“TEAS Press” Nəşriyyat Evi: “Məqsədimiz təkcə kitab satmaq deyil”

“Uşaqlar mütləq öz ana dilində kitablar oxumalıdırlar”…

 

“Azərbaycan dilində olan kitablar da ya keyfiyyətli tərcümə olunmayıb, ya qeyri-qanuni tərcümə olunub, ya da çox rəngarəng deyil”…

 

“İstənilən xarici yazıçının kitabını Azərbaycanda çap etmək üçün ya həmin yazıçının nümayəndəsi, ya da kitabı nəşr edən nəşriyyat evi ilə əlaqə saxlamaq lazımdır”…

 

“Müəllifə ödənilən məbləğ kitabdan əldə edilən gəlirdən asılıdır”…

 

“Məqsədimiz təkcə kitab satmaq deyil, bu kitablara hər bir uşağın sahib olmasıdır”…

 

“Ailədə uşağın kitaba meylli olmağını istəyiriksə, valideynlər özləri də oxumalıdır”…

 

Bu fikirlər APA TV-də yayımlanan “Sosium” proqramında səslənib. Proqramın qonağı, “TEAS Press” Nəşriyyat Evinin “3 alma” Uşaq nəşrləri bölməsinin rəhbəri Kolin Makdonel kitab mağazalarında Azərbaycan dilində uşaq kitablarının az olmasını qeyd edib: “Azərbaycanda kitab mağazalarında ana dilində uşaq ədəbiyyatı çox azdır, kitabların çoxu rus dilindədir. Məncə, bu yaxşı hal deyil. Uşaqlara mütləq öz ana dilində kitablar lazımdır. Ona görə də biz hər yaş qrupundan olan uşaqlar üçün kitab nəşrinə başladıq. Artıq bir ildir ki, fəaliyyətə başlamışıq və bu müddət ərzində çoxlu kitab nəşr etmişik”.

 

Verilişin qonağı, “TEAS Press” Nəşriyyat Evinin təhsil məsələləri üzrə məsləhətçisi Aysel Zahidqızı da Azərbaycan dilində uşaq ədəbiyyatı sahəsində boşluqlar olduğunu bildirib: “Azərbaycan dilində olan kitablar da ya keyfiyyətli tərcümə olunmayıb, ya qeyri-qanuni tərcümə olunub, ya da çox rəngarəng deyil. Bizim tərcümə etdiyimiz kitablar həm keyfiyyətinə, həm rəngarəng tərtibatına görə seçilir və bütün beynəlxalq standartlara cavab verir”.

 

Kolin Makdonelin sözlərinə görə, kitabın poliqrafik baxımdan keyfiyyətli olması vacibdir: “Bizim kitabların çoxu hətta Amerikada nəşr olunmuş orijinalından da keyfiyyətlidir. Bu, kitabxana üçün vacibdir, çünki kitab 10 dəfə, 100 dəfə də oxunsa, xarab olmayacaq”. 

 

Aysel Zahidqızı uşaq kitablarının nəşri zamanı nəzərə alınan məqamları dilə gətirib: “Çox kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulan kitabların kənarı iti uclu olmamalı, səhifələr, üz qabığı möhkəm olmalıdır. Çünki uşaq onu cıra bilmir, yazmaq istəsə, bu, mümkün deyil. Kitab nəşr olunarkən mütləq oxucunun yaş həddi nəzərə alınmalı, kitabın keyfiyyəti də ona uyğun müəyyənləşdirilməlidir”.

 

Müəlliflik hüququnun qorunmasının əhəmiyyətli olduğunu deyən Kolin Makdonel bu məsələdə qəbul olunmuş standartlardan danışıb: “İstənilən xarici yazıçının kitabını Azərbaycanda çap etmək üçün ya həmin yazıçının nümayəndəsi, ya da kitabı nəşr edən nəşriyyat evi ilə əlaqə saxlamaq lazımdır. Təbii ki, burada yaxşı əlaqələr də rol oynayır. Məsələn, Mo Villems mənim çox sevdiyim Amerika yazıçısıdır, çox məşhur yazıçıdır. Mo Villemslə İtaliyanın Bolonya  şəhərində keçirilən kitab sərgisində tanış olduq. Sərgidə bütün dünyanın məşhur yazıçılarının kitabları nümayiş olunurdu. Sonra biz Mo Villemsin nümayəndəsi ilə görüşdük, kitabını tərcümə etmək istədiyimizi bildirdik. O da məmnuniyyətlə razılıq verdi. Bizim nəşriyyatda çap olunan istənilən kitabın müəllifi ilə əlaqə saxlanılır və qanuni şəkildə müəlliflik hüququ aldıqdan sonra çap edirik”. 
 

Aysel Zahidqızı da xarici yazıçıların həvəslə öz əsərlərinin Azərbaycan dilində nəşrinə razılıq verdiyini deyib: “ “Əcinnə ovçusu" kitabının müəllifi ilə birbaşa sosial şəbəkədə əlaqə saxladım və öz minnətdarlığımı bildirdim. Burada yazıçıya müəyyən məbləğ ödənilməlidir və o, kitabın neçə nüsxədə çap olunacağını bilməlidir. Bu ödənişdən yayınmaq kitabın qeyri-qanuni şəkildə çapı deməkdir”.

 

Kolin Makdonel yazıçılara ödənilən məbləğ barədə də məlumat verib: “Müəllifə ödənilən məbləğ kitabdan əldə edilən gəlirdən asılıdır. Bu, təxminən həmin gəlirin 8 faizi qədərdir. Lakin Mo Villiems kimi məşhur yazıçılara ödənilən məbləğ bir qədər artıqdır. O qədər də məşhur olmayan yazıçılar üçün ödənilən məbləğ 8 faizdir. İstehsalı baha olan kitabların faizi də yüksək olur”.

 

Nəşriyyatın nümayəndəsi uşaq oxucuların daha tələbkar və diqqətli olduğunu deyib: “Bəzən hesab edirlər ki, uşaqlara nə versəniz oxuyacaqlar, amma onlar oxuyarkən bir neçə səhv tapsalar, artıq həmin kitaba inanmayacaqlar. Həmçinin tanış olmayan sözlər də uşağı kitabdan uzaqlaşdırır. Uşaq kitablarında yorucu rənglərdən, uşaqda mənfi emosiya yaradan rənglərdən qaçmaq lazımdır. Bizim tərcümə etdiyimiz artıq öz sözünü demiş, oxucusunu qazanmış kitablardır, bizim əlavə etməyimizə ehtiyac yoxdur”.

 

Aysel Zahidqızı uşaq kitablarının baha olmasının səbəblərindən də danışıb: “Böyüklər üçün kitab nəşr olunanda mətn yazılır və nəşr olunur, illüstrasiyalara ehtiyac yoxdur. Amma uşaq kitabları üçün illüstrasiya lazımdır, kitabın keyfiyyəti sağlamlıq standartlarına cavab verməlidir. Bütün bunlar təbii ki, vəsait tələb edir. Lakin kitaba xərclənən pulun sonradan nəticəsini görmək mümkündür. Bizim məqsədimiz təkcə kitab satmaq deyil, bu kitablara hər bir uşağın sahib olmasıdır. Ailədə uşağın kitaba meylli olmağını istəyiriksə, valideynlər özləri də oxumalıdır ki, uşaq da görüb-götürsün”. 

Müəllif | Apa.Tv
Apa.tv