Əksər müəllimlər IV-V sinif tapşırığını həll edə bilmir - TƏHSİL PROBLEMİ

“Məktəbəqədər hazırlıqlarda uşaqların yaş səviyyəsi nəzərə alınmalıdır”...

 

“Uşaqda təhsilə həvəs oyatmaq üçün onu başlanğıcdan yükləmək lazım deyil”...

 

“Müəllimlərə 10 günlük kurikulum kursu keçirik, bu müddətə proqramın tam mənimsənməsi real deyil”...

 

“Müəllimlər kurikulumu əzbərləyirlər, praktikada fəal təlimdən yox, ənənəvi üsuldan istifadə edirlər”...

 

“Bölgələrimizi də nəzərə almalıyıq, təhsildə birtərəfli yox, balanslı inkişaf olmalıdır”...

 

“Dərsliklərin qiymətləndirilməsi müddəti azdır, 10-15 gün ərzində effektiv qiymətləndirmə mümkün deyil”...

 

“Müəllim sinifdə etdirmədiyi tapşırığın həllini bilmirsə, evə tapşırıq verməməlidir”...

 

“Əksər müəllimlərimiz IV-V sinfin məsələ-misalını həll edə bilmir”...

 

“Birinci sinifdən xarici dil keçilməsi də məqsədəuyğun deyil, bununla həm özümüzü, həm də uşaqları aldadırıq”...

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Bakı Şəhər Baş Təhsil İdarəsinin metodisti Şəhla Kərimova deyib.

 

Şəhla Kərimova liseylərin birinci sinfinə uşaqların imtahanla qəbulunun səbəblərindən danışıb: “Məktəblərdən fərqli olaraq liseylərdə daha dərin proqram tədris olunur. Hər şagird bu proqramın öhdəsindən gələ bilmir, buna görə də şagirdlərin liseylərə seçimlə götürülməsi daha uyğundur. Məsələn, elə valideyn var ki, rus dilində bilməyən uşağın rus dilində təhsil almasını istəyir. Bu zaman məktəb məcburdur ki, uşağın hazırlıq səviyyəsini öyrənsin. Liseylərdə ən çox məntiqə önəm verilir. Amma bəzən liseylərdə qəbul imtahanlarında çox çətin suallar qoyulur. Xüsusən də 6 yaşına çatmamış uşaqların bu sorğu-sualda problemləri yaranır, onlara çox çətin, çaşdırıcı suallar verirlər. Məsələn, bir ağ vərəqi Qara dənizə salsan, bu vərəq ağ, yoxsa qara olar? Əlbəttə ki, burda uşaq çaşar”.

 

Qonaq 6 yaşa qədər hazırlıqların da proqramlarının çətin olduğunu deyib: “Materiallar həqiqətən çətindir, uşaq bunu 2-ci, 3-cü sinifdə öyrənə bilər. Bəzən olur ki, uşaq sualı əzbər bilir, lakin başqa yanaşmadan soruşanda izahını edə bilmir. Bu baxımdan hazırlıqlarda yaş səviyyəsi nəzərə alınmalıdır. Uşağa təhsildə həvəs oyatmaq üçün onu başlanğıcdan yükləmək lazım deyil. Uşağa biliklərin mərhələli şəkildə verilməsi daha məqsədəuyğundur. Hazırlıq yaşında olan uşaq rəngləri, yaxud fiqurları seçə bilər. Məktəbəqədər hazırlıq dövründə bağça metodikasına xüsusi önəm vermək lazımdır. Əgər uşaq əlifbanı, oxumağı yaxşı bilirsə, məktəbə gəlib əlifbadan başlayanda artıq ona maraqsız olur. Onda əminlik yaranır, evdə hazırlaşanda da bir az səthi yanaşır. Bu bir müddətdən sonra bu, vərdiş halına çevrilir və proqram dərinləşəndə uşaq onu yerinə yetirə bilmir. Artıq ilin ortasında zəifləmə başlayır”.

 

Bölgələrdə məktəbəqədər hazırlığın istənilən səviyyədə olmadığını deyən BŞBTİ rəsmisi müəllimlərin hazırlıq səviyyəsindən də danışıb: “Bakıda uşaqların əksəriyyəti bağçalara gedir, getməyənlər də müəyyən kurslarda məşğul olurlar. Amma bölgələrimizi nəzərə almalıyıq, çünki təhsildə birtərəfli yox, balanslı inkişaf olmalıdır. Əgər liseylərdə dərinləşmiş proqramla dərs keçirlərsə, ümumi orta məktəblərimizdə isə sadə proqramla dərs keçirlər. Həmin proqramı bölgədəki bütün uşaqlar mənimsəməlidir. Dərsliklərdə də uşaqlar problemlərlə rastlaşırlar. Bunun əsas səbəbi bizdə sistemli işin getməməsidir. Müəllimlərə 10 günlük kurikulum kursu keçirik, bu müddətə proqramın tam mənimsənməsi real deyil. İlk növbədə ali məktəblərdən başlamaq lazımdır burada hökmən kurikulum proqramı ayrıca tədris olunmalıdır. Gənc kadrlar işə düzələndə imtahandan keçirlər, metodikadan imtahan verirlər, amma kurikulumu əzbərləyirlər. Praktika vaxtı da ənənəvi üsuldan istifadə edirlər, fəal təlimdən tədris etmirlər. Liseylərdə fəal təlimə daha çox üstünlük verilir, ona görə də valideynlər liseylərə üz tuturlar. Fəal təlim məntiqi inkişaf elətdirir, şagirdi fəallaşdırır, sərbəstlik yaradır, müsbət keyfiyyətlər aşılayır, müxtəlif bacarıqları formalaşdırır”.

 

Şəhla Kərimova 6 yaşı tamam olmayan uşaqların məktəbə getməsinə də aydınlıq gətirib: “İlk dövrdə məktəbə tez getmək heç bir problem yaratmır. Amma yuxarı siniflərdə problem yaranır. Biz çox vaxt oğlan uşaqlarını bir il tez məktəbə göndərmək istəyirik. Əgər uşağın qavrama qabiliyyəti yaxşıdırsa, bunu etmək olar. Amma bu, bütün uşaqlara şamil edilməməlidir. Uşağın beyni nə qədər material qəbul edirsə, onu öyrənə bilər. Biz onu artıq yükləsək, onda yorğunluq əmələ gələcək. Təhsil Nazirliyi tərəfindən 6 yaşı tamam olmamış uşaqlar arasında müsabiqə keçirilir, amma bu müsabiqədə qoyulan sualların çətinliyi problem yaradır. Sualların tərtibatında bir neçə mütəxəssis iştirak etməlidir. Məsələn, Türkiyədə dərsliklərin hazırlanmasında müəlliflərlə yanaşı, psixoloq, həkim də iştirak edir. Verilən materialın ağır olması gələcəkdə uşağın özündə də problemlər yarada bilər”.

 

Qonaq dərsliklərdə nöqsanların səbəbini belə izah edib: “Nəşriyyatlar dərsliklərin hazırlanmasında iştirak edirlər, dərsliklərin qiymətləndirilməsi Təhsil Nazirliyi tərəfindən aparılır, ekspertlər, daha sonra isə Təhsil Şurası qiymətləndirir. Dərsliklərin hazırlanmasında orta məktəb müəllimləri iştirak edirlər. Amma bir orta müəlliminin dərslik hazırlaması, mənim fikrimcə, düzgün deyil. Dərslikdə mütləq alim, professor öz sözünü deməlidir, məsləhət verməli, qrup şəklində işlənməlidir. Bizdə problem odur ki, qiymətləndirmə müddəti çox azdır, 10-15 gün ərzində dərsliyin qiymətləndirilməsi heç bir zaman effekt verə bilməz. Dünyada il ərzində qiymətləndirilir, sınaqdan keçirilir, sonra şuraya verilir”.

 

Hazırlıq zamanı əlifbanın öyrədilməsini doğru hesab etməyən Şəhla Kərimova ibtidai siniflərdə dərs yükü ilə bağlı fikirlərini söyləyib: “Bütün dünyada uşaqlarda şifahi nitqin inkişafına daha çox önəm verilir. Bizdə isə adicə bir təqdimat problemdir. Bizim müəlliflər xüsusən də ibtidai sinif dərsliklərində 15-20 çalışma salınır. Bu mütləq deyil ki, müəllim 45 dəqiqə ərzində bunların hamısını etsin. Təhsildə bərabər imkanların yaradılması üçün müəllim öz sinfinin səviyyəsinə uyğun seçim etməlidir. Ən önəmli şərt isə müəllim sinifdə etdirmədiyi tapşırığın yolunu bilmirsə evə verməməlidir. Əksər müəllimlərimiz IV-V sinfin məsələ-misalını həll edə bilmir. Birinci sinifdən xarici dil keçilməsi də məqsədəuyğun deyil. Bununla həm özümüzü, həm də uşaqları aldadırıq. Bütün dünya praktikasında belədir ki, uşaq öz ana dilini mükəmməl bildikdən sonra ikinci dil öyrənə bilər”.

Müəllif | Apa.Tv
Apa.tv