Azərbaycanda hansı ailələr övladlığa uşaq götürə bilər? - SOSİUM

“Ailələrlə yanaşı, tək insanlar da övladlığa uşaq götürə bilərlər”...

“Ailəli olmayan tək şəxslər də övladlığa uşaq götürə bilərlər”...

“Azərbaycanda ailələr əsasən 3 yaşa qədər uşaqlara maraq göstərirlər, bunun səbəbi milli-mənəvi stereotiplərlə bağlıdır”...

“Övladlığa götürən ailələr daim itirmə qorxusu yaşayırlar”...

“Övladlığa götürülmüş uşağa mərhələli şəkildə, mütəxəssislərin dəstəyi ilə bu deyilməlidir”...

“Uşaqlar ancaq yerli ailələrə verilməlidir və ya burda qalmalıdır kimi yanaşmalar yanlışdır”...

“Yerli ailələr daha çox oğlan uşaqlarını övladlığa götürmək istəyirlər”...

“Qanunla övladlığa götürmə sirdir, bunun yayılması qadağandır, övladlığa götürən şəxslə, bioloji valideynlər arasında heç bir əlaqə olmamalıdır”...

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova  deyib.

Vəsilə Mövsümova xarici dövlətlərlə müqayisədə Azərbaycanda övladlığa götürmə prosesinin asan olduğunu deyib: “Azərbaycan övladlığa götürülmənin ən rahat və uyğun həyata keçirildiyi ölkələrdən biridir, sadəcə, biz bunu özümüz üçün mürəkkəbləşdiririk. Burda da həm mətbuatın, həm ictimaiyyətin, həm də ailələrin günahı var. Bizim komitə 2007-ci ildən Azərbaycan prezidentinin fərmanı ilə ölkələrarası övladlığa götürmə sahəsində mərkəzi orqan kimi təyin olunub. Yerli övladlığa götürmə ilə icra hakimiyyətləri yanında Qəyyumluq və Himayədarlıq Komissiyaları məşğul olur. Hər hansı rayonda yaşayan şəxs uşaq götürmək istəyirsə bu halda yaşadığı rayonun icra hakimiyyətinə müraciət edə bilər və burada onlara tələb olunan müvafiq sənədlərin siyahısı təqdim edilir”.

Qonaq övladlığa götürmə ilə bağlı tələb olunan şərtlərə də aydınlıq gətirib: “Sənədlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada tələb edilir. Bunlar mülkü-prosessual məsələdə öz əksini tapıb. Ailələrlə yanaşı, tək insanlar da övladlığa uşaq götürə bilərlər. Bu zaman tələblər eyni olaraq qalır, şəxsin doğum haqqında şəhadətnaməsi, pasportu, yaşayış yerindən arayış, ev haqqında sənədi, iş yerindən gəlirləri, əməkhaqqı, xüsusilə də sağlamlığını əks elətdirən sənədlər. Sağlamlıqla bağlı tələb olunan sənədlərə infeksion xəstəlikləri -  vərəm, hepatit, onkoloji, narkoloji xəstəliklər, alkoqolizm, ruhi vəziyyətlə bağlı arayışlar aiddir. Eyni zamanda əlillik dərəcəsi də nəzərə alınmalıdır. Bu zaman yüngül dərəcələr nəzərə alınır, lakin şəxsin özünün qayğıya ehtiyacı varsa,  hər hansı uşağın da qayğısına qala bilməz. Bütün bu sənədlər yığılmalı və qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edildikdən sonra Qəyyumluq Komissiyası tərəfindən  qeydiyyata götürülür”.

Komitə rəsmisi ailənin yaşayış vəziyyəti ilə bağlı vəziyyətin vacib olmasından danışıb: “Əgər ailənin yaşamağa yeri yoxdursa, hətta uzunmüddətli müqavilə ilə mənzili götürübsə, bunlar nəzərə alınır. Yekun məhkəmə qərarından sonra Qəyyumluq Komissiyası tərəfindən evə baxış keçirilir. Evin təmizliyi, gigiyenası, ümumi şəraiti yaşayış üçün uyğundursa, uyğunluq haqqında müayinə aktı verilir”.

Vəsilə Möhsümovanın sözlərinə görə, qanunvericilikdə övladlığa götürmə ilə bağlı yaş məhdudiyyəti yoxdur: “Konkret olaraq yaş fərqi övladlığa götürənlə, övladlığa götürülən arasında 16 yaşdan az olmayaraq nəzərdə tutulur. Bu hal tərəflərdən biri ögey ana və ya ata olursa, nəzərə alınmır. Əgər övladlığa götürən şəxs ailəli deyilsə, maddi imkanı uyğundursa və ya özü valideynləri ilə yaşayırsa və ata-anasından əlavə, evdə bir uşağın yaşaması üçün şərait varsa, bu halda problem yaşanmır. Lakin əgər beş nəfər bir otaqda yaşamaq məcburiyyətindədirsə, bura 6-cı nəfərin gəlməsi doğru olmaz”.

Yerli ailələrin daha çox 3 yaşa qədər uşaqlara maraq göstərdiyini deyən qonaq bunun səbəblərindən də danışıb: “İlkin qeydiyyatdan sonra əgər ailə 3 yaşına qədər uşaq götürmək istəyirsə, mərkəzləşmiş qeydiyyat üçün sənədlər Səhiyyə Nazirliyinə, 3 yaşından böyük uşaq istəyirsə, Təhsil Nazirliyinə göndərilir. Azərbaycan ailələri istəyir ki, uşaq gözünü açan kimi  onları görsün. Əksəriyyət düşünür ki, əgər uşaq 3 yaşdan yuxarıdırsa, mənim onun doğma ana və ya atası olmadığımı bilir, bu halda ailələrdə itirmək qorxusu yaranır. İnkişaf etmiş ölkələrdə övladlığa götürmə sahəsində uğurları olan ölkələr baxsaq, burda yanaşma fərqlidir”.

Mütəxəssis hesab edir ki, övladlığa götürülmüş uşaqlardan bunun gizlədilməsi doğru deyil: “Təsəvvür edin ki, bir ailə uşaq götürür, 22 il bunu böyüdür, 22 ildən sonra həmin şəxs bilir ki, onu övladlığa götürüblər, bu illər ərzində yalanla yaşadığını öyrənir. Bu zaman o kəskin depressiyaya da düşə bilər, ruh düşkünlüyü, ümidsizlik, valideynlərinə qarşı inamsızlıq yaranır. Ancaq müəyyən yaşdan sonra uşağı alışdıra-alışdıra informasiyanı ona verdikdə, problem yaranmır. Valideynlər hadisələri mərhələli şəkildə və mütəxəssislərin məsləhətləri əsasında verməlidirlər. Uşaq biləndə ki, o atılanda onu övladlığa götürən ailə ona həyat verib, ailəyə daha da bağlanır. Əlbəttə, burada yanaşmalar birmənalı olmur. Uşaqlar ancaq yerli ailələrə verilməlidir və ya burda qalmalıdır kimi yanaşmalar yanlışdır. Əsas  məsələlərdən biri də övladlığa götürməzdən öncə, namizəd ailələrin xüsusi kurslara cəlb edilməsidir”.

Vəsilə Möhsümovanın fikrincə, övladlığa götürmə müddətinin uzun çəkməsi normaldır: “Bizə həm yerlilər, həm xaricilər müraciət edir və bizim ailələrdə xüsusilə də qadınların ilk kəlmələri o olur ki, heç kimin xəbəri olmasın. Övladlığa götürmə prosesinin uzun çəkməsinin əsas səbəbi odur ki, bizdə bu gün yerli övladlığa götürmə ilə bağlı çoxlu namizədlər var. Amma real namizədlərə veriləcək 3 yaşa qədər uşaqların sayı ailələrin sayından çox azdır, təxminən bir uşağa 10 ailə düşür. Konkret olaraq bizim ailələr azyaşlı, hətta bir yaşından da az, yeni doğulmuş körpələri övladlığa götürmək istəyirlər. Bu zaman tamamilə sağlam, heç bir qüsuru olmayan uşaqları istəyirlər. Yalnız oğlan uşağı övladlığa götürmək istəyən ailələr də çoxdur. Bu şərtlərə uyğun uşaqların da sayı azdır. Bizdə nikahdan kənar evliliklər çox deyil, amma digər ölkələrdə  belə hallar çox olduğu üçün uşaq müəssisələrində uşaqların sayı çox olur”.

Qonaq övladlığa götürülən uşağın daha sonra gerçək valideyn tərəfindən geri alına bilmədiyi deyib: “Əgər valideyn imtina etdiyi uşaqla ilə 3 ay ərzində maraqlanmırsa, bu halda o, valideynlik hüququndan məhrum olunur və belə uşaq övladlığa verilə bilər. Uşağın valideyni alkoqolizm, narkomaniyadan əziyyət çəkirsə, uşaq cinayəti və ağır cinayət törədibsə, valideynlik hüququndan məhrum edilə bilər. Uşaq evlərinə müvəqqəti qoyulan uşaqlar var, valideynləri ola-ola uşağı başqasına vermək də cinayətdir. Amma  bəzən valideyn imtina edir, uşağı atıb gedir, illərlə gəlmir, buna namizəd ailə çıxır, bütün proseslər, hüquqi prosedurlar həyata keçirilir, əgər bioloji valideyn qayıdırsa uşağı yenidən geri qaytara bilməz. Yenidən məhkəməyə müraciət edilməlidir. Qanunla övladlığa götürmə sirdir, bunun yayılması qadağındır, övladlığa götürən şəxslə, bioloji valideynlər arasında heç bir əlaqə olmamalıdır”. 

Müəllif | Apa.Tv
Apa.tv