Birinci sinfə uşaq qəbulu necə aparılacaq? - TƏHSİL NAZİRLİYİNİN RƏSMİSİ AÇIQLADI

“Heç bir ümumtəhsil məktəbi uşağın bilik kateqoriyasına görə seçim apara bilməz”…

 

“Bölgələrdə qeydiyyatda olan vətəndaşların da övladları yaşayış yerindən arayıq olmadan Bakı şəhərində təhsil ala bilər”...

 

“Lökbatanda, Binəqədidə, Binədə yeni salınmış ərazilərdə konkret olaraq yeni məktəb binalarına tələbat var”...

 

“Dekabrın 31-dən sonra 6 yaşı bitən uşaqlar hətta imtahanla da məktəbə qəbul edilmir”...

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tanrıquliyeva deyib.

 

BŞTİ-nin sektor müdiri keçən ildən tətbiq olunan elektron qeydiyyatın özünü təsdiq etdiyini deyib: “İlk dəfə keçən il istifadə olunan bu sistemin köməyilə 44 minə yaxın şagird birinci siniflərə qəbul edildi. Hər il  bu rəqəm Bakı şəhəri üzrə artmaqda davam edir. Bu üsulun tətbiqinin məqsədi həm təhsil sahəsində xidmət göstərən elektron xidmətlər sisteminin dairəsini genişləndirməkdir, bununla yanaşı, həm insan resurslarına, həm dövlət qurumlarına, həm də vaxta qənaət baxımından valideynlərə əlverişlidir. Artıq martın 1-dən elektron qəbul elan edilib və bir gün ərzində 2500 valideyn övladını qeydiyyatdan keçirib. Proses çox asandır və valideynlərin işini daha da asanlaşdırmaq üçün müəyyən təkmilləşmə işləri də aparılıb. Bu məqsədlə video təlimatlar hazırlanıb, ən çox verilən suallara cavab verilib, təlimatlar saytda yerləşdirilib”.

 

Arzu Tanrıquliyevanın sözlərinə görə, elektron müraciətlərin statistikası məktəblərə tələbatı müəyyənləşdirməyə imkan verir: “Keçən il də müəyyən məktəblərə müraciət edənlərin sayı mövcud yer sayından dəfələrlə çox olub. Bu zaman məktəb də müəyyən seçim etmək məcburiyyətində qalır. Qeyd edim ki, lisey və gimnaziyalara seçim imtahan yolu ilə aparılır və bu səbəbdən onlara şagird seçmək daha asandır. Amma ümumtəhsil məktəblərinin uşağın bilik kateqoriyasına görə seçim aparmasına ixtiyarı yoxdur. Məktəbdəki işçi qrup yalnız sənədlərin doğruluğunu, uşağın əqli probleminin olub-olmamasını yoxlamalıdır. Lakin tələbat çox olduqda təbii ki, məktəbdə obyektiv kriterilərə əsaslana bilər. Bu, həmin şagirdin yaxın ərazidə yaşamasıdır. Keçən ildən BŞTİ-nin tabeliyində olan bütün ümumtəhsil məktəblərinin vahid formada olan saytı fəaliyyət göstərir. Valideyn bu sayta daxil olmaqla məktəbin fəaliyyəti, gündəlik həyatı, nəticələri, uğurları haqqında maraqlana bilər. Qeyd edək ki, hər bir məktəbin müəllimləri, onların təhsil səviyyəsi, nailiyyətləri ilə bağlı bütün məlumatlar saytda yerləşdirilib”.

 

Qonaq müraciətlərin çox olduğu məktəblərdə yaranan problemlərə də toxunub: “Lökbatanda, Binəqədidə, Binədə yeni salınmış ərazilərdə konkret olaraq yeni məktəb binalarına tələbat var. Amma bu ərazilərdə məktəbin ətrafında ərazi problemi var, yeni korpus tikilməsi üçün yer yoxdur. Bütün bu problemli ərazilər müəyyənləşdirilərək təkliflər planı şəklində Təhsil Nazirliyinə təqdim edilib. Belə ərazilərdə valideynlərə alternativ məktəblər də təklif edə bilmirik, şəhər məktəblərində bu cür imkanlar var. Bu, həlli tələb olunan məsələdir”.

 

Arzu Tanrıquliyeva elektron qaydada qeydiyyat prosesini izah edib: “Buna 15 dəqiqə vaxt kifayətdir. Burada valideynin şəxsiyyətini təsdiq edən sənəd, eyni zamanda, uşağın şəxsiyyətini təsdiq edən sənəd lazımdır. Bu şəxsiyyət vəsiqəsi də ola bilər, doğum haqında şəhadətnamə də ola bilər. Əgər müraciət edən şəxs Azərbaycan vətəndaşı deyilsə, miqrasiya xidmətindən arayışı, xarici ölkə vətəndaşıdırsa, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlıqdan icazə sənədi ilə müraciət edə bilərlər. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarda çalışan valideynlər Azərbaycanda təhsil alan övladları üçün birbaşa BŞTİ-nə müraciət etməlidirlər”. 

 

BŞTİ-nin rəsmisi məktəblərə qəbul zamanı tələb olunan sənədlər barədə də məlumat verib: “Keçən il olduğu kimi, bu il də yaşayış yerindən arayış tələb olunmur, məskunlaşma şərt kimi qoyulmur. Bölgələrdə qeydiyyatda olan vətəndaşlar da Bakı şəhərində yaşayıb, çalışırlarsa, onların övladları mütləq təhsil almalıdır, bu şans da onlara verilir. Lakin valideyn özü də nəzərə almalıdır ki, uzaq  bir ərazidən hər hansı bir əraziyə övladını hər gün dərsə gəlməsi uşaq üçün stressdir. Elektron qeydiyyat zamanı həkimdən arayış da tələb olunmur. Lakin elektron qeydiyyat bitdikdən sonra valideynə ərizə formasını çap edib məktəbə müraciət etməlidir. Bu zaman tələb olunan sənədlər barədə məlumat verilir. Bu zaman qanunvericiliklə müəyyənləşmiş, sağlamlıq haqqında forma tələb olunur. Bunu da asanlıqla qeydiyyatda olduğu uşaq poliklinikalarından ala bilərlər”.

 

Arzu Tanrıquliyeva inklyuziv təhsil sahəsində yeniliklərdən və pilot layihənin nəticələrindən danışıb: “Hazırda hər hansı bir fiziki problemi olan uşağa adi ümumtəhsil sinfində təhsil almaq şansı tanınır. Həmin uşağın məktəbdə hərəkət etməsi üçün müəyyən şərait olmalıdır. Hazırda pilot layihə şəklində bir neçə məktəblərimizdə həyata keçirilir. Məsələn 220 saylı məktəbdə tətbiq olunur. Şagirdin fiziki sağlamlıqla bağlı məhdudiyyətləri çox vaxt həmin uşağın qabiliyyətinə problem yaratmır, onlar öz yaşıdları ilə bərabər, hətta onlardan da üstün nəticə nümayiş etdirir. Belə sinifdə digər uşaqlarda insani keyfiyyətlərin formalaşması fərqli olur”.

 

Qonaq 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu barədə də danışıb: “6 yaşı tamam olmayan uşaqlar dedikdə, sentyabrın 16-dan dekabrın 31-nə qədər 6 yaşı tamam olan uşaqları nəzərdə tuturuq. Dekabrın 31-dən sonra 6 yaşı bitən uşaqlar hətta imtahanla belə məktəbə qəbul edilmir. 6 yaşı tamam olmayan uşaqlar  müvafiq qanunvericiliyə uyğun olaraq xüsusi istedadlı uşaqların vaxtından əvvəl qəbul qaydalarına əsasən müsahibədən keçməlidirlər. Bu müsahibə adətən yay aylarında olur və sentyabrın 14-nə qədər başa çatır. Həmin uşaqların qeydiyyatı iyulun 1-dən 31-nə qədər davam edəcək. Qeyd elədiyim qrupa daxil olan uşaqlar əgər lisey və gimnaziyada oxumaq istəyirlərsə, bu halda onların sənədləri aprelin 5-nə qədər elektron qaydada qeydiyyatdan keçməlidir. Əgər bu uşaqlar lisey və gimnaziyaların imtahanından keçibsə, artıq yenidən xüsusi istedada malik uşaqların müsahibəsində iştirak etməsinə ehtiyac yoxdur”. 

Müəllif | Apa.Tv
Apa.tv