Nicat Hacızadə: “Mərkəzi Bankın uçot dərəcəsini qaldırmasının kredit faizlərinə təsir etmə ehtimalı yoxdur”
“Uçot dərəcəsinin qaldırılması inflyasiyanın artması deməkdir”...
“Mərkəzi Bank uçot dərəcəsini 2-3 dəfə qaldırsa belə, bankların kredit faizini qaldırması məntiqsizdir”...
“Bizdə uçot dərəcəsinin hal-hazırkı kredit faizlərinə təsir etmə ehtimalı yoxdur”...
“Bu gün hər hansı bankla şəxs arasında məhkəmə prosesi olarsa bank bilməlidir ki, məhkəmə qərarında şəxsin bütün maaşı bankın xeyrinə götürülməyəcək”...
“Kommersiya bankları gəlirlərin azaldığı şəraitdə əhalini sıxışdırmamalıdır”...
“Bizim qanunvericiliyimiz manatdan başqa valyuta ilə kredit verməyi qadağan edir”...
“Bir ölkənin pul vahidində il ərzində iki dəfə devalvasiya baş veribsə, burada inflyasiyanın olmadığını demək doğru deyil”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, iqtisadçı ekspert Nicat Hacızadə deyib.
Qonaq Mərkəzi Bankın uçot dərəcəsində dəyişiklik etməsini monetar siyasətin bir hissəsi hesab edir: “Əslində, uçot dərəcəsinin artırılması çoxdan gözlənilən addım olması sırf inflyasiya dərəcəsi ilə bağlıdır. Pulun uçot dərəcəsi qaldırılırsa, bu həmin ölkənin valyutasının dəyərinin qaldırılması deməkdir. Yəni manat bahalaşır. Əgər manata banklara verilən məhsul kimi baxsaq, artıq banklar həmin məhsulu əvvəlki dəyərindən bir qədər baha satmağa başlayacaqlar. Makroiqtisadi sabitliyin, rəqabət qabiliyyətinin olduğu ölkələrdə bu sistem tətbiq olunur. Dünyanın əksər müstəqil mərkəzi bankları uçot dərəcələrində dəyişiklik etməklə, ölkədəki makroiqtisadi sabitliyi, məşğulluğu, istehsalatın gücünü, iqtisadiyyatın sektorial hissələrinin dayanıqlılığını, gücünü saxlamaq istəyir. Mərkəzi Bank ölkənin pul vahidinə nəzarət edir və bu qərarı verməkdə müstəqil olmalıdır. Dünyanın əksər yeni sənayeləşmiş ölkələrində Mərkəzi Bank hökumətin maliyyə siyasətində düzəlişlər edən bir orqandır. Amerikada Federal Ehtiyatlar Sistemi (FES) hökumətdən ayrıdır, istədiyi makro iqtisadi sabitliyinə uyğun uçot dərəcəsində dəyişiklər edir. Nəzərə alsaq ki ABŞ dolları dünya iqtisadiyyatının 60-70 faizinə sahibdir və dünyanın əksər ölkəsi pul vahidlərini dollar nisbətində götürürlər. Azərbaycan manatı da ikili səbət sistemində avro və dollara uyğun öz məzənnəsini formalaşdırır”.
Ekspert Azərbaycanda bankların fəaliyyətinin əsasən kredit portfelinə əsaslanmasının risklərindən danışıb: “Bizim əksər bankların gəlirinin əsas hissəsi kreditlərin üzərinə düşür. Bankın saxlanılma xərcləri, işçilərin əmək haqqı, bankların digər xərcləri kreditdən əldə olunan gəlirlər hesabına qarşılanır. Belə olan şəraitdə isə banklar kredit faizlərini yüksək səviyyədə saxlamağa məcburdurlar. Bu faizdə həm də risklər, inflyasiya dərəcəsi, devalvasiya ehtimalı nəzərə alınır. Bizdə banklar devalvasiya riskini nəzərə almadıqlarından hazırda problemli kreditlərlə üzləşdilər”.
Nicat Hacızadə bankların kredit faizlərini artırmağını nəzəri olaraq məntiqsiz hesab edir: “Nəzərə alaq ki, Mərkəzi Bank uçot dərəcəsini azaldanda heç bir kommersiya bankı kredit faizini aşağı salmadı. Əslində, Mərkəzi Bank 2-3 dəfə uçot dərəcəsini qaldırsa belə, bankların kredit faizi indiki dərəcəyə gəlib çıxmamalıdır. Dünya təcrübəsində FES-in kommersiya banklarına verdiyi kreditlərin üzərinə Amerika bankları maksimum 3,5-4 faiz əlavə edir. Araşdırmalara görə, kommersiya bankları ölkənin mərkəzi bankının faizini maksimum 4 faiz artırır və hətta bu şərtlər müştəridə problem yaratsa, ona uzunmüddətli güzəştlər də təklif edir. Çünki kommersiya bankı müştərini incitməyə və itirməyə maraqlı deyil. Amma bizdə uçot dərəcəsinin hal-hazırkı kredit faizlərinə təsir etmə ehtimalı yoxdur. Kommersiya bankı kredit verdiyi zaman, onun cəlb elədiyi pulların əksər hissəsi depozitlərin payına düşür, bir hissəsi xarici maliyyə qurumlarının cəlb etdiyi pulların hesabına düşür, çox az bir qismi Mərkəzi Bankın verdiyi kreditin payına düşür. Əgər bu gün kommersiya bankı Mərkəzi Bankın verdiyi uçot dərəcəsinə uyğun, üzərinə əlavə edib 5-6 faizlə kredit vermirsə, demək, bank öz maliyyə likvidliyini, maliyyə təminatını yerinə yetirmir. Kommersiya bankları məcburdur ki, depozitlər hesabına kredit cəlb etməlidir, bu halda, faiz dərəcəsini yüksək qoymağa məcburdur. Ümumiyyətlə kommersiya bankının başlıca məqsədi səhmdarın gəlirliliyini təmin etməkdir”.
Qonağın sözlərinə görə, hazırda problemli kreditlərlə bağlı vəziyyət hüquqi baxımdan bankların xeyrinə həll oluna bilməz: “Əhalinin gəlirlərinin əksər hissəsi azalıb. Özəl sektorda biz ixtisarları müşahidə edirik. Bu gün əhalini narahat edən məqam ondan ibarətdir ki, kommersiya bankları dollarla kredit götürən şəxslərə güzəşt etmir və bu təqdirdə də nəzərə almırlar ki, əhalinin ödəməli olduğu pul həmin şəxsin əmək haqqından iki dəfə çoxdur, bu da heç bir məntiqə uyğun gəlmir. Bu gün hər hansı bankla şəxs arasında məhkəmə prosesi olarsa bank bilməlidir ki, məhkəmə qərarında şəxsin bütün maaşı bankın xeyrinə götürülməyəcək. Əmək haqqından minimum yaşayış məbləği götürüləndən sonra yerdə qalan çox aşağı bir hissəsi ay ərzində həmin şəxsin gəlirindən tutulacaq. Gəlirlərin azalması fonunda kommersiya bankları əhalini sıxışdırmamalıdır”.
Nicat Hacızadənin fikrincə, hazırkı şəraitdə qanunvericilikdə müəyyən dəyişikliklər etmək məqsədəuyğundur: “Bizim qanunvericiliyimiz manatdan başqa valyuta ilə kredit verməyi qadağan edir. Bu gün problemli kreditlərin əksər hissəsi dollarla verilən kreditlərin payına düşür. Lakin bu problemlərə baxmayaraq, banklar yenə də dollarla kredit təklif edirlər. Bankların əksər hissəsində manat qıtlığı var”.
Qonaq ölkədə inflyasiyanın dərəcəsinin iqtisadiyyata təsiri barədə də danışıb: “Əgər bir ölkənin pul vahidində il ərzində iki dəfə devalvasiya baş veribsə, burada inflyasiyanın olmadığını demək doğru deyil. İqtisadi qanunlara görə, burada inflyasiya dərəcəsi qalxmağa məcburdur. İnflyasiya çox qalxırsa, bu pis bir haldır demək olmaz, aşağı düşəndə də bu belədir, bu proses tənzimlənmədir. Ölkədə iqtisadi vəziyyətə uyğun olaraq inflyasiya dərəcəsi dəyişə bilər. Həddindən artıq defilyasiya da təhlükəlidir. Qiymətlərin aşağı düşməsi sahibkarlığa da müəyyən qədər ziyandır”.