Bank əmanətlərini inflyasiyadan qorumağın ƏN OPTİMAL ÜSULU
“Əmanətlərin geri alınmasının əsas səbəbi banklara inamın azalmasıdır”
“Azərbaycanda 7 bank müflis olub”
“Mərkəzi Bank ilin əvvəlindən hələ manatın kursunun dollara nisbətən yumşalmasından əvvəl əmanətlərin indeksasiyasını tətbiq etməli idi”.
“Əgər əmanətlərin sığortalanmasına dair bütün şərtlər uyğundursa, vəsait Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödəniləcək”
“Əhalidən vəsaitləri 2,5 faizlə cəlb edən banklar krediti 24-25 faizlə verir”...
“Mərkəzi Bank manatla olan əmanətlərin valyuta risklərindən qorunmasını həyata keçirmir”...
“Bank manatla götürülən krediti dollara konvertasiya edirsə, bu, qanun pozuntusudur”...
“Yaxşı olar ki, vətəndaşları vəsaitlərini valyuta səbəti formasında saxlasınlar və burada dolların payı 70 faiz olsun”...
“Hazırda avro ucuzdur, avro almaq olar”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı Vüqar Bayramov deyib.
İl ərzində əhali əmanətlərinin banklardan geri çəkdiyini deyən Vüqar Bayramov bunun səbəbləri barədə danışıb: “Mərkəzi Bankın yaydığı məlumatlardan da məlum olur ki, bəzi vətəndaşlar manatla qoyulan əmanətlərini geri çəkirlər, bunların bir qismini xarici valyutaya çevirir, qalan hissəsi isə əmanət qismində geri qayıtmır. Bunun səbəblərindən biri banklara inamın azalmasıdır. Digər səbəb isə xarici valyuta qoyulan əmanətlər üzrə faiz dərəcəsinin aşağı olmasıdır, bu rəqəm 3; 2,5 faiz olur. Vətəndaş 2,5 faizə görə risk etmək istəmir. Banklara olan inamın azalması bir sıra bankların müflis olması ilə bağlıdır. Son illərdə 7 bankın müflisləşmə prosesi gedirdi, onlardan 5-i artıq müflis elan edilib, ikisi də bu mərhələdədir. Lakin müflis elan edilməyən bəzi banklarda olan əmanətlərin alınması ilə bağlı problemlər vardı. Hətta bəzi banklarda vətəndaşın yığılan əmək haqqını belə qaytarmağa vəsait yoxdur”.
Qonaq manatla olan əmanətlərin indeksasiyasının vacibliyini vurğulayıb: “Manatla olan əmanətlərin indeksasiya olunmaması əmanətlərin geri çəkilməsinin əsas səbəbidir. Qazaxıstan da daxil olmaqla bir sıra ölkələrdə bu tətbiq edildi. Əmanətlərin indeksasiyası bir tərəfdən Mərkəzi Bankın öz ehtiyatlarını qoruyub saxlamasına imkan verəcəkdi, bu da xarici valyutaya olan tələbin azalmasına gətirib çıxarda bilərdi və vətəndaş öz pulunu manat formasında bankda saxlayardı. Bu o deməkdir ki, manat dollara indeksasiya olunur, yəni əgər manatın kursu aşağı düşürsə və dollar möhkəmlənirsə, yaranan fərqi dövlət ödəyir. Əmanətlərin indeksasiyası vətəndaşların banklardan əmanətlərini geri götürməsinin qarşısını alacaqdı, çünki bu zaman təhlükə olmur, məzənnə qorxusu olmur. Əmanətin indeksiyası vətəndaşların evdəki pulunun banklara axmasına stimul yaradacaqdı. Çünki evdə qalan pul nəticə etibarilə daha tez xərclənir. İndeksasiya sisteminin olmaması, bəzi kommersiya banklarının öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkməsi vətəndaşları bankdan uzaqlaşdırır”.
Ekspertin sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən hal-hazırda banklarda olan əmanətlərin 69 faizini sığortalanıb: “Əmanətlərin 31 faizi qorunmur. Fondun şərtlərinə əsasən, sığortalanan maksimum məbləğ 30 min manat olmalıdır, eyni zamanda sığortalanan əmanətlər üzrə faiz dərəcəsi 12 faizdən çox olmamalıdır. Əmanətlərin sığortalanmasında, sığorta məbləği əmanətçiyə görə hesablanır. Yəni bir bankda əmanətçinin bir neçə əmanəti varsa, hər birinin məbləği 30 mindən azdırsa, onlardan yalnız biri, 30 min manatadək olan məbləğ sığortalanır, çünki hamısı eyni bankda eyni adamın olduğuna görə, artıq həmin şəxsin əmanətləri cəmlənir və onun 30 min manatı sığortalanır. Ona görə də vəsaitin ayrı-ayrı banklarda saxlanması məqsədəuyğundur. Bu həm riski azaldır, həm də əmanətlərin sığortalanmasına imkan verir. Bütün bankların eyni vaxtda iflas olması mümkün deyil. Əmanəti yerləşdirən zaman vətəndaş diqqətli olmalıdır. Əgər bank qanunla müəyyənləşdirilmiş şəkildə və müddətdə öz hesabatlarını ictimaiyyətə açıqlamırsa, vətəndaş düşünməlidir. Bankın hesabatı ilə tanış olmaq, vətəndaşa bankın mənfəəti və zərəri barədə məlumat verir”.
Vüqar Bayramov Əmanətlərin Sığortalanması Fondunun büdcəsi ilə sığortalanan məbləğin ümumi məbləğinin müqayisə edilməsinin doğru olmadığını bildirib: “Dünyanın heç bir bölgəsində belə bir standart yoxdur. ƏSF büdcəsini artırmaq üçün bankların üzvlük haqqını artırmalıdır, bankdan daha çox pul tələb etməlidir. Bankların üzvlük xərcinin artması isə bankın xərcini artıracaq. Bankları buna sövq etmək də arzuolunan deyil. Bank bu halda faizi qaldıracaq. Digər tərəfdən ƏSF-nin cəlb etdiyi vəsait olduqca məsuliyyətli vəsaitdir, vətəndaşlara qaytarılacağına görə Fond vəsaiti riskli istiqamətlərə yönəldə bilmir. Fondun vəsaitinin hamısına heç vaxt ehtiyac olmayacaq. Bütün şərtlər ödənilirsə, ƏSF tərəfindən bu vəsaitlər bütün hallarda qaytarılacaq. Sığorta hadisəsi o zaman baş verir ki, bankın passivləri, yəni bankın borcu, bankın aktivindən, yəni pulundan çoxdur. ƏSF tərəfindən sığortalanan məbləğin artırılması vətəndaşların öz vəsaitini banklarda saxlamağa imkan verər. ƏSF-də sığorta faizləri ilə kredit faizləri arasında mütənasiblik qorunmayıb. Kredit faizlərinin maksimum dərəcəsi müəyyənləşdirilən zaman dollar və manat üçün də ayrı maksimum faizi də müəyyənləşdirmək lazımdır”.
Vüqar Bayramov vəsaitlərin hansı valyuta ilə saxlanması ilə bağlı da məsləhətlərini verib: “Əgər Mərkəzi Bank indeksasiya sistemini tətbiq etsə, vəsaitlərin manatla saxlanması daha məqsədəuyğundur. İndeksasiya olarsa, valyuta məzənnəsində dəyişiklik vətəndaşın əmanətinə təsir etmir. Bu gün xarici valyutalara üstünlük verməsinin əsas səbəbi odur ki, xarici valyutanın valyuta riski azdır, vətəndaş əmanəti dollarla saxlamaqla valyuta riskini azaldır. Qazaxıstan milli valyuta dəyəri son illərdə iki dəfə dəyər itirib, amma indeksasiya sistemi olduğuna görə əmanətlərə təsir göstərməyib. Bizdə də hətta devalvasiyadan dərhal sonra Mərkəzi Bank indeksasiya sistemini tətbiq etsəydi, vətəndaşlar əmanətlərini banklardan çəkməyəcəkdi”.
İqtisadçı ekspert yenidən manatın yenidən devalvasiya olacağı ehtimalına da münasibət bildirib: “İlin əvvəlində kəskin devalvasiyanın əsas səbəbi süni şəkildə dolların alınması idi, 1 həftə ərzində Mərkəzi Bankın 1 milyard dollar aktivləri alındı. Cəmiyyətdə belə reaksiyanın səbəbi vətəndaşla Mərkəzi Bankın kommunikasiyasının zəifliyidir, bütün addımlar, məzənnə ilə bağlı istənilən dəyişikliklər vətəndaşlara açıqlanmalıdır. Son zamanlar manatın məzənnəsində azalma var, lakin bu, devalvasiya deyil. Dollar möhkəmləndikcə manat ucuzlaşacaq. Amma bu kəskin azalmalar formasında deyil, sadəcə, iki valyutalı səbətin müəyyənləşdirdiyi səviyyədədir. Vəsaitin qeyri-valyuta formasında saxlanması avtomatik olaraq vətəndaşın vəsaiti ilə valyuta bazarında baş verənlər arasında münasibəti xeyli zəiflədir. Ona görə də Azərbaycan vətəndaşlarının da qeyri valyuta yığımları artmalıdır. Vətəndaşlar valyutalarını səhm bazarına yönəltməlidirlər ki, məzənnə dəyişikləri onların vəsaitinə ciddi təsir göstərməsin. Yaxşı olar ki, vətəndaşlarımız vəsaiti valyuta səbəti formasında saxlasınlar. Burada dolların payının 70 faiz, manatın payının 15 faiz, avronun isə yenə 15 faiz olmasını təklif edirik. Hazırda avronun dəyəri aşağı düşür və avro almaq olar”.