Nahidə Mahmudova: “Vaxtından əvvəl doğuşların sayı daha çox erkən nikahların payına düşür”
“Artıq hamiləliyin 22 həftəsindən sonra doğulan və həyat əlamətlərindən ən azı birinə malik hər bir körpənin yaşamaq şansı var”...
“37 həftədən öncə baş verən bütün doğuşlar erkən, vaxtından əvvəl doğulma kimi qeyd olunur”...
“Hamiləlik dövründə qadın ən azı 7 dəfə həkim qəbulunda olmalıdır, risklər zamanı vizitləin sayı artırıla bilər”...
“Hamiləlik xəstəlik və ya yataq halı deyil, normal fiziki aktivlik, qida və yuxu rejiminə riayət etdikdən sonra fizioloji doğuşum baş verməməsi üçün heç bir əsas qalmır”...
“Vaxtından əvvəl doğuşların sayı daha çox erkən nikahların payına düşür”...
“İstənilməyən bir hamiləlikdən doğulan uşaq həm tibbi, psixoloji baxımdan da anomaliyalarla doğulacaq”...
“Cəmiyyətdə təbii doğuşun daha riskli olması barədə yanlış bir anlayış var”...
“Hər bir cərrahi əməliyyat artıq özü bir riskdir”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-Resurs şöbəsinin müdir müavini Nahidə Mahmudova deyib.
Nahidə Mahmudova diri doğulmanın yeni kriteriləri barədə məlumat verib: “Artıq hamiləliyin 22 həftəsindən sonra doğulan, çəkisi 500 qram və artıq, bədən uzunluğu 25 sm-dən çox olan və həyat əlamətlərindən heç olmasa biri - ürəkdöyünmə, tənəffüs, əzələlərində hər hansı bir iradi hərəkət və ya göbək ciyəsində döyüntünün olması diri doğulma hesab olunur. Əvvəllər 28-ci həftəsindən sonra doğulan, bədən uzunluğu 35 sm-dən çox, çəkisi 1000 qram və artıq olan uşaqlar diri doğulan hesab olunurdu. Bu da bir sıra psixoloji və hüquqi məsələləri özündə cəmləyir. Hər bir ananın arzusu dünyaya sağlam körpə gətirməkdir. Nəzərə alaq ki, hamiləliyin 22 həftəsinə qədər ana müəyyən yol qət edir, indiyə qədər bu müddətdə doğulan uşaqların heç biri qeydiyyata alınmırdı və uşaq hesab olunmurdu. Lakin bu gün artıq 22 həftəsindən sonra doğulan və sadaladığımız əlamətlərdən biri olan hər bir körpəyə yardım göstərərək ona yaşama şansı veririk”.
Nazirlik rəsmisinin sözlərinə görə, yeni diri doğulma meyarlarının təsdiqi üçün müəyyən şəraitə ehtiyac var idi: “Bunun üçün ölkədə perinatal mərkəzlərin istifadəyə verilməsi, bu mərkəzlərdə ixtisaslaşmış kadrların fəaliyyəti, onların zəruri tibbi ləvazimat və texnika ilə təchizatı vacib idi. Doğuşdan öncə də tibbi personalın üzərinə böyük məsuliyyət düşür, bu isə həm onların, həm də müraciət edən əhalinin mütəmadi maarifləndirilməsi tələbini ortaya qoyurdu. Artıq SN-nin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə ÜST-ün birgə layihəsi olan diri doğulma meyarlarına keçidlə bağlı çox böyük bir layihə başa çatıb və layihə çərçivəsində maarifləndirmə işləri həyata keçirildi”.
Qonaq hazırda bütün dünyada sosioloji və fiziki faktorların təsiri ilə hamiləliklərin vaxtından əvvəl başa çatdığını deyib: “37 həftədən öncə baş verən bütün doğuşlar erkən, vaxtından əvvəl doğulma kimi qeyd olunur. Bu yaxınlarda Səhiyyə Nazirliyi və BMT-nin Uşaq Fondu UNICEF-lə bərabər diri doğulmanın yeni meyarlarına keçidlə bağlı əhalinin maariflənməsini nəzərdə tutan layihə həyata keçirildi və bu layihədə həm qadın məsləhətxanalarının tibb personalı, həm də onlara müraciət edən hamilələrə geniş informasiya verildi. Qızların maarifləndirilməsi çox əhəmiyyətlidir, bu gün valideynin himayəsində olan bir qız gələcəkdə ailənin başlanğıcını qoyan ana olacağını indidən başa düşməlidir və reproduktiv sağlamlığına daha həssas və diqqətli yanaşmalıdır. Onlar öz problemlərini bir-birləri ilə deyil, sırf ixtisaslaşmış tibb personalı ilə müzakirə edib, faydalı məsləhət əldə etməlidirlər”.
Nahidə Mahmudova hamiləlik və doğuş dövrünün qadın üçün xüsusi riskli dönəm olduğunu deyib: “Həm doğuşa qədər, həm doğuş zamanı hamiləyə ixtisaslaşmış yardımın göstərilməsi və eyni zamanda, doğulan körpəyə zərər vermədən yardım göstərilməsi əsas rol oynayır. Antenatal dövrdə hamilənin üzərinə çox böyük məsuliyyət düşür. Bu dövrdə hamilə nə qədər diqqətli və sağlam həyat tərzi keçirirsə, bu, doğulacaq körpənin sağlamlığına təsir edir. Bu dövrdə hamilə qadın məsləhətxanasına ən azı 7 dəfə müraciət etməlidir. Risklər olanda bu vizitlərin sayı artırıla bilər. Bu zaman hamiləliyə nəzarət edən ginekoloqlar ana üçün proqramlar tərtib edirlər. Hamiləlik xəstəlik, yataq halı deyil, normal fiziki aktivliyə, qida və yuxu rejiminə riayət etdikdən sonra fizioloji doğuşun baş verməməsi üçün heç bir əsas qalmır. Əvvəllər qadın məsləhətxanalarında “Analıq məktəbi” adlanan otaqlar indi “Valideyn otağı” adlanır. Çünki məsuliyyəti yalnız hamilə qadının üzərinə atmaq istəmirik, ailə üzvlərinin üzərinə də böyük məsuliyyət düşür. Ananı həm psixoloji, həm də fiziki olaraq doğuşa hazırlamaq lazımdır.
Vaxtından əvvəl doğuşların sayı daha çox erkən nikahların payına düşür. Çünki, hər bir qadının, insan orqanizminin müəyyən bir anatomik yetişmə dövrü olur. Əgər bu mərhələ həm psixoloji, həm fiziki olaraq başa çatmırsa, tam yetişməmiş orqanizmdən sağlam uşağın doğulmasını gözləyə bilmərik. Hətta fiziki göstəriciləri - boyu, çəkisi, anatomik quruluşu yerində olan qadın psixoloji olaraq buna hazır deyilsə, vaxtından əvvəl doğuş və hamiləliyin vaxtından əvvəl pozulma riskləri artır. Analığa hazırlıq dövrünü planlı şəkildə həyata keçirməlidir. İstənilməyən bir hamiləlikdən doğulan uşaq, istər həm tibbi, psixoloji baxımdan da anomaliyalarla doğulacaq”.
Qonaq son vaxtlar Qeysəriyyə üsulu ilə doğuşların artmasına da toxunub: “Qeysəriyyə aparılması üçün tibbi göstərişlər olmalıdır. Sadəcə qadının istəyinə görə qeysəriyyəyə getmək olmaz. Dövlət müəssisələrində həkim-ginekoloqlar qeysəriyyənin və təbii doğuşun risklərini gələcək anaya izah edir, lakin seçim təbii ki, ananın üzərinə düşür. Cəmiyyətdə təbii doğuşun daha riskli olması barədə yanlış bir anlayış var. Fizioloji doğuş təbii yolla doğuşun mümkünlüyünü və tam təhlükəsizliyini əslində özündə cəmləyir. Amma hər bir cərrahi əməliyyat artıq özü bir riskdir. Əməliyyatdan sonra fəsadlara normal doğuşdan çox rast gəlinir. Qeysəriyyə əməliyyatı həm ana, həm də körpənin həyatı üçün risklidir. Fizioloji doğuşda körpə doğularkən normal adaptasiya dövrünü keçir. Maye mühitində tənəffüs edən körpə birdən-birə hava mühiti ilə tənəffüs edir və buna hazırlıqlı olaraqdan dünyaya gəlir. Normal fizioloji doğuşda körpə doğulandan dərhal sonra bir çox proseslər ananın yanında həyata keçirilir, bunun isə gələcəkdə ana ilə körpə arasında psixoloji, mənəvi bağın yaranmasında çox böyük əhəmiyyəti var. Qeysəriyyə ilə dünyaya gələn körpələrin belə şansı olmur. Antenatal dövrdəki qulluğun keyfiyyəti nə qədər düzgün olarsa, normal fizioloji doğuşların sayı daha çox olar və belə doğulan körpələr sağlam və cəmiyyətə yararlı olar”.
Nahidə Mahmudova hamiləlik sonrası anada psixoloji böhran vəziyyətlərin səbəblərindən və qarşısının alınması üsullarından danışıb: “Hamiləlikdə yaşanan hər hansı psixoloji stress doğuşdan sonra da öz təsirini göstərə bilər. Buna görə də hamiləlik, ilk növbədə, arzu olunan və planlaşdırılan olmalıdır. Ailə tərəfindən gözlənilən və sevilən bir körpə istəyi olmalıdır. Daha yaxşı olar ki, ailə özünü övlad yetişdirməyə tam hazır hiss etdikdən sonra körpənin dünyaya gəlməsi planlaşdırılsın”.