Dövlət İmtahan Mərkəzinin səlahiyyətləri

“Qəbul qaydaları bir il əvvəl müəyyənləşdirir və heç bir dəyişikliyə uğraya bilməz”...

 

“Biliklərin qiymətləndirilməsinin iyerarxik bir sistemi yarandı”...

 

“Şagirdlərin və eyni zamanda, tələbələrin çoxunun nitq keyfiyyəti yoxdur”...

 

“Qabiliyyət imtahanlarını gücləndirmək lazımdır”...

 

“Müəllimlər imtahan prosesinə, attestasiya prosesinə çox laqeyd yanaşırlar”...

 

“TQDK ilə Təhsil Nazirliyi arasında ziddiyyətlər 3 il əvvəl daha kəskin idi”...

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, “XXI əsr” Təhsil Mərkəzinin sədri, təhsil üzrə ekspert Etibar Əliyev deyib.

 

Etibar Əliyevin sözlərinə görə, hazırkı dövrdə qəbul prosesində hər hansı dəyişiklik xaotik vəziyyət yarada bilər: “Qeyd olunduğu kimi, qəbul qaydaları bir il əvvəl müəyyənləşdirir və heç bir dəyişikliyə uğraya bilməz. Fərmanın indi verilməsinin də tələbə qəbulunun keçirilmə keyfiyyətinə təsiri olmayacaq. Yəni TQDK öz işini qurub, artıq iki sınaq imtahanı keçirilib, qəbul imtahanlarına çox qalmayıb. Qəbul imtahanları TQDK-nın tətbiq etdiyi yeniliklərlə birgə keçiriləcək”.

 

Biliklərin qiymətləndirilməsində müəyyən sistemsizlik olduğunu deyən qonaq TQDK-nın təkcə tələbə qəbulunu həyata keçirmədiyini vurğulayıb: “TQDK həm də ədliyyə sisteminə qəbulu, vəkillərin qəbulunu həyata keçirirdi. Belə olan halda, bu fəaliyyət çox genişlənmişdi və “tələbə qəbulu” adından kənara çıxırdı. Bu ad dəyişilməli idi, kənarda isə başqa bir qurumun, yəni eyni xarakterli Dövlət Qulluğuna Qəbul Komissiyasının fəaliyyət göstərməsi müəyyən bir sistemsizlik yaradırdı. Hesab edirəm ki, biliklərin qiymətləndirilməsinin iyerarxik bir sistemi yarandı. Yəni 9-cu sinif şagirdlərindən tutmuş, dövlət qulluğuna qəbula qədər bütün imtahanlarda müəyyən bir iyerarxik sistem formalaşdı. Prezidentin imzaladığı fərmana uyğun olaraq təsdiqlənmiş əsasnamədə 5-11-ci siniflər üçün monitorinq imtahanları, hazırlıq mərkəzlərinin yaranması nəzərdə tutulur. Eyni zamanda Təhsil Nazirliyinin sifarişi ilə bütün fənlər üzrə dərsliklərin qiymətləndirilməsi də nəzərdə tutulur. Bu iki sistemin daha həmahəng işləməsinə gətirib çıxaran bir fərmandır”.

 

Etibar Əliyev test üsulunun ləğvi barədə fikirlərə də münasibət bildirib: “Əslində, söhbət tamamilə testin ləğv olunmasından getmir, sadəcə, müəyyən təkmilləşdirmə işləri aparılmalıdır. Bu ondan irəli gəlir ki, şagirdlərin və eyni zamanda tələbələrin çoxunun nitq keyfiyyəti yoxdur. Amma indiki sistemin daha yaxşı alternativi olmadığı üçün bu sistemə müəyyən esselərin yazılmasını əlavə etmək olar, bir çox ixtisaslar üçün keçirilən qabiliyyət imtahanlarını gücləndirmək lazımdır. Əgər orta məktəb məzununa kamal attestatı verilirsə, o, nitqini ifadə etməyi, yazmağı bacarmalıdır və bir sıra bacarıqları əldə etməlidir. Digər mərhələdə isə ali təhsil gəlir. Ali məktəblər də bu prosesə aktiv qoşulmalıdır. Tələbələrin daha savadlı, ixtisasını daha dərindən bilən mütəxəssis kimi yetişməsinə yardımçı olmalıdır. Hazırda həm orta məktəblərdə, tələbə qəbulunda, həm də ali məktəblərdə biliyin qiymətləndirilməsində test üsulu tətbiq olunur”.

 

Ekspertin sözlərinə görə, müəllimlər attestasiya prosesinə ciddi yanaşmırlar: “İlk dəfə keçən il müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi həyata keçirildi. Bu müəyyən qədər effekt də verdi. Bu gün bizim müəllimlər imtahan prosesinə, attestasiya prosesinə çox laqeyd yanaşırlar. İnkişaf etmiş ölkələrdə bir çox hallarda müəllimlər özləri  biliklərinin qiymətləndirilməsi üçün dövlət qurumlarına müraciət edirlər, bu onların karyeralarına müsbət təsir edir. Bizdə isə çox az müəllim buna müstəqil olaraq maraq göstərər. Biliklər və biliklərin statusu dəyişir. Ona görə də yeni biliklərə malik olan, eyni zamanda, etalon bacarığı üçün müəllimlərdən çox şey asılıdır.  Müəllimlərin bir çoxu uşaqların biliklərinin artırılmasını yalnız test üsulu ilə aparırlar. Hesab edirəm ki, yeni yaradılmış qurumda imkanlar daha da çoxalar və biliklərin daha şəffaf, obyektiv və məzmunlu qiymətləndirilməsində bu mərkəz önəmli rol oynayar”.

 

Etibar Əliyev yeni yaradılan qurumda ictimaiyyət nümayəndələrini təmsil olunmasını müsbət addım kimi dəyərləndirib: “İndi ictimaiyyətin marağı bir çox məsələlərdə nəzərə alınır. Bu mərkəzin nizamnaməsində də beynəlxalq təşkilatlarla yanaşı, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq da nəzərdə tutulur, bu çox mühüm amildir. Dövlət İmtahan Mərkəzi ictimai hüquqi təşkilatdır. Burda ictimaiyyətin nümayəndələrinin aktiv iştirakı nəzərdə tutulur. Nizamnamədə çox maraqlı məqam var ki, yeni qurum istənilən təşkilatla monitorinq müqavilə də bağlanıla bilər. Direktorlar Şurasının ölkə başçısı tərəfindən təyin olunmasını da müsbət hal kimi qiymətləndirirəm. TQDK-nın əməkdaşlarının kifayət qədər peşəkar olması onların fəaliyyətində də görünür. Yeni yaranmış mərkəzin 70-80 faizini TQDK həyata keçirir. Heç şübhəsiz ki, onların kadr potensialı nəzərə alınacaq”.

 

Qonaq TQDK ilə Təhsil Nazirliyi arasında fikir ayrılıqlarının olduğunu istisna etmir: “TQDK ilə Təhsil Nazirliyi arasında ziddiyyətlər olub, amma bu 3 il əvvəl daha kəskin idi. Təhsil Nazirliyinin əvvəlki rəhbərliyi istəmirdi ki, TQDK statistikanı açıqlasın. Çünki bu ictimailəşirdi və təhsil sistemi kəskin tənqidə məruz qalırdı. Təhsil Nazirliyi isə öz növbəsində TQDK-nı sualları çətinləşdirməkdə günahlandırırdı, amma əslində bu zəif arqument idi. Sualları asanlaşdıraraq hamının yüksək balla ali məktəblərə qəbul olunması doğru olmaz. Yeni DİM isə qurumların daha səmərəli işləməsinə şərait yaradacaq. Artıq hər iki qurum imtahan prosesində, biliklərin qiymətləndirilməsində, dərsliklərin monitorinqində birgə çalışmalıdırlar və bu faktorların özü ölkə təhsilinin inkişafına təkan verməlidir”. 

Müəllif | Apa.Tv
Apa.tv