Dermatoloq: "Silikon dünyada qadağan olunub"
“Yaşlanmanın qarşısını almaq mümkün deyil”...
“Yer, Günəş və oksigen bizim yaşlanmağımızın səbəbidir”...
“Hələlik botoksun dəri xərçənginə səbəb olması sübut olunmayıb”...
“Silikon bütün dünyada qadağan olunmuş preparatdır”...
“Silikon ilkin şişlərə də səbəb ola bilir, onu yalnız cərrahı yolla götürmək olar”...
“Kosmetik inyeksiyalar sertifikat alanlar yox, ixtisaslı həkimlər tərəfindən icra olunmalıdır”...
“Vaxtından əvvəl kosmetik müdaxilə yaşlanmanı artırır”...
“Heç bir dermatoloji problem olmadıqda 25 yaşına qədər kosmetoloqa müraciət etmək lazım deyil”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, həkim-dermatoloq Günay Mikayılova deyib.
Günay Mikayılova hər yaş qrupunun özünəməxsus kosmetoloji problemi olduğunu bildirib: “Son 25-30 ildə tibbin ən sürətlə inkişaf edən sahəsi stomatologiya və kosmetologiya, yəni estetik təbabətdir. Üz dərisi də dərinin bir hissəsidir, orqandır və orqan olaraq dərinin də öz funksiyası var, bu funksiyaları pozmaq və kənardan kortəbii müdaxilə etmək düzgün deyil. Dərinin əsas funksiyası qorumadır, o, daxili orqanları ətraf kənar mühitin təsirindən qoruyur. Çox hallarda pasiyent özünə lazım olan inyeksiya vasitəsini rahatlıqla internetdən alıb gətirir. Həmin vasitələrin saxlanma müddəti, saxlama rejimi, orijinal olub olmaması önəmlidir. Kosmetologiya piramida kimidir, hər hansı bir pilləsini aradan götürsək, tarazlıq pozulacaq. Burda həm ev qulluğu, həm salon xidməti olmalıdır, yuxu rejimi, dincəlmək və həyat tərzini tənzimləmək lazımdır”.
Qonaq siqaretin xüsusilə qadınların dərisinə məhvedici təsir göstərdiyini vurğulayıb: “Dərinin funksiyalarından biri də tənəffüsdür, bu, həm kişilərə həm qadınlara aiddir. Qadınların dərisi struktur olaraq daha incədir, ona görə də nikotindən, içkidən uzaq durmaq lazımdır. Bu baxımdan siqaret çəkən şəxsin yanında durmaq daha təhlükəlidir”.
Həkim xarici görünüşdən daim narazı olmağın psixoloji problemlərə əlaqəsindən də danışıb: “Dismorfofobiya insanın güzgüyə baxıb özündən razı olmamasıdır. Bəzən elə pasiyentlərə rast gəlirik ki, özü üzünə hormonal dərmanlar vurur ki, üzü balacalaşsın. Nəticədə isə daha fəsadlı situasiya ilə üzləşib. İlk öncə başa düşməliyik ki, anadan olduğumuz gündən biz ölümə, qocalmağa məhkumuq, bunun qarşısını almaq mümkün deyil. Digər tərəfdən, 3 mehriban düşmənimiz var ki onlar olmadan həyatı təsəvvür etmək mümkün deyil. Bu Yer, Günəş və oksigendir ki, üçü də bizim yaşlanmağımızın səbəbidir”.
Günay Mikayılova kosmetik proseduraların dəri xərçənginə səbəb olması ilə bağlı fikirlərə də münasibət bildirib: “O qədər adam var ki, kosmetoloji vasitələrdən istifadə eləmir, dəri cavanlaşdırıcı iynədən, lazerdən istifadə etmir, amma dəri xərçəngindən əziyyət çəkir. Xərçəngin əmələ gəlməsi səbəbləri tam bilinmir. Səbəblər tam fərqlidir ki, bunun içində kosmetik vasitələrdən yanlış istifadə də ola bilər. Botoksun xərçəngə səbəb olmasına gəldikdə isə, botulatoksinin estetikada 30 ildən artıq istifadə olunur, hələlik botoks nəticəsində heç bir bədxassəli şiş əmələ gəlməyib. Lakin kosmetik vasitələrin təsirindən yaranan ağır xəstəliklər çoxdur”.
Hazırda ən çox müraciətlərin dodaq böyütmək, burun-dodaq qırışının açılması və yanaqların böyüdülməsi ilə bağlı olduğunu deyən həkim proseduraların keyfiyyəti barədə də məlumat verib: “Bunun üçün geldən, yəni qialuron turşusundan və silikondan istifadə olunur. Silikon bütün dünyada qadağan olunmuş preparatdır. Bunların fərqi ondadır ki, qialuron turşusu bioloji deqradasiyaya uğrayan maddədir. İnsan orqanizmi o qədər mükəmməldir ki, hər bir yad cisim parçalanır bu turşu bizim orqanizmin özündə sintez olunan maddədir. Orqanizm onu qəbul edir, yad cisim kimi görmür, 8 ay, bir il müddətində, hətta metabolizmi sürətli olan şəxslərdə 6 aya parçalanır. Ona görə də iynənin effekti bir il, il yarım qalır. Silikon maddəyə gəldikdə isə, onu orqanizmdə parçalayan heç bir ferment yoxdur, vücudumuz onu yad cisim kimi qəbul edir, kapsula alaraq saxlayır. O parçalanmır və yeridildiyi hissədə şişkinlik, düyün, hətta ilkin şişlərə gətirib çıxardır. Bunun aradan götürməyin yeganə yolu cərrahi əməliyyatdır. Silikon vücuda ziyan və zərərverici maddədir. Lakin qiymət baxımından silikon qialuron turşusundan qat-qat ucuzdur”.
Günay Mikayılova inyeksiya kosmetologiyasının ixtisaslı həkimlər tərəfindən icrasının vacibliyini qeyd edib: “Məsləhətim odur ki, sertifikatlara yox, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin verdiyi diploma etibar etsinlər. Əlbəttə, diplomun olması heç də o demək deyil ki, bu həkim savadlıdır, amma ən azından, həkim olduğunu biləcəksiniz. Bu proseduraları hətta tibb bacılarının eləməyə ixtiyarı yoxdur. Klinika xidmət baxımından üstündür, amma bu gün klinikalara müraciət daha azdır. Çünki pasiyentlər xəstə olmadıqlarını deyirlər, ona görə də klinikaya gəlmək istəmirlər. Salonda fəaliyyət üçün də kabinetin lisenziyası olmalıdır. Çünki inyeksion metodlar dəri bütövlüyünü pozan müdaxilədir. Ona görə də steril şərait olmalıdır. Hər pasiyentə ayrıca əlcək istifadə olunmalıdır. Bu, xırda nüansdır, amma diqqəti cəlb edir. Steril salfetlər, alətlər olmalıdır. İynələr isə birdəfəlikdir”.
Qonaq erkən yaşlarda kosmetik müdaxilələrin fəsadlarından da danışıb: “Yaş qrupuna uyğun olmayan prosedura üçün müraciət yaşlanmanı sürətləndirməkdən əlavə, zamanı gələndə həmin proseduraların effektinin də azalmasına səbəb olur. Vaxtından əvvəl belə maddələrdən istifadəyə orqanizm öyrəşir. Unutmaq olmaz ki, bu, həkim qəbuludur, pasiyent nə istədiyini sifariş etməməlidir, ona nə lazım olduğunu həkim müəyyənləşdirməlidir. Plastik cərrahların bu baxımdan işi bir qədər asandır, çünki insan özünü plastik əməliyyat edə bilməz, amma təəssüf ki, bizim sahədə pasiyentlər özlərinə müdaxilə edirlər”.
Günay Mikayılova düzgün kosmetik proseduraların ardıcıllığı barədə də məlumat verib: “Heç bir dermatoloji problem olmadıqda 25 yaşına qədər kosmetoloqa müraciət etmək lazım deyil. 25 yaşdan sonra yüngül pilinqlərə başlamaq, həkim nəzarəti altında 30 yaşa qədər bunu davam etmək olar. 30 yaşdan sonra inyeksion metodlara başlamaq olar. Amma hansı tərkiblərin lazım gəldiyini həkim müəyyənləşdirməlidir. Müəyyən kokteyllərdən istifadə ilə dəri nisbətən cavanlaşır. 35-40 yaşında daha ciddi proseduralar gəlir ki, bura lazer müayinəsi, mezoterapiya, botoks aidir. Botulotoksin cavan qırışları sevir, nə qədər tez başlansa, bir o qədər yaxşıdır. Növbəti mərhələ isə artıq dolğulardır. Yaş ötdükcə üzdə piy qatları kiçilməyə başlayır ki, bu da üz dərisində nahamar relyefin əmələ gəlməsinə səbəb olur. Ən son mərhələ artıq saplarla müdaxilədir, bundan sonrası artıq plastik cərrahların işidir”.