Dünyanı gözləyən ərzaq çatışmazlığı təhlükəsi - SOSİUM
“Beynəlxalq səviyyədə ərzaq qıtlığı deyə bir anlayış yoxdur, gəlir azlığı səbəbindən lazımi qədər ərzaq ala bilməmək var”...
“Tezliklə dünya əhalisinin sayı 14 milyarddan artıq olacaq”...
“Növbəti 130 il içərisində ərzaq çatışmazlığı, aclıq dünyanın ən böyük, mühüm problemlərindən biri olacaq”...
“Dünyanın müxtəlif ölkələri, xüsusilə inkişaf etmiş Avropa ölkələri, Danimarka, İsveç, Polşa kimi ölkələr ümumiyyətlə GMO məhsulları qadağan edib”...
“Qarabağ və ətrafının işğal edilməsi Azərbaycan iqtisadiyyatına 60 milyard dollardan artıq zərər vurub”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Qafqaz Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasının müdiri Həzi Eynalov deyib.
Həzi Eynalov ərzaq təhlükəsizliyinin ümumbəşəri problem olduğunu deyib: “Çox vaxt ərzaq qıtlığı və ərzaq təhlükəsizliyi bir biri ilə qarşılaşdırılır. Hər bir insan, fiziki təminatını, öz normal yaşayışını həyata keçirmək üçün normada günlük enerji qəbul etməlidir. Beynəlxalq səviyyədə ərzaq çatışmazlığı deyilən bir anlayış yoxdur. Daha çox insanların gəlirinin azlığı səbəbindən lazımi qədər qida əldə edə bilməmək problemi var. 1970-ci illərdə yaşıl inqilab nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı intensivləşdi. Dünya əhalisinin artımına baxmayaraq, son illərdə həm emal sənayesində, digər sənaye sahələrində inkişaf buna təminat verir, dünyada belə bir tendensiya var ərzaq məhsulları istehsalı sürətlə artır. Lakin həm ölkələr daxilində, həm də beynəlxalq səviyyədə gəlirlərin qeyri-bərabər bölgüsü var. İnsanlar lazımı səviyyədə gəlir əldə edə bilmədikləri üçün özü özlərini təmin edə bilmir, lazımı səviyyədə qida məhsullarını satın ala bilmir. Araşdırmalar göstərir ki, istər daxili imkanlar baxımından, istərsə də xaricdən alınan məhsullar baxımından hər bir ölkə özünü lazımı səviyyədə qida məhsulu təmin edə bilər”.
Qonaq ərzaq qıtlığı ilə əhali artımı arasında əlaqədən danışıb: “1798-ci ildə ingilis iqtisadçısı Maltus əsərində belə fikir ortaya qoyur ki, dünyada əhali sürətlə artır, lakin buna paralel olaraq dünyada qida məhsulları eyni səviyyədə artmır, nəticədə bu dünyanın qida çatışmazlığı, qida qıtlığı ilə qarşı-qarşıya gəlməsinə səbəb olacaq. Lakin sənaye inqilabının baş verməsi, istehsalın kütləviləşməsi Maltusun bu nəzəriyyəsini bir az ortadan qaldırdı. Ərzaq təhlükəsizliyi proqramında da xüsusi qeyd olunur ki, ən mühüm problemlərdən biri də yoxsulluq məsələsidir və iqtisadi baxımdan insanlar gəlir əldə edərlərsə, bu, qida çatışmazlığını aradan qaldıra bilər”.
İqtisadçı geni dəyişdirilmiş məhsullardan istifadənin yaratdığı fəsadlar barədə də məlumat verib: “Hazırda dünyada 130 milyon hektardan artıq ərazidə, başda qarğıdalı olmaq üzrə kartof, pomidor kimi məhsulların GMO növlərinin yetişdirildiyini bilirik. Əvvəlcə belə məhsullar ərzaq çatışmazlığını aradan qaldırmaq məqsədi ilə ortaya çıxıb. İllər keçdikcə aparılan tədqiqatlar göstərir ki, bu məhsullar tam əksinə, müəyyən problemlər ortaya çıxardıb. Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı onlarda müxtəlif patoloji xəstəliklərə, aqressiyalara səbəb olduğunu, ilk nəsildə dölvermənin xeyli məhdudlaşdığını, ikinci nəsildə isə dölvermənin tamamilə yox olduğunu görürük. GMO məhsullar heç də qeyd edildiyi kimi məhsuldarlığı artırmır, xüsusilə torpaqdakı bəzi zərərvericilərinin artıq davamlı olaraq inkişafına səbəb olur”.
Resursların doğru qiymətləndirilməsinin əhəmiyyətini vurğulayan Həzi Eynalov bununla bağlı təklifləri səsləndirib: “İnkişaf etmiş ölkələr iqtisadi nəzəriyyələrə riayət edərək, öz texnologiya sahələrini inkişaf etdirirlər, burdan əldə etmiş gəlirlə qida məhsullarını idxal edilər. Biz də mümkün qədər resurslarımızdan, kənd təsərrüfatı məhsullarından səmərəli istifadə etməliyik. Biz iqtisadiyyatda optimallaşdırma məcburiyyətindəyik, bunun öz həllini tapması kompleks məsələlərin həyata keçirilməsindən asılıdır, zəruri atılacaq addımlar var. Hər yerdə kəndlərdən şəhərlərə köç xeyli artıb. İqtisadiyyatda cəlbedici sahələrə həm daxili, həm də xarici investisiyaların marağı xeyli artır. Bu sahədə dövlətin, sahibkarların və insanların üzərinə düşən vəzifələr var. Sağlam həyat sağlam qidadan keçir, ətraf mühiti mühafizə edərək həyata keçirilən iqtisadi fəaliyyət dayanıqlı fəaliyyətdir. İqtisadi fəaliyyəti həyata keçirdiyimiz zaman təbiəti mühafizə etməliyik, əks halda bir və ya iki il sonra istifadə etdiyimiz resurslar tükənməyə başlayacaq, torpaq, su, hava ehtiyatları kirlənəcək və ortaya çıxan nəticə heç də müsbət olmayacaq. Subsidiyalar verilməlidir, sahibkarlar o sahəyə marağını artırmalıdır”.
Azərbaycan ərazisinin 20 faizdən çoxunun işğal olunmasının ölkə iqtisadiyyatına vurduğu zərərdən danışan qonaq mövcud resurslardan yanlış istifadənin də eyni qədər zərərli olduğunu deyib: “İşğal altında olan ərazilər həm təbii, həm də ekoloji baxımdan ən zəngin yeraltı və yerüstü sərvətlərə malik ərazi hesab olunur. Hesablamalara görə, Qarabağ və ətrafının işğal edilməsi Azərbaycan iqtisadiyyatına 60 milyard dollardan artıq zərər vurub. İllər keçdikcə bu, həm ölkəmizin iqtisadiyyatına, kənd təsərrüfatına və dolayısı ilə, ərzaq təhlükəsizliyimizə çox böyük zərbə vurur. İşğal edilmiş ərazilər bizim üçün iqtisadi və siyasi baxımdan mühüm problemdir. Lakin mövcud olan resurslarımızın səmərəli istifadə edilməməsi də bir o qədər problemdir”.
Həzi Eynalov iqtisadi təhlükəsizliyinin tərkib hissəsi olan ərzaq təhlükəsizliyi sahəsində dövlət qurumlarının və vətəndaşların üzərinə düşən vəzifələrdən danışıb: “Sağlam mexanizmlərin formalaşdırılması, dövlət qurumlarının öz fəaliyyətini səmərəli təşkil edilməsi mühüm mərhələlərdən biridir. Vətəndaşlar da atdıqları hər bir addımın ilk növbədə özlərinə təsir etdiyini fikirləşməlidirlər. Kortəbii şəkildə kimyəvi preparatlardan istifadəyə xüsusi diqqət edilməlidir, ictimaiyyətin sağlamlığına, ətraf mühitə vurulan zərər son dərəcə əhəmiyyətlidir. Hava, su və torpaq kirlənməsi iqtisadiyyatımızın və həyatımızın davamlılığına böyük təhlükə yarada bilər. Əhalinin maarifləndirilməsi istiqamətində də çox ciddi addımlar atılmalıdır. Məsləhət mərkəzlərinin qurulması son dərəcə əhəmiyyətlidir, bu istiqamətdə mütəxəssislər yetişdirilməlidir. Heç təsadüfi deyil ki, Təhsil Nazirliyi xaricdə təhsil proqramında prioritet sahələrdən biri kimi kənd təsərrüfatı sahəsini seçib. Bu gün ərzaq problemi yaşayan ölkələr Afrika ölkələridir, bu onu deməyə əsas verir ki, maddi gəlir səviyyəsi artarsa, iqtisadiyyatın stimullaşdırılması düzgün qurularsa, bu günkü texnologiya və imkanlar sayəsində buna əsas verir ki, biz ərzaq təhlükəsizliyi məsələsini ortadan qaldıra bilərik. Amma bu o demək deyil ki, bu təhlükə bizi gözləmir”.