Bayram günlərində bazar dollarla necə təmin olunacaq?

“Bankların kredit portfeli bir neçə mənbədən formalaşır”. Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, iqtisadçı ekspert Samir Əliyev deyib.

 

Onun sözlərinə görə, kredit portfelinin çox az hissəsi bankın öz kapitalıdır: “İnsanlardan cəlb olunan əmanətlər, depozitlər, xarici banklardan aşağı faizlə cəlb olunan kreditlər, Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditləri və bankların öz kapitalı. Portfelin çox az hissəsi bankın öz kapitalı olur. Bank əgər krediti ala bilmirsə, deməli digər öhdəlikləri də yerinə yetirə bilmir, əmanətçinin də pulunu verə bilmir. Kredit faizləri də, dollar əmanətlərinin faizi də qalxıb. Amma bankların vətəndaşa nisbətən manevr etmək imkanı daha çoxdur. Rəsmi məlumata görə, Azərbaycanda problemli kreditlərin həcmi 1,2 milyard dollara çatıb. Reallıqda bu rəqəm daha çoxdur. Burada üç tərəf var: kredit ödəyənlər, yəni  vətəndaş və sahibkarlar, banklar və üçüncü tərəf kimi də hökumət. Hökumət məcburiyyət qarşısında devalvasiyaya gedib, bu, avtomatik olaraq problemi dollar kreditlərinin həcmini artırıb. İndi öhdəlik bölüşdürülməlidir. Banklar tərəfindən bir addım atıldı, müddət uzadıldı, faiz dərəcəsi iki bəndi aşağı salındı. Bu, müsbət addımdır, amma kifayət etmir. Banklardan biri müsbət addım ataraq dollar kreditlərini manata çevirdi, bu addımla gələcəkdə devalvasiya olacağı təqdirdə əvvəlcədən özünü sığortaladı. Banklar devalvasiyadan sonra çox böyük zərbə alıb, valyuta mövqelərini düzgün analiz etməyiblər. Kredit də verilmir ki, bank kredit götürüb öhdəliyini yerinə yetirsin. Buna görə banklar pis vəziyyətdədir. Bu vəziyyət iqtisadiyyat üçün də problemlər yaradır. Dollar kreditləri problemi öz həllini tapmasa, yaxın gələcəkdə bank sektorunda  çox ağır bir situasiya yarana bilər. Bu  ölkənin maliyyə sisteminin  dayanıqlığını poza bilər, bu məsələ həllini tapmalıdır”.

 

Ekspert vətəndaşların banklardan daha çox güzəşt gözlədiyini deyib: “Burada ən az ağırlıq vətəndaşın üzərinə düşməlidir.  Heç kəs istəmir ki, kreditini dövlət ödəsin, söhbət sadəcə artan ödəniş problemindən gedir. Banklar müəyyən güzəştlərə getməlidir, yerdə qalanlara dövlət tərəfindən kompensasiya verilməlidir, belə olmasa sonra problemlər daha da böyüyəcək və daha çox kompensasiya verməyə məcbur qalacaqdır. Kreditlərin dollarla verilməsinə qadağa qoyulması məsələsinə gələcəkdə baxmaq olar. İstənilən halda qadağanın əleyhinəyəm, amma müəyyən məhdudlaşdırılma aparılmalıdır. Azərbaycanda da  qanunvericilikdə kollektorlarla bağlı dəyişikliklərə zərurət var. Kollektor fəaliyyəti bu gün tənzimlənmir, lombardların fəaliyyəti tənzimlənmir. Maliyyə ombudsmanının yaradılmasına çox böyük ehtiyac var. İnsanların hüquqları pozulanda məhkəməyə müraciət edirlər. Bu proses həm uzun çəkir, həm də xərc aparır. Dollar kreditlərinə dövlət tərəfindən, büdcədən dəstək verilməlidir”.

 

Samir Əliyev deyib ki, dollar krediti probleminin aradan qaldırılması üçün müxtəlif maliyyə mənbələrinin və mexanizmlərin olduğunu deyib: “Gecikmələrə görə faizlərin hesablanması dayandırılmalıdır. Düşünürəm ki bütün banklarda dollar kreditləri manat kreditlərinə çevrilməlidir, növbəti aydan başlayaraq stabil ödəniş həyata keçirilməlidir. Bu həyata keçirilməsə, düşünürəm ki, bank sektoru, vətəndaşlar, əmanətçilər üçün də çox çətinliklər yarana bilər”.

 

Ekspert ölkədə manat qıtlığının yaranmasına da diqqət çəkib: “Bu gün ölkədə manat qıtlığı var, pul kütləsi kəskin azalıb, ona görə də banklar manatla kredit verməkdə çətinlik çəkirlər. Manatın məzənnəsinin sabitləşməsi çox vacibdir. Maliyyə bazarında sabitlik olarsa, banklar manat kreditləşməsini müəyyən qədər artıra bilər. Amma Mərkəzi Bank tərəfindən banklara dəstək olmaya qədər banklar manatla kredit verməkdə maraqlı olmayacaqlar. Manat krediti olmayandan sonra isə sahibkarlıq da inkişaf etməyəcək, çünki dollarla verilən kreditlər çox baha başa gəlir”.

 

Samir Əliyev bayram günlərində dolların kəskin bahalaşacağına dair iddiaları da dəyərləndirib: “Proqnozlar göstərir ki, Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırması növbəti görüşlərə qaldı. Əgər uçot dərəcəsi qaldırılmasa, dolların kəskin bahalaşmasını müşahidə etməyəcəyik.  Deməli manata da təzyiq çox güclü olmayacaq. Hər bir halda manatın gələcək taleyi FES-in qərarından asılı deyil, bu neftin qiymətindən, ölkə daxilində kapital şəklində dollar axınından asılıdır. Bu amillər nəzərə alınarsa, manatın sabitliyi müəyyən qədər təmin edilə bilər. Hər bir halda manatın bahalaşması üçün bu gün iqtisadi zəmin yoxdur. Düşünürəm ki, yaxın dövrdə manatın mərhələli şəkildə ucuzlaşması davam edəcək. Proses tədricən olduqca cəmiyyət buna tez adaptasiya olunur. Mərkəzi Bank, Neft Fondu da prosesə dəstək verir. Yayın əvvəllərinə qədər ucuzlaşma prosesi davam edəcək, neft 50 dollar həddini keçməyənə qədər manatın iqtisadi baxımdan ən azından sabitləşməsini müşahidə edəcəyik. Bayram ərəfəsində Mərkəzi Bankın çevik olması, bazarı dollarla təmin etməsi çox vacibdir”. 

Müəllif | Apa.Tv
Apa.tv