İnformasiya müharibəsi və media

“Fransa həmişə ermənipərəst mövqeyi ilə seçilir”...

 

“Bir qəzetlə uzun müddət Fransada erməni lobbisinin təsiri altında yaranan ictimai rəyi birdən-birə yox etmək real deyil”...

 

“Bura gələn xarici jurnalistlər 1988-ci ildən bəri baş verən hadisələrdən xəbərsizdirlər, əksəriyyəti turist kimi gəlib-gedirlər”...

 

“Jurnalistlərin xarici dili mükəmməl şəkildə, öz fikrini oxucu kütləsinə çatdırılacaq şəkildə bilməlidir”...

 

“Dünya liderləri Twitter səhifələrində aktiv fəaliyyət göstərir, bizdə isə bu sahədə passivlik var”...

 

“Rusiya mətbuatı öz mövqeyini ortaya qoyur, çünki mətbuatın arxasında duran böyük qüvvələr erməni ordusudur”...

 

“Ermənistan həmişə "yalançı qurban" faktorundan uğurla istifadə edir”...

 

“Bu gün dinindən, imanından, inancından, siyasi baxışından asılı olmayaraq, hamı istəyir ki, problem həll olunsun, Vətən varsa itki də var”...

 

Bu fikirlər APA TV-də yayımlanan “Sosium” proqramında səslənib. Proqramın qonağı Zeynab Kazımova təsisçisi və baş redaktoru olduğu fransızdilli (Yol qovşağı) qəzetinin fəaliyyəti barədə məlumat verib: “2007-ci ildən fəaliyyət göstərən "Le Carrefour" qəzetinin nəşrinin əsas səbəblərindən biri də Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin fransız dili vasitəsilə əcnəbilərə, xüsusən də fransızdilli ölkələrə çatdırmaqdır. Fransa həmişə ermənipərəst mövqeyi ilə seçilir. Bunun obyektiv və subyektiv səbəbləri var.  Ayda iki dəfə nəşr olunan “Le Carrefour” Azərbaycandakı bütün fransızdilli səfirliklərə, Fransa şirkətlərinə, beynəlxalq ofislərə pulsuz şəkildə göndərilir.  Bundan başqa, "Le Carrefour" qəzeti beynəlxalq fransızdilli mətbuat birliyində tanınır. Qəzet Azərbaycanda yeganə fransızdilli nəşrdir. Təbii ki, bir qəzetlə uzun müddət Fransada erməni lobbisinin təsiri altında yaranan ictimai rəyi birdən-birə yox etmək real görünmür. Amma mətbuat orqanı kimi fransızın öz dilində ona bu informasiyanı çatdırmaq daha təsirlidir. Oxucu həqiqətləri öz ana dilində oxuyur və bu da o informasiyanı qəbul etməyə imkan verir. Bu baxımdan düşünürəm ki, təkcə fransız dili deyil ölkəmizdə ingilis dilli, digər dillərdə olan mətbuata ehtiyac böyükdür. İnformasiya mübadiləsində önə çıxmaq üçün mütləq bu işləri görməliyik”.

 

Proqramın qonağı,  “Trend” İnformasiya Agentliyində baş direktorun müavini, ekspert Arzu Nağıyev informasiya müharibəsinin əhəmiyyəti barədə danışıb: “ “Trend” İnformasiya Agentliyi 6 dildə məlumat yayır. Əsas məsələ işə götürülən jurnalistlərin xarici dili mükəmməl şəkildə, oxucu kütləsinə çatdırılacaq şəkildə bilməsidir. Yazılarda elə məsələlər qabardılmalıdır ki, oxucu oxusun. Sosial şəbəkələrdə əsasən gənclər öz aralarında yazırlar, müzakirə forumu yaradırlar ki, bunun da oxucusu var. Dünya liderləri Tvitter səhifələrində aktiv fəaliyyət göstərir, bizdə isə bu sahədə passivlik var. Biz “Trend” İnformasiya Agentliyi olaraq bir məqsəd qoymuşuq ki, əgər Azərbaycan müharibə aparırsa, biz də öz səhifələrimdə müharibə aparmalıyıq. Xarici mediada bizim yazdığımızın oxunmasının əhəmiyyəti böyükdür. Əmin olun, bura gələn xarici jurnalistlər 1988-ci ildən bəri baş verən hadisələrdən xəbərsizdirlər, əksəriyyəti turist kimi gəlib qayıdırlar. Xarici mətbuatla əlaqə yaratmaq təkcə bizə istinad etməklə məhdudlaşmır, əməkdaşlarımızın da xarici mediada yazı müəllifi olması istiqamətində müvafiq müqavilələr bağlanıb. Bu gün dünyaya çıxmaq lazımdır.  Bu gün Rusiya mətbuatı öz mövqeyini ortaya qoyur, çünki mətbuatın arxasında duran böyük qüvvələr erməni ordusudur. Bu hər hansı bir dövlətin başçısının mövqeyi olmaya bilər. Artıq xarici ölkələrdə KİV-i ələ keçirməyin vaxtı çatıb. Onların arxasında Azərbaycan diasporu, Azərbaycan durmalıdır. Bu gün əgər bizdə fransız dilində bir qəzet nəşr olunursa, təbii ki, biz informasiya müharibəsində uduzmalıyıq. Xarici KİV-lərdə təbliğatın başında diaspor təşkilatları, səfirliklər, Azərbaycan mediası durmalıdır. Bu gün sadəcə “copy-paste” edən o qədər Azərbaycan saytları var ki. Öz məhsulunu ortaya qoyan çox az agentliklər var. Müharibə tək cəbhədə yox, hər yerdə gedir. Təbliğat və təşviqat maşını elə işlətməlidir ki, real nəticə versin. Rəsmi dövlət qurumları da media ilə işləməlidir, hər bir qurumun mətbuat xidmətinin rəhbəri özü ayrılıqda brifinqlər keçirməlidir. Bizdə də XİN mətbuat xidməti bir misal ola bilər. Məhz buna görə də kadr potensialı olmalıdır. Müvafiq maddi durum olmalıdır, bunu maliyyələşdirən təşkilatlar olmalıdır və öz materiallarını ortaya qoymalıdır. Bütün təbliğat maşınını işə salmaq üçün ağıllı, savadlı, qabiliyyətli və işgüzar şəxslər lazımdır”.

 

Kadr hazırlığının əhəmiyyətini vurğulayan Zeynəb Kazımova fransızdilli mütəxəssis baxımından çatışmazlıq olduğunu deyib: “Fransız dilini tam bilən mütəxəssislər təbii ki, var, amma onlar jurnalist deyillər və ya jurnalist olmağa maraqları yoxdur. Yaxud da əksinə, çox gözəl, peşəkar jurnalistlərimiz var, lakin təəssüf ki, onlar da dil bilgiləri zəifdir. Peşəkar jurnalistlər yazılarının fransız dilində çıxmasında maraqlıdırlar, biz Azərbaycanın tarixi, mədəni  irsi bağlı məqalələri tərcümə edib müəllif yazıları kimi veririk. Lakin təbii ki, tərcümə olunmuş yazı ilə fransız dilində yazılmış yazı arasında fərq çoxdur. Digər bir məsələ isə, Ermənistanın həmişə "yalançı qurban" faktorundan uğurla istifadə etməsidir, əslində, bizim isə bu prinsipə heç ehtiyacımız da yoxdur. Biz xalqın başına gətirilənləri, həqiqətləri dünya dövlətlərinə çatdırmalıyıq”.

 

Arzu Nağıyev qərəzli xarici mediada Azərbaycanda islami cihad məsələsinin aparıldığına dair fikirlərin absurd olduğunu deyib: “Jurnalistika tək təfəkkürün məhsulu deyil, həm də bu ruhun məhsuludur. Təsəvvür edin ki, mənbə kimi müraciət edilən Vikipediyada rus və digər dillərdə Azərbaycan haqqında olan yazılar əslində tullantı yeşiyidir. Bunların hamısı ermənilər tərəfindən yazılmış məlumatlardır. Halbuki bunu özümüz də yaza bilərik. Qonşu dövlətlərdə də iki cür mətbuat var, biri tam olaraq Azərbaycan mətbuatının yazdığını verir, digəri isə bunun tam əksini. Bu mübarizə daim olub və olacaq. Bu mübarizədən qalib çıxmaq üçün sırf dəqiq faktlar, dəqiq arqumentlər gətirmək lazımdır. Həm də həmişə nəzərdə saxlamaq lazımdır ki, yazılan yazı hansı oxucu kütləsi üçün nəzərdə tutulur”.

 

Ekspert cəmiyyətin orduya dəstək nümayiş etdirməsində sosial şəbəkələrin rolunu da yüksək qiymətləndirib: “İndiyə qədər görürdük ki, şəhid verəndə bütün problemlər ortaya çıxardı, bu gün isə hamı şəhidləri ilə fəxr elədi. Çünki sosial şəbəkələr normal işlədi. Təbliğat özlüyündən elə təşkil olundu ki, əlavə söhbət yaranmadı. KİV-də bu gün dinindən, imanından, inancından, siyasi baxışından asılı olmayaraq, bir amal var, hamı istəyir ki, problem həll olunsun, Vətən varsa itki də var, Vətən o zaman Vətən olur ki, onun şəhidi olur.  Mediada peşəkarlıq və kadr potensialı əsas problemdir, eyni zamanda xarici dildə fəaliyyət göstərən media qurumlarına daima dəstək olmaq lazımdır”.

 

Müəllif | Apa.Tv
Apa.tv