Ekspert: “Məktəblərdə döyülmə faktı ilə bağlı monitorinqlərə şagirdlər də cəlb olunmalıdır”
“Sumqayıtda orta məktəbdə baş verən hadisə məni çox təsirləndirdi. Çox təəssüf elədim ki, bizim yüzlərlə, minlərlə yaxşı müəllimlərimiz içərisində belə adamlar da var”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyib.
Onun sözlərinə görə, söhbət müəllimin yaxşı olmağından getmir, söhbət müəllimin konkret əməlindən gedir və o əmələ cavab vermək lazımdır: “İçəri girib, dərsə başlayıb qurtarana qədər müəllimin bir an belə boş vaxtı olmamalıdır. Əgər dərsdə boşluq varsa, əgər uşaq intizamlıq edirsə, müəllimi narahat edən nə isə yaranıbsa, bu da müəllimin günahıdır. O müəllimi müasir tələblərə cavab verən müəllim hesab etmək olmaz. Hər hansı hadisə baş verirsə, demək ki bunun üçün şərait olub. Mən həmin məktəbdə intizamın güclü olduğunu təsəvvür eləmirəm, məktəbdə intizam rejimi yoxdur”.
Əjdər Ağayev 25-30 il bundan əvvəl müəllimin əlində texniki vasitələrin çox az olduğunu deyib: “Bu gün isə texniki vasitələr boldur, müəllimin bütün prosesləri vizual nümayiş etdirmək imkanı var. Uşaqlar bunu görə-görə, informasiya ala-ala, həyatdakı dəyişikləri görə-görə formalaşırlar. Bu da uşaqlarda hazırcavablılıq, məntiqi yanaşma yaradır. Müəllim onun biliyindən üstün olmalıdır. Müəllim uşağı sevmirsə, mən bu cəhətdən də müəllimi normal hesab etmirəm. O qədər informasiyalı olmalıdır ki, uşaqlar yeni bilik alsın, onlarda yaranan fikir yalnız təşəbbüsə meyllənsin. Müəllim dərslik səviyyəsində yox, yüz dərslik səviyyəsində, bütün fənləri də inteqrasiya edəcək səviyyədə bilməlidir, maraq doğurmalıdır. Maraq diqqət qapısını açır, müəllimə maraq yoxdursa, uşaq öz marağının arxasınca gedəcək. Müəllim həm də hər bir uşağın fərdi xüsusiyyətini də nəzərə almalıdır, müəllimin örnək nümünəsi olmalıdır. Mən inanmıram ki, sevilən müəllimin sinfində kimsə intizamlıq eləsin”.
Ekspert bildirib ki, dərsdə uşağı döyən müəllim bununla vəzifə həddini aşıb və uşağın hüququnu pozub: “O həm də bütün dərsi pozub. Bu cür xətaları törətmiş adamın addımları təbii ki, hüquq qaydalarında müzakirə olunmalıdır. Müəllim insani keyfiyyətlərin daşıyıcısı olmalıdır. Təhsil Nazirliyinin müəllimlərin etik davranış qaydaları haqqında sənədi var. Deməli, o məktəbdə bu qaydalar tətbiq olunmur. İnsan əsəbiləşə bilər, lakin müəllimdən tələb olunan keyfiyyətlərdən ən vacibi səbir və təmkindir. Pedaqoji tələbə görə müəllimin evdə nə problemi olursa-olsun, dərsə girdisə, o problem unudulmalıdır. Uşaqlar müəllimin daxilindəki ziddiyyətləri hiss etməməlidirlər”.
Əjdər Ağayev orta məktəblərdə psixoloqların uşaqlarla çalışmasının zəruriliyini önə çəkib: “Hansı metodlarla işləmək psixoloqun özündən asılıdır. Psixoloji xidmət əsasən şagirdlər üçündür və psixoloji xidmət işinin xüsusi metodikası var. Psixoloq oturub gözləmir, bütün siniflərin siyahısı, ünvanı, valideynlər, uşağın yaşı haqqında məlumatlar psixoloqda olur. Məktəbdə tərbiyə işləri üzrə, tədris işləri üzrə direktor müavinləri var, psixoloji xidmət, kitabxana var. Bu mexanizmlər hamısı işləyəndə maarifləndirici təsir göstərir. Elə məktəb var ki kitabxanası var, amma iş yoxdur. Vahid sağlamlıq rejimi, kompleks olaraq işin görülməsi olmalıdır, çünki məktəb bir orqanizmdir. Məktəb humanizm emalatxanasıdır. Belə hadisə olanda pedaqogika tələb edir ki, bütün şəhər üzrə monitorinq keçirilsin. Məktəblərin hamısında durum müəyyənləşdirilsin, komplekslərin işlənməsi və ümumi rejim öyrənilsin, onda hər şey üzə çıxacaq. Mənə görə bu gün öyrətmədən vacib tərbiyədir. Həm müəllim, həm də valideynlərlə maarifləndirici tədbirlər aparılmalıdır. Bütün rayon təhsil şöbələri monitorinq keçirilməlidir, monitorinqdə şagirdlər də iştirak eləməlidir, çünki ən yaxşı qiymət verən şagirddir”.