Sağlam qidalanmanın sirləri – Ekspertlər nə tövsiyə edir?
Diyetoloq: “Orqanizmin çəkisinin hər kilosuna 30 qram su içmək lazımdır”
“Hər tərəvəzi öz mövsümündə yemək lazımdır”...
“Diabetli xəstələrin məhdudiyyətsiz yeyə biləcəyi yeganə qida tərəvəzlərdir”...
“Orqanizmin çəkisinin hər kilosuna 30 qram su içmək lazımdır”...
“Axşam meyvə yemək böyük səhvdir, axşam yeyilə meyvə yağa çevrilir”...
“Pomidor və kökdən başqa bütün tərəvəzləri çiy yeyin”...
“Pəhriz üçün olan ağartı məhsulları daha təhlükəlidir”...
“Düyü ilə əti bir yerdə yemək olmaz”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı həkim-diyetoloq Fuad Məcidov deyib.
Fuad Məcidov xəstəliklərin böyük əksəriyyətinin əsas səbəbinin düzgün qidalanmamaq və düzgün həyat tərzi keçirməmək olduğunu deyib: “Azərbaycan mətbəxi zəngindir, amma bu o demək deyil ki, biz süfrədə nə qədər yemək varsa hamısının dadına baxmalıyıq və ya hamısını yeməliyik. Məsləhət görərdim ki, bol nemət olan süfrələrdə yüngül yeməklə, yəni mədə-bağırsağı ağırlaşdırmayan yeməklərlə, tərəvəzli, göyərtisi bol qidalarla yeməyə başlasınlar, sonra artıq isti yeməklərə keçsinlər. Qış mövsümündə yetişən yay tərəvəzlərinin tərkibində GMO olur. Azərbaycanda yetişən, təbii, sağlam, qatqısız qidalardan istifadə etmək daha məqsədəuyğundur. Xüsusən də qış mövsümündə kələm, əsas da gül kələmini çiy və ya bişirilmiş şəkildə də, üzərinə bol sarımsaqlı qatıqla yemək faydalıdır. Bundan başqa brokkoli, kök, çuğundur, müxtəlif göyərtilər, xüsusilə də cəfəri, nanə, reyhan, yaşıl soğandan istifadə edin. Bunlar təbii oksidantlardır, bağırsaqları təmizləyir”.
Qonaq diabet xəstələrinin düzgün qidalanması ilə bağlı da məsləhətlər verib: “Diabetli xəstələrin məhdudiyyətsiz yeyə biləcəyi yeganə qida tərəvəzlərdir. Burada çuğundur istisnadır, şəkərli diabet xəstələri ondan uzaq olmalıdır, çünki çuğundurun tərkibinin 70-80 faizi şəkərdir. Kobud lifli qidalara göyərtilər, noxud, lobya, kök, kələm daxildir ki, bunlar həm də toxluq hissi yaradır, aclığı aradan qaldırır. Bədənimizdə pis və ya yaxşı xolesterollar var, kobud lifli qidalar bədənimizdəki yaxşı xolesterolun fəaliyyətini artırır və yağın qaraciyərə daşınmasının qarşısını alır. Normalda biz burunla nəfəs almalıyıq, amma bədəni toksinləşmiş insanlar burunla nəfəs ala bilmir. Tənəffüs problemi olan insanların metabolizm proseslərində də problemlər olur. Bu isə qanda şəkərin miqdarının yüksəlməsinə və insulin balansının pozulmasına səbəb olur”.
Həkim düzgün həyat tərzinin əsas qaydalarını açıqlayıb: “Gün ərzində 1 saat mütləq yerimək lazımdır. Gündəlik 2 l. adi su içmək mütləq vacibdir. Çünki suyun kalorisi yoxdur. Çayın, qəhvənin enerji dəyəri 2 kaloridir. Amma çayı və qəhvəni adətən şəkərsiz içmirik. Orqanizmin çəkisinin hər kilosuna 30 qram su içmək lazımdır. Meyvə sularında daha çox kalori var”.
Meyvələrin də karbohidrat olduğunu deyən Fuad Məcidov onlardan çox istifadənin zərərli olduğunu bildirib: “Meyvələrin tərkibində yağ, protein yoxdur. Axşam meyvə yemək ən böyük səhvdir. Əvvəla, meyvə desertdir, yeməkdən iki saat sonra bir ədəd meyvəni doğrayıb yemək olar. Artıq çəkidən qurtarmaq istəyənlərin yalnız meyvə yeməyi düzgün deyil. Bu zaman artıq karbohidratlar yağa çevriləcək və meyvə nəinki sizi arıqladacaq, əksinə, bir az da kökəldəcək. Meyvəni günün birinci yarısında yemək məsləhətdir, axşam saatlarında meyvə yeməyin. Çünki o saatda yeyilən meyvələr enerjiyə yox yağa çevrilir”.
Qonaq tərəvəzlərin necə hazırlanması ilə bağlı da məsləhət verib: “Tərəvəzləri çiy şəkildə yemək yaxşıdır, təkcə kök və pomidoru azca isidib yemək lazımdır. Çünki onların tərkibində olan maddələr və vitaminlər qızdırılarkən orqanizm tərəfindən daha rahat şəkildə qəbul olunur. Yağdan qorxmaq lazım deyil, yağ yağı yandırar. Amma bu, təbii, sağlam yağlara aiddir. Təbii kənd kərə yağından da istifadə etmək lazımdır. Yağı əritmək də düzgün deyil, bu, ancaq bizdə var. Çalışın, doymamış maye yağlardan, zeytun yağı, qarğıdalı yağından istifadə edin”.
Fuad Məcidov pəhriz üçün nəzərdə tutulan ağartı məhsullarının zərərli olduğunu bildirib: “Mağazalarda ağartı məhsulu alan zaman mütləq onun istehsal tarixinə baxmaq lazımdır. Bu məhsulların uzun müddət qalması üçün tərkibinə əlavə maddələr qatılır. Adi qatığın üzünü götürəndən sonra diyetik olur. Motal pendirindən insanlarımız qorxurlar, amma qorxmaq lazım deyil, duzluluğu çox ola bilər, buna diqqətli olaq, suda saxlayaraq, ya da suyun altında yumaqla yemək olar. 100 qram mayonezin 60 qramı yağdır, qalanı başqa maddələr. Məhsul pəhriz üçün olanda, 60 qramın yerinə başqa maddələr gəlir ki, bu, daha ziyanlıdır. Ona görə məsləhət görərdim ki, diyetik yox, normal süd və qatığıq alın, amma üzünü yeməyin. Xüsusən də qadınlar ağartı məhsullarından bol istifadə etməlidir ki, 40-45 yaşdan sonra osteoporoz, yəni sümüklərin əriməsi kimi tanınan xəstəlikdən əziyyət çəkməsinlər”.
Qonaq bayram süfrələrinin bəzəyi olan plovun da düzgün hazırlanma qaydasından danışıb: “Bayram süfrəsində az çeşidli yemək bişirməsinə çalışmaq lazımdır. Tərəvəzli yeməklərə üstünlük vermək faydalıdır. Plovu səbzəli bişirmək lazımdır, çünki düyü özü yüksək kalorili qidadır. Plovla əti bir yerdə yeməmək məsləhətdir. Ətdən istifadə etmək mütləq lazımdır. Qazlı, şirniyyatlı içkilər əvəzinə, sudan, zəncəfilli çaydan istifadə edin”.