Azərbaycanın yol problemləri
“Gələn il Ələt-İran yolu istifadəyə veriləcək”...
“Shacman” markalı yük maşınlarından istifadə əksər ölkələrdə qadağan olunub”...
“Təhlükəsizlik baxımından əyri xətt dəmir tirlər çox böyük əhəmiyyətə malikdir”...
“Bakı-Sumqayıt yolunda yol kənarındakı əyri xətt dəmir tirlər beton maneələrlə əvəz edilir”...
“Bakı şəhərində yağış drenaj sistemi çox azdır”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
"Azəravtoyol" rəsmisi yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə görülən işlərdən danışıb: “Ötən il ərzində 50-yə yaxın təmirə ehtiyacı olan küçə təmir edilərək sürücü və vətəndaşların ixtiyarına verildi. Bu təqribən 100 km dən artıq yol deməkdir. Bu il də işlər davam etdirilir. Uzun müddət təmir olunmadığı üçün sıradan çıxan küçələrə xüsusi diqqət verilir. Magistral yolların təmiri də ölkə rəhbərliyinin birbaşa diqqətdə saxladığı əsas məsələlərdən biridir. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolu birinci texniki dərəcəli 4 hərəkət zolaqlı olaraq sürücülərin ixtiyarına verilib. Hazırda Gəncədən Gürcüstan sərhədinə qədər yolun yenidən qurulması üçün Dünya Bankı ilə danışıqlar aparılır. İki zolaqlı yolların genişləndirilərək 4 zolaqlı hərəkətin təmin edilməsi həm beynəlxalq, tranzit yük daşımasında mühüm əhəmiyyətə malikdir. Hazırda əsas diqqət şimaldan cənuba, şərqdən qərbə avtonəqliyyat vasitəsi ilə yük daşımasına yönəldilib. Şimaldan cənuba avtomobillərlə yük daşıması dəhliz üzərində yerləşən Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun Qəndoba qədər olan hissəsi yenidən qurulub. Qəndobdan sərhədə qədər olan hissədə isə yenidənqurma işləri həyata keçirilir. Bu yol tam təmir edildikdən sonra yüklərin birbaşa Bakıya yönəldilməsi reallaşacaq. Bundan başqa Ələt-İran istiqamətində də yeni yolun tikintisi aparılır. Gələn il bu yolun istifadəyə verilməsi nəzərdə tutulur və bununla həm məsafə 40 km azalacaq, sürətin artması yükdaşımanın həcminə də təsir edəcək”.
Anar Nəcəfli sürüşmə zonasında yerləşən yol kəsimində lazımi tədbirlərin görüldüyünü deyib: “Yol tikintisi zamanı sürüşmə zonaları əvvəlcədən nəzərə alınır. Bu, təbii prosesdir. Biz sürüşmə baş verən avtomobil yoluna dəyən zərərin az olmasını təmin edirik. Magistral yolların üstündə sürüşmə yoxdur, lakin magistral yoldan ayrılan rayonları bir birinə birləşdirən respublika əhəmiyyətli yollarda bu proses müşahidə olunur. Ötən il biz Masalı-Yardımlı yolunda sürüşmə zonasından kənardan keçməklə yeni yol hissəsi saldıq ki, təhlükəsiz keçid olsun. Sürüşmə baş verən ərazi Bakı-Şamaxı yolundadır. Orada da qarşısını almaq məqsədilə tədbirlər həyata keçirilir. Əsas problem həmin yolun 91-107-ci km-dədir. Bu yaxınlarda həmin istiqamətdə yolun yenidən qurulması üçün Dünya Bankı ilə kredit sazişi imzalandı”.
Qonaq qəzalar zamanı yol kənarlarındakı əyri xətt dəmir tirlərin faciələrə səbəb olmasına da münasibət bildirib: “Təhlükəsizlik baxımından əyri dəmir xətt tirləri çox böyük əhəmiyyətə malikdir. Bizdə bəzi sürücülər yol hərəkəti qaydalarına riayət etmirlər, yol nişanlarına məhəl qoymurlar və sürət həddini aşırlar. Məsələn, yük maşınları müəyyən olunmuş normada yükə hesablanıb, əgər ondan artıq yüklənirsə, bu, həm yolu sıradan çıxarır, həm də əyləc sistemi idarə olunmur. Yollarda bir oxa 10 tona yaxın yük düşməlidir, bu qaydanın pozulması həm də ətrafda olan insanlar üçün təhlükəlidir. “Shacman” markalı yük maşınlarından istifadə bir çox ölkələrdə qadağan olunub. Bizdə isə, nədənsə, bu, davam etdirilir, onların bir oxa düşən yük götürmə qabiliyyəti 13 tona yaxındır. Bu da yolların sıradan çıxmasına səbəb olur. Əyri dəmir xətt tirləri də müəyyən sürət həddinə ölçülərək quraşdırılır. Ancaq bizdə avtomobillər yüksək sürətlə idarə olunur. Məsuliyyətsiz sürücülər ucbatından biz məcburuq ki, dəmir xətləri bir neçə ərazidə sökək, əsasən də Bakı-Sumqayıt yolunda bu xətlər beton maneələrlə əvəzlənir. Beton maneələr öz ölkəmizdə istehsal olunduğundan bu, iqtisadi baxımdan da səmərəlidir”.
Anar Nəcəfli Bakının Xırdalan istiqamətində girişində tıxacın aradan qaldırılması üçün görülən işlər barədə məlumat verib: “Bakı şəhərinə girişdə tıxacların aradan qaldırılması istiqamətində işlər görülür. Bir neçə il bundan qabaq bu yol cəmi iki-üç hərəkət zolaqlı idi, hazırda isə 7-8 hərəkət zolağına qədər genişləndirilib. Yolun 9-11 km-lik hissəsində 150 m ərazidə böyük bir təpəcik var idi, onun sökülməsi ilə 3 hərəkət zolağı da əlavə edildi. Bundan əlavə, 9-cu km-də yerüstü piyada keçidinin dayaqlarının bir hissəsi sökülərək yol daha da genişləndirildi. Hazırda Xırdalan dairəsində yol kənarında olan yaşıllıqlar sökülür və daha bir hərəkət zolağı salınır”.
“Azəravtoyol” rəsmisi yağış zamanı Bakıda yolların su altında qalması ilə bağlı da iradlara münasibət bildirib: “Təəssüf ki, Bakı şəhərində yağış drenaj sistemi çox azdır. Güclü yağış zamanı kollektorların kifayət qədər suya gücü çatmır və yağış suyu yenidən yola vurur. Biz imkan olan yerdə həmin sistemi qururuq, sadəcə olaraq yüklənmə baş verir. Əslində, bu sular məişət kanalizasiya sisteminə qoşulmamalıdır, bu, əlavə yüklənməyə səbəb olur. Əhalinin sayı artıb, yeni binalar tikilib, sistem yüklənir, artıq leysan xarakterli yağış yağarkən sistem tab gətirə bilmir”.
Qonaq piyada keçidləri və dayanacaqlar arasında məsafələrin böyük olmasının səbəbi ilə bağlı da açıqlama verib: “Avtomobil yollarına xidmət edən bir qurum olaraq biz də öz növbəmizdə piyada keçidlərinin salınmasına zəruri olan yerlərdə öz təkliflərimizi veririk. Hazırda Bakıda bir neçə yerdə piyada keçidlərinin tikilməsi ilə bağlı Yol Hərəkəti Təhlükəsizlik Komissiyasına biz də digər qurumlarla birlikdə təkliflərimizi vermişik. Hazırda ilkin etapda piyada keçidinin tikilməsinə ehtiyacı olan ərazilər var”.