Təhsil Nazirliyinin rəsmisi: “Gələn aydan Azərbaycanda 60 min müəllimin əmək haqqı artırılacaq”

“Gələn aydan Azərbaycanda 60 min nəfər müəllimin əmək haqqı artırılacaq”...

“Dərsliklərin satışa çıxarılması nəşriyyatların günahıdır”...

“Məktəblərdə qış tətili yanvar ayının sonunda olacaq”...

“Növbəti tədris ilindən iş dəftərləri ilə bağlı optimal qərar veriləcək”...

“İnsanlar öyrənmək istədikləri hər hansı məlumatı, biliyi ancaq dərslikdən öyrənməməlidir”...

“Dəb xətrinə əlavə hazırlıqla məşğul olmaq problem yaradır”...

“Şagirdlərin dərsə davamiyyətinin pozulmasına görə müxtəlif tədbirlərin görülməsi dünyada təcrübədən keçmiş məsələdir”...

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium”  proqramının qonağı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin İctimaiyyət, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov deyib.

 

Cəsarət Valehov elmi məqalələrin beynəlxalq elm platformasında nəşri üçün görülən işlər barədə məlumat verib: “ Azərbaycan elm tarixində ilk dəfə "Thomson Reuters" Agentliyi imzalanan müqavilə sayəsində artıq həm Təhsil Nazirliyinə aid olan, həm də bilavasitə nazirliyin tabeliyində olmayan 40 ali təhsil müəssisəsi dünyanın ən mötəbər elm platformalarına, beynəlxalq jurnallara çıxış əldə etdi. Artıq Azərbaycanın elm nümayəndələri öz materiallarını dünya mətbuatında dərc etdirə, elmi tədqiqat işlərində bu imkandan faydalana bilsinlər. İnkişaf etmiş dünya ölkələrinin ən böyük sərvətlərindən biri onların elmi nəticələridir, bu, bütün dövlətlərin maddi və mənəvi sərvətidir”.

Nazirlik rəsmisi artıq ölkənin bütün müəllimlərinin maaşlarının artırılması üçün diaqnostik qiymətləndirmə keçirildiyini bildirib: “Artıq Gəncə şəhəri də daxil olmaqla, Azərbaycanın 12 bölgəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Növbəti aydan bunun nəticələri müəllimlərin əmək haqqında da öz təsirini göstərəcək və beləliklə 60 min müəllimin əmək haqqı artırılacaq”.

 

Dərsliklərlə bağlı narazılıqlara münasibət bildirən sektor müdiri bu problemin həlli üçün nazirliyin gördüyü işlərdən danışıb: “Təhsil Nazirliyi bilavasitə dərslik çap etmir, nazirlik dərslikləri sifariş verir və bu sifarişə əsasən dərslikləri hazırlayan nəşriyyatlar müəllifləri seçib onlarla müqavilə bağlayırlar. Bundan sonra dərslik nümunələri Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasına təqdim olunur və ekspertlər tərəfindən müzakirə olunur. Rəylərdən sonra müvafiq dərsliklə bağlı qərar qəbul olunur və dərsliyin növbəti ildə nəşrinə qərar verilir. TN hər hansı dərslikdə olan nöqsanların gizlədilməsini istəmir. Bunun üçün biz ictimai müzakirə yolu ilə dərslikləri qiymətləndiririk. Hər 4 ildən bir dərsliklər yenidən  çap olunur, bununla bağlı müvafiq maliyyə ayrılır. Dərsliklərin satışa çıxarılmasına gəldikdə isə, bu, ilk növbədə nəşriyyatın məsuliyyətsizliyidir. Satışda olan dərsliklərə görə ilk növbədə məsuliyyəti nəşriyyat daşıyır”.

 

Cəsarət Valehov məktəblərdə dərs yükünün optimal bölgüsü üçün tədris ili müddətində dəyişiklik olduğunu deyib: “Proqnozlara görə, növbəti 30 ildə bizim qarşılaşdığımız informasiya axını bundan əvvəlki 300 ildəkindən iki dəfə artıq olacaq. Uşaqların aldığı biliklər də əhatə etibarilə böyükdür, tədrisə bu və ya digər alətlərin gəlməsi hesabına onların ala biləcəyi informasiya axını da çoxdur. Bu tədris ilindən başlayaraq Təhsil Nazirliyi Azərbaycanın 5 bölgəsində, 50 ümumtəhsil məktəbində təmayül siniflərinin yaradılması ilə bağlı bir qərar verdi. Bu qərara görə yuxarı sinif şagirdlərinin dərs yükünü azaltmaq məqsədilə onların əvvəlki illərdə keçdikləri predmetlərin sayını minimuma endirə bilmişik. Burada abituriyentlərin 4 ixtisas istiqaməti üzrə zəruri predmetlərin tədrisi nəzərdə tutulub. Digər tərəfdən, bu il tədris həftələrinin sayını artırılıb, tədris ili mayın 31-də deyil, iyun ayının 14-də başa çatacaq. Məktəblərdə qış tətili yanvar ayının sonuna salınıb, eləcə də Novruz bayramı müddətində kifayət qədər tətil günləri var. 12 illik tədris ilinin gündəmə gəlməsi və tətbiq olması bu dərs yükünün daha normal paylanmasına ciddi təsir edəcək”.

 

İş dəftərləri ilə bağlı məsələyə də aydınlıq gətirən nazirlik rəsmisi problemin hələ də tam həll olunmadığını inkar etməyib: “Təhsil Nazirliyinin mövqeyi bundan ibarətdir ki, dərslik komplektlərindən iş dəftəri çıxarılsın və heç kim valideynləri iş dəftəri almağa məcbur edə bilməz. Lakin bu problemlə bağlı bizə də müraciətlər olunur, ümidvarıq ki, yaxın müddət ərzində, növbəti tədris ilində bununla bağlı müvafiq, optimal qərar qəbul ediləcək, valideynlərimiz də əlavə xərcə düşməyəcəklər”.

 

Məktəblərdə dini dərslərin tədrisi ilə bağlı sualı cavablandıran sektor müdiri bu barədə biliklərin müxtəlif fənlərin tərkibində verildiyini deyib: “Bizim orta ümumtəhsil orta məktəblərində dünya dinləri ilə bağlı həyat bilgisi dərsində məlumat verilir.  İndi bilik öyrənmək üçün dərslik bir yoldur, amma yeganə yol deyil. O demək deyil ki, insanlar öyrənmək istədikləri hər hansı məlumatı, biliyi ancaq dərslikdən öyrənməlidir. Gənclərimiz kifayət qədər yeni modellərdən istifadə edə bilirlər”.

 

Cəsarət Valehov şagirdlərin dərsə davamiyyəti pozduğuna görə cərimələrin tətbiq olunmasına TN-nin mövqeyini açıqlayıb: “Təhsil Nazirliyi şagirdlərin dərslərdə iştirak etməsi və dərs zamanı siniflərdə olması üçün daim monitorinqlər aparır. Düşünürük ki, şagirdlərin bilikləri müəllimlərdən alması üçün kifayət qədər də imkanlar var, bəzən dəb xətrinə əlavə hazırlıqla məşğul olmaq problem yaradır. Şagirdlərin davamiyyətinə görə cərimələrin tətbiq olunması Milli Məclisin müvafiq komissiyaları tərəfindən irəli sürülən layihədir. Dünya ölkələrində də uşaqların məktəbdən yayınmasının qarşısını alan bu və ya digər tədbirlər, müxtəlif  təcrübələr var, bu, kifayət qədər ənənəsi olan məsələdir”. 

Müəllif | Apa.Tv
Apa.tv