Ekspert: “Azərbaycanda narkotikdən istifadə edən məktəblilərin sayı artır”

“Azərbaycanda narkotik  vasitələrdən istifadə edən məktəblilərin sayı artır”...

“Narkomaniya uzunmüddətli müalicə tələb edən xəstəlikdir, bunun effektiv müalicəsi yoxdur”...

“Azərbaycanda ən çox istifadə olunan narkotik vasitə marixuanadır”...

“Sintetik tərkibli narkotiklər ilk istifadədən sonra asılılıq yaradır”...

“Daha çox qadınlar narkotik vasitə satışına cəlb olunurlar”...

“Narkotiklərin açıq satışı yolverilməzdir, bu narkomanların sayının artmasına səbəb olacaq”...

“Bir çox hallarda yeniyetmə intiharlarının səbəbi narkotik vasitələrdən istifadədir”...

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçuyeva deyib.

 

Qonaq Azərbaycanda hər il rəsmi qeydiyyata alınmış narkomanların sayının artdığını deyib: “Rəsmi statistikaya görə 2015-ci ildə narkomanların sayı 30 mini keçib, lakin qeyri-rəsmi statistika bundan 5-10 dəfə artıqdır, hər il bu rəqəm artır. Narkomaniyaya ən çox meyl edənlər yeniyetmə gənclərdir. Çünki onları təsir altına salmaq daha asandır. Xüsusən də yuxarı sinif şagirdləri ailədə olan maddi problemlər, özünə inamsızlıq, stress, depressiya halları insanların yolunu azdırır və bu zaman onlar çıxış yolun bihuşedici maddələrdən istifadədə görür. Təəssüf ki, məktəblərimizdə narkotik istifadəçilərin sayı heç də az deyil. Bakıda və eləcə də bölgələrdə belə hallara rast gəlinir. Təhsil Nazirliyi tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir, amma buna baxmayaraq, ildən-ilə şagirdlərdə narkotik maddələrə maraq artır”.

 

Leyla Yolçuyevanın sözlərinə görə, yeniyetmə orqanizmi 2-3 istifadədən sonra narkomana çevrilir: “Bütün proses ilk öncə məlumatsızlıqdan başlayır. Məsələn, başı ağrıyan şagirdə kimsə həb şəklində dərman verir, bu da müəyyən müddətə ona rahatlıq gətirir, baş ağrısı keçir. Amma təsiri keçəndən sonra daha kəskin baş ağrıları, ürəkbulanmalar, başgicəllənməsi başlayır. Uşaq orqanizmi də tam formalaşmadığı və immunitet də zəif olduğu üçün bu, onlara birbaşa təsir edir. 2-3 istifadədən sonra isə artıq bu şəxslər narkomana çevrilirlər”.

 

Narkomaniyanın ömürlük müalicə tələb edən ağır xroniki xəstəlik olduğunu deyən qonaq bu zaman mütəxəssislərə müraciət etməyin vacibliyini vurğulayıb: “Əgər şəxs bir-iki il narkotik vasitədən istifadə edirsə, onu cəmiyyətə qaytarmaq mümkündür, ancaq uzunmüddətli istifadə zamanı zehni və fiziki cəhətdən asılılıq yaranır və artıq ondan qurtarmaq bir qədər çətin olur. 4-5 ildən çox istifadə edən şəxsi isə xilas etmək mümkün deyil. Narkomaniya sağalmayan, xroniki xəstəlik olan şəkərli diabet kimi  bir xəstəlikdir. Bunun qısamüddətli və effektli müalicəsi yoxdur”.

 

Leyla Yolçuyeva narkotik maddələrin insanda hansı əlamətlərə səbəb olması barədə məlumat verib: “Belə şəxslərin gözləri axır, ağzın kənarları əyilməyə başlayır. İki-üç aydan sonra gündəlik istifadə edirsə, artıq kəskin dəyişikliklər hiss olunur. Sürətlə çəki azalır, saçlar tökülür, üz dəriləri quruyur, çox isti havada onlara üşütmə gəlir və yaxud soyuq havada onlar isti hiss edirlər. Bəzən səbəbsiz gülməyə və ağlamağa başlayırlar, ayaq üstə normal dayana bilmirlər. Əlaqəsiz danışırlar, işıq onları qıcıqlandırır”.

 

Narkotik maddələrə meyl edənlər arasında həm maddi durumu yaxşı olan, həm də pis olan şəxslərə rast gəlindiyini deyən qonaq belə hallarda ailə üzvlərinin gerçəyi çətinliklə qəbul etdiyini təəssüflə qeyd edib: “Ailələr ictimai qınaqdan qorxduğuna görə həqiqəti qəbul etmir və övladını qeydiyyata salmaq istəmir. Ancaq valideyn bilməlidir ki, övladını narkoloji mərkəzə aparmamaqla onun gələcəyinə zərər vurur. İlkin vaxtlarda onu sağalmaq olar. Bu problemi hiss edən valideyn ilk növbədə Narkoloji Mərkəzə müraciət etməlidir. Bəzi həkimlər belə şəxsləri sağalda biləcəyini deyir, amma mütəxəssislərə müraciət etmək lazımdır. Narkoloji Mərkəzdə anonim şəkildə də qeydiyyata düşmək mümkündür. Burada müalicə təkcə dərmanlarla deyil, psixoloji söhbətlərlə də aparılır. Vaxtında müalicə olunmayan şəxslərdə qaraciyər tamamilə sıradan çıxır, orqanizm öz fəaliyyətini dayandırır”.

 

Leyla Yolçuyeva narkotiklərin Azərbaycanda ən çox yayılan növünün marixuana olduğunu deyib: “Digər narkotik maddələri isə ölkəmizə müxtəlif yollarla gətirməyə çalışırlar. Ölkə ərazisində həyətlərdə, istixanalarda marixuana yetişdirilir, müvafiq qurumlar gücləndirilmiş iş rejimində çalışırlar. Ölkəmizin cənub bölgəsində belə vasitələrdən istifadə daha çoxdur. Dünyada 95 faiz narkotik maddələr Əfqanıstanda istehsal olunur və qara bazarlara daşınır. Bu maddələr İran vasitəsilə Azərbaycana keçirilir, Azərbaycandan iki marşrut üzrə -  şimaldan Rusiyaya, qərbdən isə Gürcüstan, Avropaya və digər ölkələrə daşınır. Dağlıq Qarabağ bizim torpaqlarımız olduğu halda, biz ora müdaxilə edə bilmirik, separatçı rejimdə də narkotik maddələr istehsal olunur, oradan da dünya bazarına daşınmağa başlanır”.

 

Mütəxəssis son vaxtlar geniş yayılmış sintetik vasitələrin daha təhlükəli olmasından da danışıb: “Son zamanlar sintetik tərkibli narkotik maddələrdən istifadə halları çoxalıb. Bu, daha təhlükəlidir. Sintetik tərkibli maddələr ilk dəfədən asılılıq yaradır. Onun növləri Türkiyədə, Rusiyada və Amerikada daha çox yayılıb. İki-üç istifadədən sonra insan narkomana çevrilir. Vanna duzları adı ilə tanınan narkotik vasitələr ağ kristallar şəklində olur və suya tökdükdə xüsusi bir qoxu yaradır ki, bu da insanı bihuş edir. Bu qoxu insanın beyin hüceyrələrini öldürür, qaraciyəri sıradan çıxardır, şizofreniyaya səbəb olur. Belə vasitələrin satışı üçün xüsusi narkobunkerlərə asan yolla pul qazanmaq istəyən qadınları cəlb edirlər və onlardan kuryer kimi istifadə edirlər”.

 

Qonaq narkomanların asanlıqla cinayətkara çevrildiyini deyib: “İnsan narkomandan cinayətkara o zaman çevrilir ki, digər insanları da buna cəlb edir. Son zamanlar daha çox qadınların cəlb olunduğu terror təşkilatları insanın ayıq halda törədə bilmədiyi cinayəti, məhz narkotikin təsiri altında edə bilməsindən istifadə edir. Çünki uzunmüddətli istifadədən sonra həmin şəxslərdə psixoloji pozğunluqlar yüksək səviyyədə davam edir, elə bir həddə çatır ki, yüksək dozadan da həzz ala bilmir və bu zaman intihara cəhd edirlər”.

 

Narkomaniya ilə effektiv mübarizə üsulunun olmadığını deyən mütəxəssis dünya dövlətlərinin təcrübəsindən də danışıb: “Narkomaniyadan ən effektli müalicə üsulunu bu gün də axtarırlar, təəssüf ki, tam olaraq mübarizə üsulu tapılmayıb. Avropa ölkələrində, Amerikada insan hüquqları adı altında  narkotik maddələrin açıq şəkildə satışına icazə verirlər, lakin bu, narkotik vasitə istifadəçilərinin sayının artmasına səbəb ola bilər. Valideynlər daim övladlarının ciblərini yoxlasınlar. Hərəkətlərində və özlərində kəskin sürətdə dəyişiklik baş verirsə mütəxəssislərə müraciət etsinlər, ara həkimlərindən uzaq olsunlar. Valideyn-övlad münasibətlərində psixoloji boşluqların olması da yeniyetmələrin narkotikə meyl etməsinə səbəb olur”. 

Müəllif | Apa.Tv
Apa.tv