“ASAN Xidmət”in şöbə müdiri: “Uşaq doğulduğu gündən ona xarici pasport almaq mümkündür”

“Orta hesabla "ASAN Xidmət" mərkəzlərinə və səyyar avtobuslarımıza hər gün 17 min vətəndaş müraciət edir”...

 

“Uşaq doğulduğu gündən ona xarici pasport almaq mümkündür”...

 

“Artıq sərnişin və yükdaşıma, mehmanxana, turizmlə bağlı lisenziyalar ləğv olunub”...

 

“ASAN Xidmət” mərkəzlərində yaşayış yeri ilə bağlı sənədlər ödənişsiz verilir”...

 

“Asan ödəniş sistemi vasitəsilə yol hərəkəti qaydaları ilə bağlı inzibati cərimələrin ödənilməsi həyata keçirilir”...

 

“2016-cı ildə Masallı və Qəbələdə yeni "ASAN Xidmət" mərkəzləri istifadəyə veriləcək”...

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, “ASAN Xidmət”in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib.

 

Qonaq hazırda Bakı şəhərində 5, Sumqayıt, Sabirabad, Bərdə və Gəncə şəhərlərində isə 4 “ASAN Xidmət” mərkəzindən əlavə, həm  də səyyar avtobuslarla əhaliyə operativ xidmət göstərildiyini deyib: “Bölgələrdəki mərkəzlər ətraf rayonların sakinlərinə də xidmət göstərirlər. "ASAN Xidmət" mərkəzlərinin olmadığı rayonlarda vətəndaşlara dövlət xidmətlərinin çatdırılması məqsədilə səyyar formada regionlarda fəaliyyətimizi davam etdiririk. Hazırda səyyar xidmət avtobuslarımızın sayı 10-a çatıb. Hər avtobusda orta hesabla gündə 300-400-ə yaxın vətəndaş qəbul edilir. 3 illik fəaliyyətimiz dövründə 8 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Orta hesabla "ASAN Xidmət" mərkəzlərinə və səyyar avtobuslarımıza hər gün 17 min vətəndaş müraciəti var. Biz çalışırıq ki, "ASAN Xidmət" mərkəzlərinin məqsəd və prinsiplərinə uyğun olaraq, şəffaf, operativ, rahat, məsuliyyətli və nəzakətli prinsiplərə uyğun olaraq xidmət göstərək. 8 milyon təkcə statistik bir rəqəm deyil, bu, həm də vətəndaş məmnuniyyətidir. Aparılan sorğulara əsasən, bizə müraciət edən vətəndaşların məmnunluğu 98-100 faiz arasında dəyişir”.

 

Anar Hüseynov vətəndaşların ən çox şəxsiyyəti təsdiq edən sənədlərlə bağlı müraciət etdiyini bildirib: “Yay aylarında xarici pasport kimi tanınan sənədlə bağlı müraciətlər daha çox olur. Son vaxtlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı müraciətlər artıb. Uşaq dünyaya gəldiyi gündən artıq ona doğum şəhadətnaməsi ilə yanaşı, həmçinin şəkilsiz şəxsiyyət vəsiqəsi və xarici pasport da almaq mümkündür. Notarial xidmətlərlə bağlı kifayət qədər müraciətlərimiz var”.

 

“ASAN Xidmət”in şöbə müdiri lisenziyalarla bağlı da ətraflı məlumat verib: “Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 2015-ci il tarixli fərmanına əsasən "ASAN Xidmət" mərkəzlərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq lisenziyalarının dövlət təhlükəsizliyindən gələn hallar istisna olmaqla verilməsini,  İqtisadiyyat Nazirliyi tərəfindən dövlət "ASAN Xidmət" mərkəzlərində həyata keçirilməsi ilə bağlı tapşırıq verilib. Artıq ötən ilin noyabr ayından etibarən İqtisadiyyat Nazirliyinin əməkdaşları paytaxtda fəaliyyət göstərən 5 saylı "ASAN Xidmət" Mərkəzi, həmçinin bütün regional "ASAN Xidmət" mərkəzlərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq lisenziyalarının verilməsi həyata keçirilir. Bunun üçün bütün zəruri sənədlərlə birlikdə vətəndaş vahid məkana müraciət edərək, bir neçə əməliyyatı rahat şəkildə həll edə bilər. Ətraflı məlumat üçün “108” məlumat mərkəzimizə də müraciət etmək mümkündür. Müraciətlər bütün respublika ərazisi üçün ödənişsizdir. Həmçinin bizim “asan.gov.az” rəsmi internet səhifəsindən xidmətlər barədə ətraflı məlumat ala bilərlər. Artıq sərnişin və yükdaşıma, mehmanxana, turizmlə bağlı lisenziyalar ləğv olunub”.

 

Anar Hüseynov “ASAN Xidmət” mərkəzlərində 250-dən çox xidmət növü həyata keçirildiyini deyib: “Bəzi xidmətlərə görə Dövlət rüsumu haqqında qanuna əsasən tənzimlənmiş rüsum ödənilməsi tələb olunur, bəzi xidmətlər də var ki, bunlar üçün rüsum tələb olunmur. Misal üçün məhkumluq haqqında arayış. Xaricə təhsil almaq üçün gedən gənclərimiz bu xidmətlə bağlı müraciət edir, şəxsiyyət vəsiqəsini verməklə, heç bir ödəniş aparmadan həmin sənədi əldə edə bilərlər. Həmçinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə arayışların verilməsi də "ASAN Xidmət" Mərkəzlərində bu xidmət də həyata keçirilir. Hansısa ünvana qeydiyyata düşmək istəyən şəxs zəruri sənədlər təqdim etməlidir”.

 

Qonaq Asan ödəniş sisteminin də üstünlüklərindən danışıb: “Asan ödəniş sistemi vasitəsilə bütün növ inzibati cərimələr həm elektron qaydada, həm də xüsusi terminallar vasitəsilə ödənilir. Bu sistemin yaradılmasında əsas məqsəd dövlət xidmətlərinin elektronlaşdırılması, vətəndaş və məmur arasında kontaktların minimuma endirilməsi ilə neqativ halların aradan götürülməsidir. Hazırda Asan ödəniş sistemi vasitəsilə yol hərəkəti qaydaları ilə bağlı inzibati cərimələrin ödənilməsi həyata keçirilir. Vətəndaş AsanPay.az internet səhifəsinə daxil olub, qeydiyyatdan keçməklə tərtib olunmuş inzibati protokollar haqqında məlumat əldə edə bilər. Terminallar "ASAN Xidmət" mərkəzlərində, ticarət mərkəzləri və parkinqlərdə də quraşdırılıb. Bu terminallarda qalıq məbləğ də geri qaytarılır”.

 

Anar Hüseynov yeni yaradılacaq “ASAN Xidmət” mərkəzləri barədə də məlumat verib: “2016-cı ildə Masallı və Qəbələdə yeni "ASAN Xidmət" mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda həmin rayonlarda səyyar avtobuslarımız xidmətləri həyata keçirir. Bu rayonlarda yeni mərkəzlər istifadəyə verilənə qədər səyyar avtobuslar vətəndaşlarımıza xidmət göstərəcək”. 

Müəllif | Apa.Tv
Apa.tv