Test üsulu ləğv edilməlidirmi? – EKSPERT RƏYİ
“Testlə imtahan abituriyentlərin biliklərini tam əhatəli qiymətləndirə bilmir”...
“Test suallarının tərtibatında təkmilləşməyə ehtiyac var”...
“Sırf statistik məlumatlarla, tarixi hadisələrlə testi yükləmək uşağın müstəqil düşüncəyə, təfəkkürə malik olmasının qarşısını alır”...
“Cəmiyyətdə test üsulunun ləğvinin tərəfdarları var”...
“11 illik əziyyətin nəticəsini görmək üçün ən mükəmməl bir mexanizm təklif edilməlidir”...
“Bütün bilik və vərdişləri ali məktəbdə vermək gecdir, ona görə biz kamil kadr və şəxsiyyət yetişdirə bilmirik”...
“Orta məktəblərdə dinşünaslığın bir elm şəklində, əxlaq və mənəviyyat dərsi kimi tədrisi çox vacibdir”...
“Qəbul imtahanlarının nəticələrinə görə məktəblərin fəaliyyətinin qiymətləndirilməsi onları qeyri-obyektivliyə aparır”...
“Repetitorluğu ləğv etmək qeyri-mümkündür”...
“Futurologiya təhsil mərkəzinin təcrübəsindən istifadə etmək olar”...
“Hətta istəsələr də, 3 il ərzində test üsulunu ləğv etmək qeyri-mümkündür”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, təhsil üzrə ekspert Məlahət Mürşüdlü deyib.
Məlahət Mürşüdlü ali məktəblərə test üsulu ilə qəbulun üstünlüklərindən və çatışmazlıqlarından danışıb: “Test üsulu qəbulda insan faktorunu aradan qaldırdı, əvvəllər üzbəüz imtahanda qeyri-obyektivliyə yol verilirdi, lakin artıq 24 ildir ki, bunu müşahidə etmirik. İkincisi, test imtahanı vaxt qazanmaq baxımından əlverişlidir. Əvvəl ali məktəbə qəbul üçün 4 fəndən imtahan verilirdi, bu da ümumilikdə bir ay çəkirdi. İmtahan nəticələrinin vaxtında yoxlanılıb abituriyentə çatdırılması problem idi. Testlə imtahan abituriyentlərin biliklərini tam əhatəli qiymətləndirə bilmir. Burada qiymətləndirmə nisbidir. Testin başlıca məqsədi obyektiv qiymətləndirmə, neqativ hallara yol verməməkdir. Digər tərəfdən, test imtahanında təkmilləşməyə ehtiyac var. İmtahan fənlərinin sayının artırılıb-azaldılması, sözsüz ki, təkmilləşmə deyil. Yaxşı olar ki, məntiqə əsaslanan suallar tərtib olunsun. Sırf statistik məlumatlarla, tarixi hadisələrlə testi yükləmək uşağın müstəqil düşüncəyə, təfəkkürə malik olmasının qarşısını alır. Həmçinin, formanın da təkmilləşdirməsinə ehtiyac var. Cəmiyyətdə test üsulunun ləğvinin tərəfdarları da var. Testi ləğv etmək olar, ancaq onun yerinə daha mükəmməl alternativ nə təklif etmək olar ki? 11 illik əziyyətin nəticəsini görmək üçün ən mükəmməl bir mexanizm təklif edilməlidir”.
Qonaq test imtahanı ilə abituriyentlərin sosial bacarıqlarını yoxlamağın mümkün olmadığını deyib: “Sosial bacarıqlar test üsulunda öz qiymətini ala bilmir, bilik və bacarıqların qiymətləndirilməsi burada özünü göstərmir. Bu gün orta məktəb təkcə bilik verən mərkəz olmamalı, həmin sosial vərdişləri, bacarıqları da məzunlara aşılaya bilməlidir. Uşaq 3-4 yaşından özünü tanımağa başlayır, ali məktəblərdə həmin bacarıqları vermək gecdir. Biz bunu ali məktəblərdə etdiyimizə görə nə kamil kadr, nə insan, nə şəxsiyyət yetişdirə bilirik. Mənlik, kimlik şüuru aşağı, 3-4 yaşından formalaşdırılmağa başlamalıdır və mərhələ-mərhələ, gənclik yaşı bitənə qədər davam etməlidir. Bu uzun bir prosesdir”.
Ekspert təhsilin artıq yeni tələblərə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb: “XXI yüzilliyin tələbləri tamam başqadır. Biz XX yüzillikdə ancaq bilik verməklə məşğul olduq. Bu cəmiyyətdə yaşayan hər bir insan minimal biliklərə malik olmaqla, müəyyən sosial insani davranışlara, cəmiyyətdə adaptasiya, öz MƏN-ini qoya bilmək bacarığına malik olmalıdır. Bu isə məktəbəqədər tədris müəssisələrindən başlayıb, mərhələli şəkildə ailədə, cəmiyyətdə, oxuduğu təhsil müəssisəsində formalaşmalıdır. Orta məktəblərdə vacib fənlər tədris olunmalıdır. Ölkəşünaslıq, mədəniyyətşünaslıq kimi fənlər insanın formalaşmasında, yetişməsində, həmin bilik və bacarıqların aşılanmasında vacibdir. Dinşünaslığın bir elm şəklində, əxlaq və mənəviyyat dərsi kimi tədrisi çox vacibdir. Bu gün bizim orta məktəblərin qarşısında duran əsas vəzifə hərtərəfli, sosial cəmiyyətə adaptasiya ola bilən, dürüst, layiqli, ədalətli, obyektiv, öz hüquqlarını bilən insanın yetişdirilməsidir”.
Məlahət Mürşüdlü qəbul imtahanlarının nəticələrinə görə orta məktəblərin fəaliyyətinin qiymətləndirilməsinin əleyhinə olduğunu deyib: “Bu, sovet dövründə plan verməyə bənzəyir. Belə öhdəlik və faizlər məktəbi, hər hansı müəssisəni qeyri-obyektivliyə aparır. Bəzən bizim yüksək vəzifəli məmurlarımız da repetitorluğun ləğvindən danışır. Bu, qeyri-mümkündür. Uşağın dərsdən əlavə bilik almaq hüququdur. Qazaxıstanın təhsil haqqında qanununda repetitorluq əlavə pedaqoji fəaliyyət kimi öz əksini tapır. Mənim fikrimcə, repititorluqla məşğul olan müəllimlər dövlətə vergi ödəməlidirlər, bu, həm də dövlət büdcəsinə gəlir deməkdir. Sadəcə, əlavə məşğələlər dərs saatlarına salınmamalıdır, standartlar müəyyənləşməlidir”.
Təhsil eksperti qəbul imtahanının olmadığı ali təhsil müəssisəsinin təcrübəsini misal gətirib: “Müstəqilliyimizin ilk illərində Bakıda Futurologiya təhsil mərkəzi var idi. Bu, xarici təcrübə ilə ümumiləşmiş özəl təhsil müəssisəsi idi, amma Sovet dövründə SSRİ Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilirdi və eksperiment olaraq açılmışdı. Bu mərkəzə qəbul imtahansız idi, orta məktəb şagirdinin 4 illik orta balı əsas götürülürdü. Semestr imtahanlarının mexanizmi elə idi ki, fakültəyə attestatla 250 nəfər gəlmişdi, ancaq oranı 4 ildən sonra 60 nəfər bitirdi. Neqativ hallar orda yox idi. Eksperiment olaraq bir institut nəzdində bunu təcrübə etmək olar”.
Məlahət Mürşüdlü Azərbaycan təhsilinin əsas probleminin kadr hazırlığı sahəsində olduğunu dilə gətirib: “Bu gün də bizim ali məktəblərdə elə müəllimlərimiz var ki, sovetdən qalma mühazirələrlə dərs keçirlər. Hazırda BDU-da tələbələrin bilik alması üçün bütün şərait yaradılıb. Burada həm də semestr imtahanları Bolonya sisteminin tələblərinə uyğun şəkildə insan faktoru olmadan həyata keçirilir. Bu isə tələbəni oxumağa, çalışmağa sövq edir. Yüksək balla ali məktəbə daxil olub semestr imtahanlarında kəsilən tələbələr araşdırılmalıdır, onların zəif oxumasının səbəbləri aydınlaşdırılmalıdır”.
Ekspert testdə dəyişikliklərlə bağlı təkliflərini verib: “Test təkmilləşməlidir, məntiqi suallar çox olmalıdır, suallar bloklar şəklində verilməlidir. Suallar düşündürücü olmalıdır, tapmaca şəklində statistik məlumatlar olmamalıdır. Fikrimcə, İKT imkanlarından istifadə etməklə test imtahanlarının keçirilmə mexanizmini təkmilləşdirmək olar. Hətta istəsələr də, 3 il ərzində test üsulunu ləğv etmək qeyri-mümkündür”.