Erkən mərhələdə xərçəngin qarşısını almaq olarmı? - SOSİUM

“45 yaşdan sonra bütün qadınlar, 50 yaşdan sonra bütün kişilər xərçəngə görə müayinədən keçməlidirlər”...

“Azərbaycanda erkən mərhələdə xərçəngin aşkarlanması halları çoxdur”...

“Xərçəngə qalib gəlməyin qızıl qaydası, xəstəliyin mümkün qədər tez aşkar olunmasıdır”...

“Artıq çəki, piylənmə xərçəng xəstəliyi riskini artırır”...

“Spirtli içkilərin qəbulu xərçəngin yaranmasına birbaşa səbəb olmasa da, xəstəlik riskini artırır”...

“Azərbaycanda ən çox yayılmış xərçəng növlərindən biri gec aşkarlanan yoğun bağırsaq xərçəngidir”...

“Onkoloji xəstəliklər zamanı qısa müddətə diaqnoz qoymaq mümkün deyil”...

“Onkoloji xəstəliklər qorxulu deyil, bu, heç də həmişə hər şeyin bitməsi hesab olunmur”...

“Bəzən İranda əməliyyat olunan xərçəng xəstələrinə sonradan nə kimyaterapiya, nə şüa terapiyası məsləhət görülür”...

Bu fikirlər APA TV-də yayımlanan “Sosium” proqramında səslənib.

Verilişin qonağı, Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Ümumi Onkologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Samir Qurbanov profilaktik müayinələrin xərçənglə mübarizədə ən əhəmiyyətli addım olduğunu xüsusi qeyd edib: “Burada söhbət xəstələrin müayinəsindən yox, sağlam əhalinin müayinəsindən gedir. 45 yaşdan sonra hər bir qadın mütləq şəkildə mammoqrafik müayinədən keçməli, ən azı ildə iki dəfə ginekoloji müayinə ilə uşaqlıq boynu xərçənginə görə papsimer analizləri verməlidir. 50-55 yaşdan sonra bütün kişilərin prostat vəzin xərçənginə görə analiz verməlidirlər. Təəssüf ki, bu sahədə maariflənmə az olduğundan əhalinin bu tip  profilaktik müayinələrə cəlb olunması çətindir. Bu gün xərçəngin diaqnostikası üçün ölkəmizdə dünyanın bütün standartlarına cavab verən diaqnostik avadanlıqlarla təchiz olunmuş və keyfiyyətli kadr potensialı olan mərkəz var. Azərbaycanda indiyə qədər uşaq onkologiyası sahəsində nə mütəxəssis, nə də klinika var idi, lakin hazırda onkoloji uşaqlar üçün 90 çarpayılıq bir klinika var”.

Həkimin Azərbaycanda xərçəng xəstələrinin artmasının səbəblərindən danışıb: “Bu günə qədər Azərbaycanda xərçəng xəstələri qeydiyyata alınmırdı, bu barədə statistik məlumat yox idi. Artıq Azərbaycanda beynəlxalq səviyyədə qeydiyyat həyata keçirilir və biz xəstəliyin artımını statistik olaraq izləyə biləcəyik. Lakin 10 il əvvəl imkanlarımız bu şəkildə deyildi. Hazırda Azərbaycanda xəstələrin sayında artım görünsə də, ümumi xəstəliklər arasında erkən mərhələdə aşkarlanma hallarının sayı daha çoxdur. Bu sevindirici haldır, çünki xərçəngin erkən aşkarlanması xəstəliyin sağalması üçün daha çox şans deməkdir. Həkimə müraciətlərin sayında artım var. Bununla yanaşı, istənilən xəstəxanada əməliyyatla çıxarılmış orqan, orqan parçası, toxuma fraqmenti mütləq histoloji müayinəyə göndərilir”.

Verilişdə iştirak edən Milli Onkologiya Mərkəzinin Onkologiya məsələləri üzrə milli registri Nabil Seyidov əhalinin sosial vəziyyəti ilə xərçəng xəstəliyi arasında əlaqədən danışıb: “Sübut olunub ki, insanlarda xərçəng xəstəliyinin inkişafı onların həyat tərzi ilə birbaşa bağlıdır. Söhbət qidalanmadan, sosial rifah vəziyyətindən, zərərli vərdişlərin olub-olmamasından gedir. Artıq çəki, piylənmə xərçəng xəstəliyi riskini artırır. Bununla yanaşı, tütün çəkmə həm ağciyər xərçəngi, həm də mədə, mədəaltı vəz, udlaq, qırtlaq, ağız boşluğu, dodaqların xərçənginə səbəb ola bilir. Spirtli içkilərin qəbulu birbaşa səbəb olmasa da xərçəng xəstəliyi riskini artırır. Udduğumuz hava, tikinti materialları, kimyəvi maddələr, iş yerlərində təhlükəsizlik qaydalarına əməl etməmək xərçəng riskini artırır, ya da səbəb olur. Əhalinin diqqətini qarşısı alına bilən risklərə yönəltmək, fiziki aktivliyi artırmaq, idmanla məşğul olmaq lazımdır. Hər bir insan gündə 60 dəqiqə orta intensivlikli fiziki aktivliklə məşğul olmalıdır. Bura tez-tez yerimək, qaçmaq  daxildir. Digər tərəfdən, sağlam qidalanmaq lazımdır. Meyvə, tərəvəz gündəlik rasionun tərkib hissəsi olmalıdır. Gün ərzində 200 qram meyvə, 200 qram tərəvəz yemək mədə-bağırsaq sistemi  xərçənginin qarşısının almağa kömək edir.  Gündə 15-20 qram lifli bitkilərlə qidalanmaq yoğun bağırsağın xərçənginin qarşısının alınmasına təsir edir.  Azərbaycanda qadınlardan fərqli olaraq, kişilər  profilaktik  müayinələrə laqeyd yanaşırlar. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda ən çox yayılmış xərçəng növlərindən biri gec aşkarlanan yoğun bağırsaq xərçəngidir”.

Samir Qurbanov qadınlar arasında süd vəzi xərçənginin daha çox yayıldığını qeyd edib: “Bu, əksər hallarda əlilliyə səbəb olan, daha gec müraciət olunanda hətta onkoloqların çarəsiz qaldığı xəstəliklərdən biridir. Kişilər arasında mədə xərçəngi çox yayılıb. Əhalinin böyük qisminin qastroskopiya və kolonoskopiyadan imtina etməsi xəstəliyi artırır. Ümumiyyətlə, onkoloji xəstəliklər elə xəstəlik qrupuna daxildir ki, burada bir günə diaqnoz qoymaq mümkün deyil. Xəstəliyin dəqiq diaqnozunun qoyulması üçün ilk növbədə, mərhələni aşkarlamalıyıq. Əslində, onkologiya kardiologiyadan, nevrologiyadan ağır sahə deyil, bu xofu özümüz yaratmışıq. Məsələn, qalxanvarı vəzin xərçəngi yaşama göstəricilərinə görə yüz faizdir, süd vəzi xərçənginin birinci mərhələsində yaşama göstərici 97 faizdir. Lakin infarkt miokard və ya insult keçirmiş xəstələr üçün bunu demək çətindir. Erkən mərhələdə müraciətlər sayəsində kifayət qədər gözəl nəticə əldə etmək mümkündür”.

Samir Qurbanov xəstələrin müalicə üçün xarici ölkələrə üz tutmasının müalicəni çətinləşdirdiyini deyib: “Əlbəttə, istədiyi yerdə müalicə olunmaq xəstənin öz haqqıdır. Lakin xarici ölkələrə müraciət edəndə həkimin xəstə qarşısında öhdəlikləri olmur. Bizim xarici ölkələrdən gələn xəstələrimiz var ki, heç biopsiya olunmadan kimyaterapiya təyin olunub. Xəstədə müəyyən müddətə yaxşılaşma müəyyən olunub, daha sonrakı dövrdə artıq biz xəstəyə heç bir şey edə bilmirik, çünki xəstənin arxiv materialları yoxdur. Bundan başqa, xaricə gedən vətəndaşlarımız heç də həmişə onkoloq tərəfindən müalicə olunmurlar. Əgər onkoloji xəstə əməliyyat olunursa, burda mütləq şəkildə multidissiplinar quruluş olmalıdır. Yəni diaqnozun qoyulmasında həm cərrah, həm kimyaterapevt, həm də şüa terapevti iştirak etməlidir. Onların ümumi rəyi əsasında beynəlxalq standartlara uyğun şəkildə xəstənin mərhələli müalicəsi planı qurulmalıdır. Bəzən İranda əməliyyat olunan xərçəng xəstələrinə sonradan nə kimyaterapiya, nə şüa terapiyası məsləhət görülür”.

 

Müəllif | Apa.Tv
Apa.tv