Bakıda metro xətlərinin sayı artırılacaq
“Yay qrafikində qatarların sayını azaldırıq, ona görə də yenə də sıxlıq hiss olunur”...
“Bakı metrosunda , uzun müddət yeni xətlərin açılması istiqamətində işlər görülməyib”...
“Sərnişinlər artıq şəhərin bir istiqamətindən digər istiqamətinə getmək üçün bizim mövcud xəttimizdən istifadə etmək məcburiyyətində qalmayacaqlar”...
“Gələcəkdə metro xətlərinin Bakını tam əhatə etməsi nəzərdə tutulur”...
“Yeni stansiyalar 7 vaqonlu qatarlar üçün nəzərdə tutulur”...
“Bakı Metropolitenində heç vaxt kondisioner olmayıb, zavod istehsalında bu konstruksiya nəzərdə tutulmayıb”...
““Bakı Metropoliteni” ümumi dəyərlərimizə xidmət edən vətənpərvərlik mövzusunda layihələrə dəstək verməyə hazırdır”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Nəsimi Paşayev yay və qış qrafiklərində sərnişin sıxlığının səbəbindən danışıb: “Bakı şəhəri üzrə bütün sərnişindaşımanın təxminən 30 faizi Bakı Metropoliteninin payına düşür. Qış qrafikində, yəni indiki dövr gün ərzində 700 min sərnişin metrodan istifadə edir. Yay qrafikində isə bu rəqəm 400-450 min olur. Yay qrafikində qatarların sayını azaldırıq, ona görə də yenə də sıxlıq hiss olunur. Pik saatlarda əhali əsasən sıxlıqdan şikayət edir. Bunun da real obyektiv səbəbləri var. Bakı metrosu 1967-ci ildə tikilib, sənəddə iki xətt mövcud olsa da, real olaraq bir xəttimiz var. Bakı şəhərində 4 milyona yaxın əhali var, bu əhalinin tələbatını ödəmək iqtidarında olsa da, uzun müddət yeni xətlərin açılması istiqamətində işlər görülməyib”.
Metropoliten rəsmisi yaxın müddətdə metro xətlərinin sayının artırılacağını deyib: “ "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf planı"na görə, 2030-cu ilə qədər hazırda iki olan xətlərin sayı beşə, 25 stansiyanın sayı isə 76-ya çatdırılmalıdır. Artıq həmin beş xətdən ilkinin, bənövşəyi xəttin açılışını etdik. Bu xətt avtovağzaldan başlayır, şəhərində mərkəzindən keçməklə Qaraçuxur qəsəbəsinə qədər ayrıca bir xətdir. Sərnişinlər artıq şəhərin bir istiqamətindən digər istiqamətinə getmək üçün bizim mövcud xəttimizdən istifadə etmək məcburiyyətində qalmayacaqlar. Onlar başqa bir yerüstü xətlə hərəkət edəcəklər. Metronun sarı xətti Binəqədidən başlayıb, Bibiheybət məscidi adlandırdığımız əraziyə qədər davam etməlidir. Mavi xətt Yeni Yasamal ərazisindən Bakıxanov qəsəbəsinə qədər olacaq. Amma bu xətlərin hər birinin bir-birinə keçid xətt stansiyaları olacaq. “Memar Əcəmi” stansiyasında digər yaşıl stansiyasına keçə biləcəklər. Gələcəkdə metro xətlərinin Bakı şəhərini tam əhatə etməsi nəzərdə tutulur. İstifadəyə verdiyimiz bənövşəyi xəttin həm “Avtovağzal”, həm də “Memar Əcəmi” stansiyaları tam fərqli görkəmdə və fərqli quruluşda inşa olunmuş stansiyasıdır. “Memar Əcəmi” 5 mərtəbəli bir stansiyadır. Metronun yaşıl və qırmızı xəttində olan stansiyalarının platformaları 5 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Amma yeni istifadəyə verilən və bundan sonra istifadəyə veriləcək stansiyalarımız 7 vaqonlu qatarlar üçün nəzərdə tutulur”.
Qonaq metroda gediş qiymətinə Tarif Şurasının nəzarət etdiyini bildirib: “Hal-hazırda gediş haqqının artırılması ümumiyyətlə müzakirə olunmur. Bu, Tarif Şurasının nəzarətində olan məsələdir. Amma bu reallıqdır ki, bir sərnişinin daşımaq xərci onun ödədiyi gediş haqqından çox-çox artıqdır. Biz bununla bağlı dövlət tərəfindən xüsusi ayrılmış dotasiya alırıq, bu da metropolitenin saxlanılmasına kömək edir”.
Nəsimi Paşayev metroda ventilyasiya sisteminin işi ilə bağlı iradlara da aydınlıq gətirib: “Hazırda il ərzində metrodan istifadə edən sərnişinlərin sayı 200 milyonu ötür. İl ərzində ventilyasiya sistemində dəyişiklər olur. Bu ilin 4 ayı ərzində biz stansiyaların şaxtalarında 6 ədəd ventilyasiya sistemini dəyişmişik. Xüsusilə Gənclik və Nərimanov stansiyaları arasında problemlər var idi, artıq burada xaricdən gətirilmiş ventilyatorlar qoyulub. Bakı Metropolitenində heç vaxt kondisioner olmayıb, zavod istehsalında bu konstruksiya nəzərdə tutulmayıb. Şaxtalar vasitəsilə bayırdakı hava içəri verilir, sərinlik yaradılır. Amma Bakı yayda çox isti olur. Təlimata görə, əgər bayırda havanın temperaturu 35 dərəcəni keçərsə, bayırdakı havanı içəri vurmaq qəti qadağandır. Gələcəkdə qatarlar dəyişdiriləndə yeni, 4-cü nəsil dediyimiz qatarlar alınacaq ki, onların hər birində kondisionerlər olacaq”.
Qonaq hazırda metronun ən təhlükəsiz və rahat nəqliyyat növü olduğunu deyib: “Metronun təhlükəsizliyi DİN tərəfindən həyata keçirilsə də, biz polis əməkdaşlarla birlikdə işləyirik. Sərnişinlər polisin işini sadəcə girişdə çanta yoxlamaq olduğunu düşünürlər. Lakin bu, onların metroda gördükləri işlərin çox cüzi bir hissəsidir. Metronun elə bir yeri yoxdur ki, oranı müşahidə kamerası qeydə almasın”.
Nəsimi Paşayev təmizliyin istənilən səviyyədə təmin olunmadığına da münasibət bildirib: “"Koroğlu" stansiyası bəlkə də bizim stansiyalar arasında ən çox çirklənən stansiyadır, çünki onun müxtəlif istiqamətlərə çıxışları var. Xüsusilə Böyükşor tərəfə çıxışı istiqamətində yağışlı havada çöldəki vəziyyət birbaşa stansiyaya təsir edir. Sərnişinlər də təmizliyə riayət etməlidirlər. Təhlükəsizlik məqsədilə stansiyalarda zibil qablarının qoyulması məqsədəuyğun deyil”.
Metropoliten rəsmisi sosial layihələrlə bağlı görülən işlərdən danışıb: “Yeni layihəmiz vətənpərvərlik mövzusunda, işğal olunmuş ərazilərimizlə bağlıdır. Yaxın zamanlarda bütün stansiyalarımızda bununla bağlı tədbirlər görüləcək. İndiyə qədər bizdə müxtəlif vaxtlarda aksiyalar keçirilib. Əgər təşkilatların, şəxslərin bu mövzuda layihələri varsa, müraciət edə bilərlər. Biz ümumi dəyərlərimizə xidmət edən layihələrə dəstək verməyə hazırıq”.
Qonaq yeni stansiyaların tikilişinin ləngiməsinə də münasibət bildirib: “Yeni stansiyaların açılması böyük bir investisiya layihəsidir, bu da dövlət büdcəsindən ayrılan vəsait hesabına tikilir. Bizim hal-hazırda əsas hədəfimiz bir xətt üzrə hərəkət edən sərnişin sıxlığını aradan qaldırmaqdır. Bunun üçün müxtəlif xətlər tikilməlidir. Hazırda tikilməkdə olan stansiyalarımız var. Bənövşəyi xəttimizin davamı var. Yaşıl xəttimizin dairəvi sxemi var, onun ətrafında işlər aparılacaq”.