FHN nümayəndəsi: “Dəm qazı cəmi bir dəqiqəyə ölümə səbəb ola bilər”
“Qızdırıcı cihaz alanda onun standartlara uyğun olduğuna diqqət yetirmək lazımdır”...
“Mənzil sakinləri mülkiyyət hüququnu əsas gətirərək qaz istismarı idarələrinin nümayəndələrini baxış keçirmələri üçün evə buraxmırlar”...
“Mətbəx daxilində qaz cihazının yerinin dəyişdirilməsi problem deyil, lakin bu yerdəyişmə müvafiq mütəxəssis tərəfindən aparılmalıdır”...
“Əgər təsdiqlənmiş layihə üzrə mənzilin balkonu yoxdursa, kombi cihazı mətbəxə qoyula bilər”...
“Hamam otaqlarında qızdırıcı cihazlarının quraşdırılması qadağandır”...
“Əgər yanma zamanı dəm qazı yaranırsa, cəmi 1 dəqiqəyə ölümə səbəb ola bilər”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti üzrə Dövlət Agentliyinin baş məsləhətçisi və baş müfəttişi Eldar Əhmədov deyib.
Nazirlik rəsmisi dəm qazı zəhərlənmələri ilə mübarizədə maariflənmənin xüsusi rolunu qeyd edib: “Hər il qazdan istifadə edən istehlakçıların sayı artır, bu artımın qarşısında baş verə biləcək hadisələr ehtimalı var. Dəm qazı yanmamış qazdır, istənilən məhsul yandıqda natamam yanma baş verərsə, dəm qazı yaranır. Natamam yanma o deməkdir ki, metan qazı oksigenlə reaksiyaya girir və dəm qazı yaranır. Bunun səbəbi yanma prosesində iştirak edən oksigenlə metan qazının miqdarının qeyri-mütənasibliyi, yanmamış qazların xaric olunması üçün şərt, yəni otağa kənardan təmiz havanın daxil olması və otaqdan xaric olması, eyni zamanda, odluqların düzgün işləməsidir. Təəssüf ki, biz qızdırıcı alanda onun standartlara uyğun olduğuna əhəmiyyət vermirik. Qaz yanacağının evə daxil olan borusu, qaz cihazları daim nəzarətdə saxlanmalı və profilaktik əməliyyatlar aparılmalıdır. Vaxtaşırı qaz istismarı idarələrinin nümayəndələri tərəfindən mənzildəki qaz təsərrüfatına, qaz cihazlarına texniki baxış keçirilir, yerləşdiyi otağın tikinti norma tələblərinə uyğunluğu yoxlanılır. Təəssüf ki, bəzən vətəndaşlar bu nəzarətçiləri mənzillərinə buraxmırlar, təkliflərə əməl etmirlər. Nəticədə bədbəxt hadisə ilə üzləşməli oluruq”.
Eldar Əhmədov mənzillərdə qaz cihazlarının yerinin dəyişdirilməsinin təhlükəli olduğunu deyib: “Əgər bina tikinti norma qaydalarında nəzərdə tutulmuş layihə üzrə tikilirsə, orada yenidənqurma işlərinin aparılması yolverilməzdir. Dəyişikliklər yalnız layihə üzrə əsaslandırıldığı halda aparıla bilər. Xüsusilə də qaz cihazının yeri dəyişdirilərsə, həmin otaqda ventilyasiya sistemi, nəfəslik olmazsa, yaranan dəm qazı insanın sağlamlığına gec-tez ziyan vuracaq. Mətbəx daxilində qaz cihazının yerinin qaydalara uyğun şəkildə 1-2 metr dəyişməsi problem deyil. Burada əsas məsələ yerdəyişmənin özbaşına edilməməsidir”.
Baş müfəttiş mənzillərdə qaz istismarı cihazlarının daimi profilaktikasının əhəmiyyətini vurğulayıb: “Texniki profilaktiki işlərin mahiyyəti öncədən mövcud nöqsanların hər hansı qəza və bədbəxt hadisəyə gətirib çıxarmasının qarşısını almaqdır. Ola bilər ki, hər hansı nöqsan illərlə qala bilər, lakin müəyyən bir anda bədbəxt hadisəyə səbəb olar, ona görə də həyatımızı riskə atmamalıyıq”.
Eldar Əhmədov hazırda əsas tutulan normativ sənədlərdə dəyişiklər olduğunu deyib: “Müasir dövrdə beynəlxalq standartların da tələbləri nəzərə alınmaqla FHN-nin apardığı işlər nəticəsində müasir normativ sənədlərin müəyyənləşdirilməsi prosesi gedir, normativlərdə dəyişiklər edilir. Hazırda normativlərdə aydın şəkildə qaz cihazlarını harada yerləşdirilməsi göstərilir. Əgər layihə üzrə mənzilin balkonu yoxdursa, qaz cihazları mətbəx otaqlarında yerləşdirilə bilər. Lakin bu zaman istifadə olunan qızdırıcı cihazların kameraları qapalı olmalıdır. Qapalı yanma kameraları dedikdə burada istifadə olunan hava və yanmış qazlar qapalı bir mühitdə daxil olur və xaric olur, onun otağın havası ilə əlaqəsi olmur. Normativ sənədlərə görə hamam otaqlarında qızdırıcı cihazların yerləşdirilməsi qəti qadağandır. Səbəb isə hamam otaqlarının həcminin kiçik olması, isti su olduğu üçün buxarın əmələ gəlməsi, plastik qapıların kip olmasıdır. Həmçinin vanna otaqlarında tavan sistemi quraşdırılan zaman hündürlük də azalır ki, bu da əsas amillərdəndir”.
Nazirlik nümayəndəsi dəm qazı zəhərlənmələrinin nə üçün çox zaman ölümlə nəticələndiyini izah edib: “Dəm qazı çox zəhərli maddədir. Əgər otaqdakı havanın 0,1 faizi qədər dəm qazı daxil olmuşsa, həmin mühitdə bir dəqiqə qalmaq ölümə səbəb olur. Bu zaman tənəffüs orqanları ilə qəbul etdiyimiz maddə orqanizmə daxil olanda insanın qanına sorulur, oradan da beyinə nəql olunur və beyin iflic olur. Dəm qazı ilkin mərhələdə bir az insanı bihuş edir. Bu qazın heç bir qoxusu yoxdur, gözlə görünmür. Buna görə də əgər, hamam otağında qaz cihazından istifadə olunursa, bu, birbaşa risk deməkdir”.