Azərbaycan turizmdən niyə çox gəlir götürə bilmir?

“Azərbaycanda cəbhədə hazırkı vəziyyət turistlərə də psixoloji təsir göstərir”...

 

“Heç bir turist ölkəyə bütün pullarını xərcləmək üçün gəlmir”...

 

“Aviabiletlərin qiymətinin yüksək olması turistin Azərbaycana gəlməsinə mənfi təsir göstərir”...

 

“Azərbaycana gələn turistlərin əsas şikayəti hostellərin olmamasıdır”...

 

“Regionlarda turizmin inkişafını ləngidən səbəblərdən biri idarəetmənin yanlış olmasıdır”...

 

“Azərbaycanda turizmdən gələn gəlirlərin artırılması üçün ən azı onilliklər lazımdır”...

 

“Xaricə ölkəyə Gürcüstan üzərindən səyahət edən azərbaycanlı turist Gürcüstanın həm pul-kredit siyasətinə, həm dövlət büdcəsinə, həm vergi sisteminə yetərincə töhfə verir”...

 

“Azərbaycanda turizm gəlirlərinin düzgün hesablama metodu formalaşmayıb”...

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, iqtisadçı ekspert Nicat Hacızadə deyib.

 

Nicat Hacızadə Azərbaycanda turizm sahəsinin qeyri-neft sektorunun əsas hissəsi sayıldığını deyib: “2000-ci ildən müəyyən sərəncamlar, fərmanlar verildi, turizm sektoru ilə bağlı müəyyən strukturlu nazirlik yaradıldı. Hazırda turizmin inkişafı keçən illərə nisbətdə yaxşı olsa da, uzun illər bu sahəyə qoyulan investisiyanın dəyəri qonşu ölkələrlə müqayisədə geri olub”.

 

Qonağın sözlərinə görə, turist hər hansı ölkəyə gəldiyi zaman ictimai sabitlik, terror şübhəsi, insan hüquqlarının vəziyyəti ilə maraqlanır: “Daha sonra həmin ölkədə müharibə şəraitinə xüsusi fikir verirlər. Azərbaycanda cəbhədə hazırkı vəziyyət turistlərə psixoloji təsir göstərir. İqtisadi amil kimi isə, turist gəlməzdən əvvəl ölkədəki otellərin sayına baxır. Varlı, orta təbəqə və kasıb olmasından asılı olmayaraq istənilən turist getmək istədiyi ölkələrdə daha az ulduzlu otellərin sayı ilə maraqlanır. Heç bir turist ölkəyə bütün pullarını xərcləmək üçün gəlmir. Azərbaycanda 5 ulduzlu otellərin sayı daha çoxdur, onlar da daim yüksək qiymətlərlə xidmət edirlər. Bu da turisti qaçıran amillərdən biridir.  Ölkədəki inflyasiya dərəcəsi, xidmət səviyyəsi, istehsal müəssisələrin vəziyyəti də turistlərin maraq obyektidir. Aviabiletlərin qiymətinin yüksək olması da turistin Azərbaycana gəlməsinə mənfi təsir göstərir. Hava nəqliyyatı ilə Azərbaycana gələn turistlərin əksər hissəsi Gürcüstan və Türkiyə vasitəsilə ilə ölkəyə daxil olurlar. Bu da o deməkdir ki, biz digər ölkələrə qazanc veririk”.

 

Ekspert Azərbaycana maraq göstərən ölkələr barədə də məlumat verib: “Azərbaycanda qonşu ölkələrdən gələn turistlərin sayı daha çoxdur. Rusiya, Türkiyə, İran, sonra Avropa və Asiyadan gələnləri qeyd edə bilərik. Amerika və Kanadadan gələnlərin sayı o qədər də çox deyil. Həmin ölkələrin vətəndaşları Afrika, Mərkəzi Asiya ölkələrinə daha çox üstünlük verirlər. Həmin ölkələrdə otellərin infrastrukturu bərbad vəziyyətdə olsa da, turistlərin sayı daha çoxdur. Otellərin qiyməti 5-6 dollardan başlayır və hər hansı turist Afrika qitəsinə gedib istirahət etdiyi vaxt maddi problem yaşamır. Azərbaycana gələn turistlərin əsas şikayəti hostellərin yoxluğu, az ulduzlu otellərin sayının azlığı və belə otellərdə qiymətlərin Avropanın 4 ulduzlu otellərinin qiyməti ilə eyni olmasıdır. Azərbaycanda turizm obyektləri üçün kadr hazırlayan təhsil müəssisələri var, lakin turizm obyektlərində bu kadrlardan istifadə olunurmu? Regionlardakı otellərdə xidmət səviyyəsi, işçilərin geyimindən tutmuş, danışıq qabiliyyətinə qədər bütün keyfiyyətləri, dil bilikləri demək olar ki, yox səviyyəsindədir. Regionlarda turizmin inkişafını ləngidən səbəblərdən biri idarəetmənin yanlış olmasıdır. Əksər menecerlərdə bu sahə ilə bağlı anlayışın olmaması və turizmə əlavə qazanc yeri baxması böyük problemdir. Bizim regionlarımızdakı otellərimiz ilin 12 ayından sadəcə 3 ayı gəlir götürür. Turizm şirkətinin rəhbərləri 9 ay müddətlik hissəsini belə 3 ayın içinə əlavə edib, xidmət göstərirlər”.

 

Nicat Hacızadə yerli turizmdə qiymətlərin baha olmasını xüsusi qeyd edib: “Qiymətlərin yüksək olması və xidmət səviyyəsinin aşağı olmasına görə yerli əhali də Nabranda bir gün  istirahət etmək əvəzinə eyni qiymətə Antalyada bir həftə istirahət etməyi üstün tutur. Turizmin inkişafına kompleks yanaşmalıyıq. Azərbaycanda turizmdən gələn gəlirlərin artırılması üçün ən azı 10 illiklər lazımdır. Biz nə qədər xaricdə kampaniya aparsaq, idman tədbirlərinə ev sahibliyi etsək də, qiymət yüksək olduqca Azərbaycana turist gəlməyəcək. Cənubi Qafqaz ölkələri içərisində otellər üzrə ən aşağı qiymət təklif edən ölkə Ermənistandır, amma onların infrastrukturu yetəri səviyyədə deyil. Ən yüksək qiymət təklif edən isə Azərbaycandır”.

 

Qonaq Cənubi Qafqaz regionunda Gürcüstanın turizm sahəsində uğur qazanmasını belə izah edib: “İlk öncə, xaricə ölkəyə Gürcüstan üzərindən səyahət edən azərbaycanlı turist Gürcüstanın həm pul-kredit siyasətinə, həm dövlət büdcəsinə, həm vergi sisteminə yetərincə töhfə verir. Ölkəyə gələn hər şəxs də turist hesab olunmalı deyil. Hər oteldə qalan və ya qalmayan da qonaq da turist hesab olunmur. Ölkəyə ticarət məqsədi ilə də gələn şəxslər var. Bunlar statistikaya daxil olunmur. Azərbaycanda turizm gəlirlərinin də düzgün hesablama metodu formalaşmayıb. Azərbaycanda gələn turistin xərclərinin demək olar ki, 70-80 faizi otellərə gedir. Turistin ölkəyə gətirdiyi gəlir digər sektorlara görə hesablansa, məbləğ daha yüksək dəyərləndirilə bilər”.

 

Nicat Hacızadə Azərbaycanın ayrı-ayrı bölgələrində turizmin müxtəlif istiqamətlərinin inkişaf etdirilməsini də təklif edib: “Azərbaycanda turizm üzrə klaster modeli məqsədəuyğundur. Bu zaman dövlət qurumları, kommersiya şirkətləri, turizm obyektləri, qeyri-hökumət təşkilatları və institutlar birgə fəaliyyət göstərirlər. Cənub bölgəsi üzrə ölkəyə kifayət qədər gəlir cəlb etmək mümkündür. Bu ərazidə xüsusi səhiyyə turizm sektoru təşkil etmək olar”.

Müəllif | Apa.Tv
Apa.tv