vurmayıb, hansında qüsur varsa, yenilənir. Biz xidmətin keyfiyyətini qaldırmaq üçün texniki şərtləri birbaşa "ASAN" xidmət vasitəsilə həyata keçiririk. Burada əsas məqsəd abonentin problemini tez bir zamanda həll etməkdir”.

 

Mətbuat xidmətinin rəhbəri yeni tikilmiş binaların elektrik enerjisi ilə təchizatı məsələsinə də aydınlıq gətirib: “Elektrik enerjisindən istifadə qaydaları var, belə binalarda bizim abonent mənzil-tikinti kooperativi olur. Onlar bizdən texniki şərt alır. İlk olaraq tikinti aparan şirkət bizə müraciət edir, müraciətdə yazır ki, mən burada 15 mərtəbəli 100 mənzilli bina inşa edəcəyəm, xahiş edirəm o binanın tikintisi üçün bizə texniki şərt verin. Bu müvəqqəti texniki şərt sayılır, ola bilər ki, bina tikiləndən sonra orada təkcə əhali məskunlaşmasın, obyektlər, ofislər fəaliyyət göstərsin. Biz yükə uyğun texniki şərti veririk və bizim abonentimiz həmin tikintini aparan şəxsdir. Bizə mənzillər üçün lazım olan sayğacların sayı ilə bağlı müraciət edirlər, o sayğacları biz özümüz quraşdırırıq. Amma yenə də bu mənzillərdə yaşayanlar bizim abonentimiz deyil, hüquqi şəxs olaraq abonent MTK-dır. Həmin sayğacın alt qapağına dövlət möhürü və “Azərişıq” möhürü vurulduqdan, bina təhvil verildikdən sonra, sakinlər bizim abonentlərimiz olur. Bu gün də müəyyən binalar inşa olunub, sakinlər yaşayır, amma MTK-lar təhvil vermirlər, əgər problem varsa, onda MTK özü həll edir”.

 

Tanrıverdi Mustafayev son zamanlar həyətlərdə yerləşən işıq transformatorlarında baş verən insidentlərin insan faktorundan qaynaqlandığını deyib: “Transformatorun yanında lövhə asılır, bildirilir ki, ehtiyatlı olun, gərginlik var. İnsanın özü diqqətli olmalıdır. Transformatorun qapısı olmur, onun damının qapısı olur, o da balacadır və bağlıdır. Bizim quraşdırdığımız transformatorlara kiminsə girməyi mümkün deyil. Rayonlarda qəzalar olur, adamlar elektrik dirəyinə çıxırlar və öz günahları ucbatından xoşagəlməz hadisələr baş verir. İnsan öz təhlükəsizliyini təmin etməlidir. Biz hər hansı iş görəndə elektrik enerjisini kəsirik və xəbərdarlıq edirik”.

 

Mətbuat xidmətinin rəhbəri “Azərişıq”da ixtisarlar getdiyi barədə xəbərlərə də münasibət bildirib: “Sadəcə strukturun forması dəyişilir, işdən çıxarmaq yoxdur, əksinə işə əlavə əməkdaşlar götürülür. Bizdə tədris mərkəzi var, adamlar o mərkəzdə kurs keçdikdən sonra işə qəbul olunur. Sadəcə 8-9 rayon birləşdirilərək regional mərkəzlər yaradılır. Abonentlərin rahatlığı üçün hər cür struktur yaradılıb, bu strukturlarda doğru, dürüst, işinin öhdəsindən gələn əməkdaşlar çalışır, heç bir ixtisar yoxdur”.

 

Sonda Tanrıverdi Mustafayev abonentlərə yaranan suallarla bağlı 199 qısa nömrəsinə zəng etməyi məsləhət görüb. 

Müəllif | Apa.Tv
Apa.tv