Xaricdə necə təhsil ala bilərik?

“Xaricdə Təhsil üzrə Dövlət Proqramı üzrə məzun olmuş 2000 mindən çox gəncdən təxminən 60 faizi özəl sektorda çalışır, 40 faizi isə dövlət sektorunda çalışır. Tələbələrin xaricdə təhsil almasına sərf olunan vəsait Dövlət Neft Fondu tərəfindən ödənilirdi”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 

Cəsarət Valehov Xaricdə Təhsil üzrə Dövlət Proqramının əhəmiyyətindən danışıb: “Xaricdə Təhsil üzrə Dövlət Proqramı Azərbaycanın müstəqillik dövründə cəmiyyətimiz üçün yaradılmış unikal bir şansdır, biz onun nəticələrindən həm yaralanırıq və önümüzdəki illərdə də faydalana biləcəyik. 2007-2015-ci illər ərzində bu dövlət proqramı 3500-dən artıq gəncə dünyanın ən yaxşı universitetlərində təhsil almaq imkanı yaradıb. Bu proqram çərçivəsində indiyə qədər məzun olaraq qayıtmış gənclər, həm də hələ də təhsilini davam etdirən 1500-dən artıq olan gənc dövlətin gələcək inkişafı üçün böyük zəmindirlər. Bu proqram çərçivəsində tibb, mühəndislik, informasiya texnologiyaları sahəsi, kənd təsərrüfatı sahələri üzrə təhsil nəzərdə tutulurdu. Bu gün səhiyyə müəssisələrində istər qardaş Türkiyədə, istərsə də Almaniyada və digər ölkələrdə oxuyub gəlmiş  öz bilik və bacarıqlarını uğurla tətbiq edən həkimlərimizi görürük. Məzun olub gəlmiş 2000-dən çox gəncin təxminən 60 faizi özəl sektorda, 40 faizi isə dövlət sektorunda çalışır”.

 

Nazirlik rəsmisi müxtəlif ölkələrdə təhsil xərclərinin fərqli olduğunu deyib: “Bu müddət ərzində tələbələrə sərf olunan vəsait 10 milyon manatlarla ölçülür və bu Dövlət Neft Fondundan ayrılan büdcə hesabına ödənilirdi. Digər ölkələrin xarici ölkələrdə təhsil proqramı ilə Azərbaycanın Xaricdə Təhsil üzrə Dövlət Proqramı arasında fərqi odur ki, Azərbaycan dövləti tələbənin həm yaşayış xərcini, həm də təhsil xərcini qarşılayır. Burada universitetlərə görə xərclər də müxtəlif ola bilər. Qiymətlər ixtisas və istiqamət üzrə fərqlidir. Seçim dünya ölkələrinin reytinq cədvəlinin daha yaxşı təhsil vermə imkanları ilə ölçülür. Böyük Britaniyanın verdiyi təhsil imkanları kifayət qədər üstündür. Türkiyə, İsveçrə, Almaniyada ABŞ-da təhsil istiqamətlərinə uyğun ixtisaslar seçilir və ən yaxşı təhsil verə bilmə imkanları hansı universitetdədirsə, tələbə göndərməklə bağlı ona uyğun qərar qəbul olunur. Məsələn tibblə bağlı xaricə göndərdiyimiz məzunların çoxunun getdiyi ölkə Almaniya və Türkiyədir".

 

Cəsarət Valehov tələbələrin xaricə ali təhsil almağa göndərilməsi proseduruna aydınlıq gətirib: "Tələbə xaricdə oxumaq üçün göndərilərkən ilkin olaraq onun dil  və ixtisas bilgiləri olmalıdır. Təhsil Nazirliyinin saytında və Xaricdə Təhsil üzrə Dövlət Proqramı ilə bağlı digər resurslarda qeyd olunan prioritet istiqamətləri və universitetləri seçmək imkanı var. Burada ölkələrin və universitetlərin siyahısı qoyulur. Tələbə də həmin universitetlərə öz seçimi ilə sənədlərini göndərir. Burada dil bilikləri ilə bağlı sertifikatlar və digər sənədlər daxildir. Bundan sonra universitet tələbənin qəbuluna razı olursa, ondan sonra iddiaçı təqaüdçü öz sənədlərini Xaricdə Təhsil üzrə Dövlət Proqramında iştirak etmək üçün Təhsil Nazirliyində yaradılmış müvafiq komissiyaya göndərir. Müsabiqədən keçdikdən sonra onun təhsil və yaşayış xərclərinin qarşılanması haqqında qərar qəbul olunur. Burada seçim təbii ki tələbənindir. Dünyanın müxtəlif ölkələrində oxumaq üçün həmin ölkələrin təqaüd proqramı olur. Bu proqramlarda iştirak hüququ Azərbaycanın dünyanın bir sıra ölkələri ilə imzaladığı müqavilələrə əsasən nizamlanır. Təhsil Nazirliyinin elanlar bölməsində  4-5 ölkənin hal-hazırda davam edən və ya yaxın zamanda yekunlaşacaq təqaüd proqramları ilə bağlı elanlar var. Bunlar Çin, Cənubi Koreya, Qazaxıstan və digər ölkələrin təqaüd proqramlarıdır. Bu daha çox magistratura və fəlsəfə doktoru almaq üçün təqdim olunan təqaüd proqramlarıdır. Tələbə o təqaüdü qazanmaq üçün öz biliyini təsdiq edən sənədləri komissiyaya göndərir və komissiyadan keçdikdən sonra həmin ölkənin təqdim elədiyi maliyyə vəsaiti ilə oxuya bilər".

 

Nazirlik rəsmisi hazırda Azərbaycanda 4000-dən artıq xarici tələbə təhsil aldığını deyib: "ADA Universitetinin təqaüd proqramı ilə dünyanın 18 ölkəsindən bu ali təhsil ocağında təhsil alan tələbələr var. Hazırda Azərbaycanda təhsilin inkişafı ilə bağlı çox ciddi islahat proqramı həyata keçirilir. Azərbaycanda növbəti ali təhsil müəssisəsi bu ilin sentyabr ayında açılacaq, bu, Azərbaycan Fransız Universitetidir. Bu universitet Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəzdində müştərək layihə kimi açılacaqdır ki, bu da yeni bir imkandır. Bu təhsil müəssisəsində Fransanın ən yaxşı universitetlərindən gəlmiş müəllim heyəti çalışacaq".

 

Cəsarət Valehov abituriyentlərin dövlət proqramından kənar, öz xərcləri hesabına da xaricdə təhsil aldığını xatırladıb: "Xaricdə təhsil almaq üçün imkanlar var, abituriyentlər həm öz hesablarına, həm müxtəlif təqaüd proqramlarına görə təhsil ala bilərlər. Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsindən kənarda dünyanın müxtəlif ölkələrində oxuyan minlərlə gəncimiz var".  

Müəllif | Apa.Tv
Apa.tv