Oğlanların sayı artır - Selektiv abort problemi

“Bu gün Azərbaycanda təbii  artım 1,36 faizdir”...

 

“Son illər selektiv abortların hesabına oğlan uşaqlarının sayı sürətlə artmağa başladı”...

 

“Bakı şəhəri həqiqətən də kifayət qədər yüklənib”...

 

“Kənd yerlərində iş yerlərinin açılması urbanizasiyanın təhlükəli meyllərinin azalmasına səbəb ola bilər”...

 

“Azərbaycanda 2013-cü ildən etibarən deurbanizasiya prosesi prosesləri müşahidə olunur”...

 

“Bizdə əhalinin potensial işçi yaş qrupuna aid edilə biləcək insanların sayı təqribən 70 faizdən artıqdır”...

 

“Bu ilin  sonunda Azərbaycan əhalisinin sayı təxminən 9 milyon 60 min nəfər olacaq”...

 

“Hazırda Azərbaycanda baş verən iqtisadi proseslər müvəqqəti xarakter daşıyır”...

 

“Çoxuşaqlı ailələrin sayının artması üçün sosial islahatlara ehtiyac var”...

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, demoqrafiya məsələləri üzrə ekspert Azər Allahverənov deyib.

 

Azər Allahverənov Azərbaycanda demoqrafik inkişaf səviyyəsinin qənaətbəxş olduğunu deyib: “Hər bir ölkənin demoqrafik vəziyyəti təbii artım indikatoru ilə müəyyənləşir. Keçən əsrin 50-60-cı, hətta 70-ci illərin əvvəllərinə qədər Azərbaycanda təbii artım təqribən 3 faizdən bir qədər artıq idi. Amma 70-80-90-cı illərə nəzər salanda təbii artım dinamikasının azaldığını görürük. Bu azalma 2002-ci ilə qədər davam etdi və hətta 0,8 faizə düşdü. Bu həqiqətən də həyəcan təbili çalmağa zəmin yaradan bir hal idi. Çünki demoqraflar vurğulayırlar ki, ölkədə təbii artım 1.2 faizdən aşağı düşürsə, bu artıq əhalinin azalmağa meylli olduğunu göstərir. Bu gün Azərbaycanda təbii  artım 1,36 faizdir. 15-20 il bundan qabaq Azərbaycanda qadınların sayı 52 faizdən bir qədər yuxarı idi, bu gün isə artıq bu faiz yaxınlaşmaq üzrədir. Hazırda Azərbaycanda əhalinin təqribən 50.5 faizini qadınlar, 49.5 faizini kişilər təşkil edir. Buna subyektiv səbəblər  buna təsir edir. Son illər selektiv abortların hesabına oğlan uşaqlarının sayı sürətlə artmağa başladı. İki-üç il bundan qabaq bu məsələ çox ciddi gündəmə gətirildi, Milli Məclisdə də müvafiq qanunlar qəbul olundu, amma istənilən qadağa onun latent şəkildə inkişafına səbəb olur. Bu gün Azərbaycanın hüdudlarından kənarda da nəsə eləmək olar. Amma burda eyni zamanda maarifləndirməyə çox böyük ehtiyac var”.

 

Ekspert ölkə əhalisinin böyük qisminin Bakıda cəmləşməsinə aydınlıq gətirib: “Əhalinin yarısının Bakıya toplaşmasına “yanlış urbanizasiya” deyə bilərik. Bu, insanların kənddən, rayon yerlərindən şəhərə axını deməkdir. Amma Bakı şəhəri həqiqətən də kifayət qədər yüklənib. Rayonlardan Bakıya gələnlərin arasında kifayət qədər cavanlar  var. Bu gün kəndlərdə olan cavanlarımızın bir qismi ya Rusiyadadır, ya da Bakıda, bu isə kənd təsərrüfatından uzaqlaşmanın nəticəsidir. Gənclər daha asan pul qazanmağa meyllidir, kənd təsərrüfatı isə əmək, enerji  tələb edən sahədir. Bu, təkcə insan resursunun yox, eyni zamanda işçi qüvvəsinin axını deməkdir. Kənd yerlərində iş yerlərinin açılması urbanizasiyanın təhlükəli meyllərinin azalmasına səbəb ola bilər. 2013-cü ilə qədər Azərbaycanda urbanizasiya tempi kifayət qədər yüksək idi, biz şəhər əhalisi ilə kənd əhalisi arasında olan faiz nisbətində şəhər əhalisinin artdığının şahidi olurduq. Amma 2013-cü ildən etibarən deurbanizasiya prosesi prosesləri müşahidə olunur. Bir tərəfdən dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə vəsaitin ayrılması, digər tərəfdən isə tikinti sektorunda azalmağa buna təsir etdi. Bu da iş yerlərinin itirilməsi deməkdir. Eyni zamanda bir bölgələrdə zavod və fabriklərin açılmasını müşahidə edirik. Faktiki olaraq da orda çalışa biləcək insanlar lazımdır. Lakin burada başqa bir problem ixtisaslı işçi qüvvəsi məsələsidir.  Bununla bərabər, devalvasiyanı da yaddan çıxarmayaq. Keçən ilin fevral və dekabr aylarında baş vermiş devalvasiyalar da iqtisadi sektora öz təsirini göstərdi”.

 

Azər Allahverənov ölkəmizdə əhali yaşının cavan olmasının üstünlüklərindən danışıb: “Azərbaycanda əhalinin potensial işçi yaş qrupuna aid edilə biləcək insanların sayı təqribən 70 faizdən artıqdır. Avropa ölkələri ucuz işçi qüvvəsinə, işçi miqrantları cəlb etməkdə maraqlıdır, bunun üçün müxtəlif proqramlar həyata keçirilər. Bu həm də Avropada vergi ödəyicisi qismində  əmək fəaliyyəti  ilə məşğul ola biləcək  insanların sayının artmasına ehtiyacın əlamətidir, həmin ölkələr vergi ödəyicilərini artırmaq hesabına həyata keçirdikləri sosial siyasətin idarə olunmasına imkan əldə edirlər”.

 

Qonağın sözlərinə görə, 2025-ci ildən sonra Azərbaycanda əhalinin sayının artması dayanacaq: “Dünya demoqraflarının və BMT-nin müvafiq qurumlarının  müəyyən etdiyi proqramlara və proqnozlara görə, bu ilin  sonunda Azərbaycan əhalisinin sayı təxminən 9 milyon 60 min nəfər olacaq. Proqnozlara görə, biz 2017-ci ildə 10 milyon nəfərə çatmalıyıq. 2025-ci ilə qədər Azərbaycanda təbii artım indikatoru indiki vəziyyətdə qalarsa, 2025-ci ildə bizim əhalinin sayının artması prosesi dayanacaq. Bundan sonra bizdə əhali sayı azalmağa başlayacaq”.

 

Ekspert ölkədə miqrasiya tempi və istiqamətləri barədə də müşahidələrin nəticəsi ilə bağlı məlumat verib: “Xaricə immiqrasiyanın 85 faizi Rusiyanın payına düşür. Amma bunun hamısı əmək fəaliyyəti ilə məşğul olan qüvvə deyil, onların arasında qadınlar, uşaqlar var. Azərbaycanda 2008-ci ilə qədər miqrasiya saldosu mənfi idi. Daimi əsaslarla ölkəni tərk edib xaricdə yaşamağa meylli olan insanlar çox idi, nəinki əksinə. 2008-ci ildən bəri bu templərin müsbət olduğunu müşahidə edirik. Artıq 9 ilə yaxındır ki, bu temp müsbət qalır, daimi əsaslarla Azərbaycanda yaşamaq istəyənlərin sayı artır. Bunun səbəblərindən biri Azərbaycanda sabitliyin olmasıdır, istər siyasi cəhətdən, istərsə də iqtisadi artım var. Hazırda Azərbaycanda baş verən iqtisadi proseslər müvəqqəti xarakter daşıyır. Dünya iqtisadçıların hesablamalarına görə bütün dünyada 2017-2018-ci ildən sonra iqtisadi proseslərdə sabitləşmə olacaq. İqtisadi artım nəinki konkret rəqəmlərdə, insanların sayında da özünü göstərə bilər. Bu da ona səbəb olacaqdır ki, Azərbaycana gələnlərin sayı da artıq olacaq”.

 

Azər Allahverənov çoxuşaqlı ailələrin azalmasının ciddi problem olduğunu deyib: “Əvvəllər çoxuşaqlı ailələr 17 faiz təşkil edirdisə, 2009-cu ildə bu 9 faizə endi. Azsaylı uşaqların sayı isə 20 faizdən 30 faizə qədər artdı. Çoxuşaqlı ailələrin sayının azalması həyəcan siqnalı üçün əsasdır, bunun səbəbləri araşdırılmalıdır. Ənənəvi davranış qaydalarının, ailə modelinin dəyişməsi də bunun səbəblərindəndir. Biz əmək fəaliyyəti ilə məşğul olan qadınların sayının artığını görürük. Bu da dünyaya gələn uşaqların sayına bilavasitə təsir edir. Ona görə də son illər çoxuşaqlı ailələrə maliyyə yardımının göstərilməsi, rifahın yaxşılaşdırılması ilə bağlı konkret tövsiyələr irəli sürüldü. İstənilən halda stimullaşdırıcı tədbirlərə ehtiyac var. 

Müəllif | Apa.Tv
Apa.tv