Dolların bahalaşması evlərin qiymətinə necə təsir edəcək? - PROQNOZLAR

“2015-ci il daşınmaz əmlak bazarı üçün çətin, passiv il oldu”...

 

“Hazırda daşınmaz əmlak bazarında şok müşahidə olunur, bu gələn ilin əvvəlinə qədər davam edə bilər”...

 

“Manat sabitləşsə, qiymətlər də sabit istiqamətə gedəcək”...

 

“İstənilən halda, mənzillərin qiyməti dollarla düşəcək”...

 

“Əmlak bazarında qiymət artımı olacağını düşünmürəm”...

 

“Banklarda kredit faiz dərəcəsi yüksək olduğundan, ipotekaya meyl etmirlər”...

 

 “Hal-hazırda daşınmaz əmlak bazarında xaos yaşanır, belə şərait alverçilər üçün yaxşı dövr sayılır”...

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, "Value&Sources Consaltinq" şirkətinin eksperti Rəşad Əliyev deyib.

 

Daşınmaz əmlak bazarındakı vəziyyətin hər bir ölkənin iqtisadi modelinə təsiri olduğunu deyən Rəşad Əliyev il ərzində evlərin qiymətində dəyişikliklərdən danışıb: “Dollar ekvivalenti ilə fevral ayından sonra daşınmaz əmlakın qiyməti kəskin olaraq enməyə başladı. Hələ o vaxta qədər qiymətlər həm manat, həm dollar ifadəsində aşağı düşürdü. Bunun səbəblərinə gəlincə isə, nəzərə almaq lazımdır ki, bizim iqtisadiyyatımız neftdən, enerji daşıyıcılarının qiymətindən asılıdır, 2014-cü ilin axırlarında neftin ucuzlaşması gözlənilirdi. Azərbaycanda belə ənənə var ki, yay vaxtı əmlak bazarında aktivlik aşağı düşdüyü üçün alqı-satqı əməliyyatlarında azalma baş verir, nəticədə qiymət enmələri müşahidə edilir. Ancaq bu, stabil bazara aiddir, bu il belə azalma müşahidə edilmədi, 2015-ci il daşınmaz əmlak bazarı üçün çətin, passiv il oldu. İl ərzində aktivliyin artıb azalması duyulmadı, ona görə də yay aylarında bazarda dəyişiklik hiss olunmadı”.

 

Ekspert hazırda əmlak bazarında şok yaşandığını deyib: “Fevral devalvasiyasından sonra bir müddət bazarda şok yaşandı və bu gün də bazarda bu şoku müşahidə edirik. Fevral devalvasiyasında qiymətlərə diktə etmə üstünlüyü satıcılarda idisə, bu devalvasiyada artıq alıcıların psixoloji üstünlüyü daha çoxdur. Çünki, hazırkı devalvasiya şəraitində daşınmaz əmlakın satışı üzrə bəzi əməliyyatlarda dollarla hesablama gedirdi. Fevral devalvasiyasından əvvəl bütün sövdələşmələr manatla aparılırdı, amma sonra bəzi satışlar manatla, bəziləri dollarla gedirdi. Əmlakı dollarla almağı nəzərdə tutanlar qiymətlərin dollar ifadəsi ilə düşəcəyini gözləyəcəklər”.

 

Rəşad Əliyev hazırkı devalvasiyanın bazara üç pilləli təsiri olacağını bildirib: “Birincisi, hazırda müşahidə etdiyimiz şəraitdir. Bu vəziyyət gələn ilin əvvəlinə qədər davam edəcək, bu, həm də bayramla bağlıdır. Bundan sonra qiymətlər bir-iki ay tarazlıq səviyyəsini axtaracaq. Üçüncü pillə isə əgər manatın məzənnəsi sabit qalsa, qiymətlər stabilləşəcək və qiymətlərin hansı istiqamətə gedəcəyi bilinəcək. Dollarla qiymətlər istənilən halda düşəcək, sadəcə bunun nə qədər olacağını bilmirik. Hazırkı devalvasiya faizi ilə bu, 32-33 faiz azalma ola bilər. Amma ehtimal etmirəm ki, qiymət artımı olsun”.

 

Qonaq tikinti sektorunda gözlənilən durğunluğun olmadığını deyib: “Bu il gözlənildiyi kimi, tikinti sektoru çox böyük tənəzzülə uğramadı. Tikinti şirkətləri çıxış yolu kimi daxili ipoteka proqramlarına, möhlətlə satışa keçdi. Bir müddət sonra bəzi banklar da kreditləşməyə keçdi, bəziləri 8 faizlə yarımçıq tikililərdə kreditləşmə əməliyyatları həyata keçirdi. Dövlət ipotekasına gəldikdə isə, büdcədən 50 milyon ayrılması nəzərdə tutulurdu, bundan əlavə 200 milyon ipoteka kreditləşməsi barədə də fikirlər var. Ancaq hazırda İpoteka Fondunda təşkilati dəyişiklik baş verdi. Əvvəllər İpoteka Fondu Mərkəzi Bankın nəzdində fəaliyyət göstərirdi, ancaq artıq həmin təşkilat müstəqil səhmdar cəmiyyət hesab edilir. Beynəlxalq təcrübədə kreditləşmə sənayesi daha çox kommersiya sektorudur, özəl banklara aid olan hissədir. Bu prosesə dövlətin heç bir dəstəyi, müdaxiləsi yoxdur, sadəcə olaraq Federal Ehtiyat Sistemi vəziyyəti kənardan müşahidə edir. Bizim banklarda da faiz dərəcələri elə olmalıdır ki, banklar öz vəsaitlərini ipoteka kreditinə yönəltsinlər”.

 

Rəşad Əliyev Bakıda ticarət obyektlərinin boşalmasının səbəblərini də izah edib: “Son üç ildə Bakı şəhərində çoxlu sayda ticarət mərkəzləri istifadəyə verilib. Bu obyektlərin boş qalmasının səbəbi iqtisadi böhran yox, əslində, bu qədər obyektə  ehtiyac olmamasıdır. Doğrudur, satış dövriyyəsinin azalması ilə bağlı bir sıra obyektlərdə bəzi mağazalar bağlandı, ancaq hələ bu, kütləvi deyil”.

 

Qonaq əmlakla bağlı qanunlarda dəyişikliklərin və prosedurların yüngülləşməsinin qiymətlərə təsir etməyəcəyini bildirib: “Bazarda alqı-satqı əməliyyatlarına tələb olunan sənədlərin sayı azalırsa, mülkiyyət sənədlərinin alınmasının müddəti azalırsa, bu, bazar üçün, sözsüz ki, müsbət haldır. Artıq gələn il yanvarından alqı-satqı əməliyyatları üzrə vergi dərəcələri dəyişdirilir. Əlbəttə, yeni sistemin müəyyən qüsurları mövcuddur, ancaq üstünlükləri daha çoxdur. Artıq satılan əmlakın sahəsinə uyğun olaraq vergi dərəcəsi müəyyən ediləcək”.

 

Ekspert daşınmaz əmlakla bağlı əhaliyə məsləhət verib: “Hazırkı dövr ev şəraitini yaxşılaşdırmaq üçün məqsədəuyğundur, itki az olacaq. Lakin ev almaq və kapital saxlamaq üçün ilk növbədə bazarın sabitləşməsini gözləmək lazımdır. Hal-hazırda daşınmaz əmlak bazarında xaos yaşanır, belə bir şərait alverçilər üçün yaxşı dövr sayılır. Bazar sabitləşmədən hər hansı qərarın verilməsini tövsiyə etmirəm”.

Müəllif | Apa.Tv
Apa.tv