İlham Şaban: “Dəniz özülündə yanğının tez söndürülməsi ekoloji problemlərə səbəb ola bilər, neft dənizə dağıla bilər”

“Bütün dünyada neftçilər həmişə hətta maliyyəçilərdən də yüksək əmək haqqı alırlar”...
 
“Neft hasilatı iqtisadiyyatın fasiləsiz istehsal sahəsidir, burada şərtlərdən asılı olaraq işi dayandırmaq mümkün deyil”...
 
“Dezinformasiyanın qarşısını almağın ən gözəl yolu məsul şəxslərin cəmiyyətlə daha çox ünsiyyət qurmasıdır”...
 
“Yanğını daha tez söndürmək mümkündür, lakin bu zaman ekoloji problem yaranar”...
 
“İşçilər təlimata uyğun hərəkət etməsəydilər, hamısı sağ qalardı”...
 
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
 
İlham Şaban neft hasilatı sənayesinin iş qəzaları baxımından ən təhlükəli sahə olduğunu deyib: “Bu sahədə həmişə insan itkisi qeydə alınıb, lakin xarici şirkətlərdə insan itkisi az olur. Azərbaycanın neft sənayesinin lokomotivi olan “BP Azərbaycan” şirkətinin payına hasil olunan neftin 80 faizi düşür. 1998-ci ildən bəri sırf BP-də bir nəfər də olsa insan itkisi olmayıb. Lakin podratçı şirkətlərdə bəzən belə itkilər olub. Dövlət Neft Şirkətində isə müxtəlif əməliyyatlar zamanı vaxtaşırı olaraq biz mətbuat vasitəsilə bədbəxt hadisələrin baş verməsi barədə məlumat alırıq. Neft hasilatı sahəsi insan tələfatına görə Azərbaycanda tikintidən sonra ikinci təhlükəli sahədir. Texnologiya nə qədər inkişaf etsə də, neft sənayesi fiziki əməkdən asılıdır. Fiziki əməyin olduğu yerdə isə həmişə təhlükə var”.

Müəllif | Apa.Tv
Apa.tv