Sosial fobiya problemi və autizm
“Autizmin əsas əlamətləri, əslində, 7-ci aydan özünü göstərir”...
“Autizmin 40-dan çox əlaməti var, bunlardan iki-üç əlaməti olan uşağa autizm diaqnozu qoya bilmərik”...
“3 yaşına qədər uşaqlara autizm diaqnozu qoyulmur”...
“Bəzən valideyn özbaşına hiperaktiv uşağına da autizm diaqnozu qoyur”...
“Neyrolitiklər uşaqlarda erkən cinsi yetişkənlik, oğlan uşaqlarında süd vəzilərinin aktivliyi, hormonal pozuntular yaradır”...
“Yüksək funksional autizmli uşaqlarda əlamətlər 18 aylıqda və 11 yaşında özünü göstərir”...
“Sosial fobiya dediyimiz əlamətlərə autizm demək olmaz”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, “Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri psixoloq Narınc Rüstəmova deyib.
Narınc Rüstəmova autizmin xəstəlik deyil, neyro-psixoloji problem olduğunu vurğulayıb: “Belə uşaqlara erkən diaqnoz qoyularsa, reabilitasiyanın, psixoloq, loqoped müdaxiləsinin və ehtiyac olarsa, bəzi hallarda dərman müalicələrinin köməyi ilə onlar sosial mühitdən geri qalmır, zehni inkişaf ləngimir, normal şəkildə bağçaya, məktəbə gedə bilir. Eynşteyn özü autizm spektrli bir insan olub, valideynlər vaxtında üstünə düşsə, əslində, hər birimizin evində Eynşteyn kəşf edə bilərik. Autizmin əsas əlamətləri əslində 7-ci aydan başlayır. Lakin təəssüf ki, valideynlər bu ləngimələri bir az irsiyyətlə əlaqələndirib 3 yaşdan sonra müalicəyə başlayırlar. 7-ci ayından bu uşaqlarda reaksiyalar çox zəif olur. İlk vaxtlar valideyn elə bilir ki, o eşitmir, yaxşı görə bilmir, buna görə gülmür, özünü soyuq aparır. Uşaqlarda bir yaşına qədər görmə bərpa olunur. Normal uşaq 7 ayından etibarən izləməyi bacarmalıdır, reaksiya verməli, qığıldamalıdır. Amma autik uşaqlar çox soyuq, sakit uşaqlar olur, ətrafa reaksiya vermirlər, uzun müddət bir əşya ilə oynayırlar. Məsələn adi uşaq paltaryuyan maşının qarşısında 3 dəqiqədən artıq oturanda yorulur, amma autizmlilər sona qədər oturub baxır. Biz sakit uşaqla tərbiyəli uşağı hər zaman eyniləşdiririk, bununla fəxr edirik. Amma uşaq əslində kəşf etməlidir, aktiv olmalıdır”.
Təkrari hərəkətlərin autizmlilər üçün xarakterik olduğunu deyən psixoloq valideynləri bu əlamətlərə qarşı diqqətli olmağa çağırıb: “Əgər uşaq sakit oturub maşının təkəri ilə yarım saat vaxt keçirirsə, və ya əşyaları sıra ilə düzür və tapşırırsa ki, heç kəs əlin vurmasın, bu sıra pozulanda sıxıntı yaşayır, ağlayırsa, yəni qeyri-ixtiyarı, qeyri-adekvat davranışlar edirsə, davranışlarda pozuntular var. Belə uşaqlar hər şeydən iyrənir, əlinə nə verilərsə iyləyir, ətrafında dönmələr, əl yellətməsi başlayır. Məsələn, atanı görəndə, hədsiz dərəcədə sevinc yaşayır, emosiyasını çox qabarıq şəkildə bildirir. Və yaxud heç reaksiya vermir. Bəzən başı dəyir, əzilir, lakin ağlamır. Evdə eyni xətt üzərində hərəkət edir, ya da dairəvi şəkildə fırlanır. Biz bunlara təkrarlanan stereotip davranışlar deyilir. Bəzən analar bu problemi görə bilmir, çünki onlar çağıranda cavab verir, dediklərini edir. Amma ata və ya başqası desə etməyəcək. Autizmin 40-dan çox əlaməti var, bunlardan iki-üç əlaməti olan uşağa autizm diaqnozu qoya bilmərik”.
Qonaq autizm diaqnozu qoyulması üçün uşağın üzün müddət nəzarətdə saxlanmasını vacib hesab edir: “Uşağın 7 ayında valideyndə əlamətlərlə bağlı şübhə varsa, nevropatoloq, yaxud pediatra müraciət etməlidir. Yaş yarımdan sonra psixoloq müayinələri başlayır, sonra defektoloq, ardınca isə loqoped seansları başlayır. Bu müddətdə uşaqların nitq inkişafı çox geriləyir. Normal uşaq yaş yarımda artıq 30-50 əlliyə yaxın söz deməlidirsə, bu uşaqlar onu demir. Autizm əlamətlərinin ən azı 5-6-sı varsa, deməli, şübhələrimizdə yanılmırıq. 3 yaşına qədər uşaqlara autizm şübhəsi diaqnozu qoyulur. Reabilitasiya nəticəsində 3 yaşına qədər nitqi bərpa etmək mümkündür, bu zaman uşaqlar bağçaya rahatlıqla gedə bilir. Əgər başqa problem yoxdursa, ilk əlamət zamanı dərman müdaxiləsi edilmir. Uşaqda həm autizm əlaməti, həm də hiperaktivlik ola bilər. Autistik uşaq sevdiyi və sevmədiyi hər şeyə qarşı laqeyd kimi görünür. Bəzən valideyn özbaşına hiperaktiv uşağına da autizm diaqnozu qoyur”.
Narınc Rüstəmova valideynlərin dərman müalicəsinə meyl etməsini əsassız hesab edir: “Dərman sadəcə simptomları aradan qaldırır. Bu zaman əsasən neyrolitiklərdən istifadə olunur. Bu isə nə sakitləşdiricidir, nə beyin qidalandırıcı, sadəcə sonradan belə uşaqlarda erkən cinsi yetişkənlik, oğlan uşaqlarında süd vəzilərinin aktivliyi, hormonal pozuntular yaranır. Valideyn öz uşağının psixoloqu olmalıdır, çünki belə uşaqların həftəlik psixoloq saatı ən azı 40 saat olmalıdır. Autizmin heç bir tibbi əlaməti yoxdur, ona görə də etiologiyası məlum deyil. Amma bunun 60 faiz ata xətti ilə ötürülən genetik faktorların səbəb olduğunu göstərir. Autizmin yüksək funksional dediyimiz növündə uşaqlarda nitq başlayır, lakin birdən-birə nitq dayanır. Belə uşaqlarda əlamətlər 7, yox 18 ayında başlayır. Yanlış olaraq valideynlər bunu peyvənd və ya müxtəlif bəhanələrlə əlaqələndirirlər. Yaxşı olar ki, valideyn problemin səbəblərini özbaşına araşdırmaq əvəzinə, uşağın reabilitasiyasına başlasın. Yüksək funksional autizmli uşaqlarda əlamətlər yaş yarımdan sonra, bir də 11 yaşında özünü göstərir. Yəni normal olan uşaq birdən-birə yenə özünə qapanmağa başlayır. Autizmin 7 spektr pozuntusu var ki, hər birinin özünə uyğun əlaməti var”.
Qonaq Azərbaycanda autizm sindromlu uşaqların sayının çox olduğunu deyib: “Artıq 2015-ci ildən Azərbaycanda autizm sindromu diaqnozu rəsmən tanındı. Əvvəllər belə uşaqlara eşitmə və ya əqli zəiflik kimi diaqnozlar qoyulurdu. Son üç ildə bu problemə çox böyük diqqət ayrılır. Qeyri-rəsmi statistikaya görə, Azərbaycan autizmə görə dünyada 3-cü yerdədir”.
Psixoloq autizmin sonradan yaranması ilə bağlı suala belə cavab verib: “Əgər 3 yaşına qədər əlamətlər ortaya çıxmayıbsa, sonradan normal adamlarda autizm yarana bilməz. Əgər əlamətlər 5, ya 12 yaşında bir şəxsdə müşahidə olunursa, biz onun etiologiyasını başqa yerdə axtarırıq. Sosial fobiya dediyimiz əlamətlərə autizm deyə bilmərik. Autizm ünsiyyətsizlikdən yaranmır. Təəssüf ki, biz problemi həll etmək üçün evliliyə qaçırıq. Ona görə də bu gün problemlərimiz artır”.